Yeni rezident əlaqələndirici: BMT-nin Azərbaycanla yüksəksəviyyəli əməkdaşlığı bundan sonra da davam edəcək
SİYASƏT

Yeni rezident əlaqələndirici: BMT-nin Azərbaycanla yüksəksəviyyəli əməkdaşlığı bundan sonra da davam edəcək

Avqustun 2-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb. Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. C.Bayramov rezident əlaqələndirici V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini deyib.

Vladanka Andreyeva ölkəmizin BMT ilə 30 ilə yaxındır mövcud olan yüksəksəviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminliyini bildirib. Ölkəmizlə bağlı ilkin təəssüratlarının çox yaxşı olduğunu bildirən rezident əlaqələndirici birgə səylərin siydavam edəcəyini və mövcud əməkdaşlığın konkret nəticələrinin əldə olunmasına diqqətin yönəldiləcəyini qeyd edib. V.Andreyeva ölkəmizin həm COVİD-19 pandemiyası ilə mübarizə apardığını, həm də münaqişədən sonrakı bərpa prosesi dövrünü yaşadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı dəstəkləməyə, heç kimin arxada buraxılmadığından əmin olmağa və daha yaxşı gələcək qurmağa hazır olduqlarını ifadə edib.

Nazir Ceyhun Bayramov ölkəmizin həm pandemiya ilə mübarizədə rolundan, bu xüsusda dövlət başçımız tərəfindən irəli sürülən qlobal təşəbbüslərdən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığından, həm də müstəqilliyinin ilk günlərindən üzləşdiyi təcavüz siyasəti və onun nəticələri, Ermənistanın davam edən hərbi təxribatları və ötən il həyata keçirilmiş cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, beləliklə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin edilməsi barədə qarşı tərəfə məlumat verib. Nazir, həmçinin BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığımızdan, o cümlədən ölkəmizə UNESCO və BMT QAK missiyalarının həyata keçirilməsi ilə bağlı tərəfimizdən razılığın ifadə olunmasından, ümumiyyətlə, Azərbaycanın hərbi əməliyyatların dayandırılmasından dərhal sonra humanitar sahədə atdığı addımlardan ətraflı şəkildə bəhs edib. İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. Lakin Ermənistan tərəfindən hələ də bu məsələlərdə qarşılığın verilmədiyi və beynəlxalq hüquqa zidd yanaşmanın nümayiş etdirildiyi təəssüflə vurğulanıb.

Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə “Dayanıqlı İnkişaf Məqsədləri-2030” gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC