Yeni milli hədəflərə doğru
SİYASƏT

Yeni milli hədəflərə doğru

30 illik müasir müstəqilliyimizin hər günü tərəqqimizin təməl daşı olmuşdur. Biz ali məqsədlər uğrunda mübarizəmizdən bir addım da olsun geriyə çəkilməmişik. Təəssüf ki, 90-cı illərin əvvəlləri, Sovetlər Birliyinin dağılmasının labüd olduğu zamanlarda bəzi qüvvələr müdrik xalqımızın azadlıq duyğusundan, hürriyyət arzusundan sui-istifadə edərək başımıza bir çox bəlaların gətirilməsinə səbəb olmuşlar. Ulu öndər Heydər Əliyevin Bakıdan Moskvaya dəvət olunması və 1987-ci ildə onun vəzifəsindən məqsədyönlü şəkildə uzaqlaşdırılması ilə xalqımızın sözün bütün mənalarında qara günləri başladı. Cəmi iki-üç il ərzində sosial-iqtisadi, ictimai-siyasi və hərbi problemlər dövlətimizi zəiflətmiş, torpaqlarımız işğal olunmuş, yüz minlərlə qaçqın və məcburi köçkün ölkənin müxtəlif ərazilərinə səpələnmişdir.

Möhkəm özüllər üzərində və könüllülük prinsipləri ilə qurulmayan Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan Ali Soveti böyük tərəddüdlərdən sonra Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin əvvəlində 20 Yanvar hadisələrinə Moskvada öz kəskin etirazını bildirmiş, Bakıya gəlmiş, lakin burda onu istəməyən oyunbaz, hakimiyyət hərislərinin əks münasibətini görərək Naxçıvana getməli olmuşdur. Bütün məhdudiyyətlərə rəğmən ümummilli lider Naxçıvanda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını qaldırmış, Naxçıvan SSR Muxtar Respublikası adından “SSR” sözünü götürmüşdür. Sovetlər Birliyinin hakimiyyətdə olduğu ən sərt zamanlarda ulu öndərin bu addımı Bakıda hələ də şübhə ilə qarşılanırdı. Mərkəz müstəqillik haqqında qərarı bir ilə yaxın gecikdirdi. Lakin sonda ölkə ictimaiyyətinin böyük təsiri, ziyalıların müdaxiləsi və ulu öndər faktoru nəticəsində 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin bərpa olunması ilə bağlı qərar qəbul olundu. Təəssüf ki, o qərarın özündə belə dəqiqlik yox idi. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edildi. Bu qərarı 1991-ci ildə verənlər özləri Prezident fərmanı ilə onu təsdiq etməyə sanki cəsarətləri çatmamışdı.

Son günlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkə parlamentinə təqdim etdiyi və qəbul olunmuş qanun layihəsinə edilmiş dəyişikliklə bağlı dövlət başçısına dəstək xarakterli müzakirələr aparılmaqdadır. 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın ilk növbədə müstəqilliyini dünyaya bəyan edib. Bu, müsəlman şərqində ilk demokratik respublika idi. Amma, eyni zamanda da Azərbaycan sözünün siyasi termin kimi istifadə olunduğu ilk müstəqil dövlətimizdir. Biz Cümhuriyyətçi babalarımızın 103 illik müstəqillik mirasına sahib çıxaraq, onu tarixi torpaqlarının üzərində bərpa edərək dövlətçiliyimizi davam etdiririk. Belə olduğu təqdirdə, Azərbaycan adında bir siyasi quruluşun 103 yaşı var ikən biz nə üçün cəmi 30 illik tarixə əsaslanmalıyıq. Hətta 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Bütün bu faktların əsasında biz dövlətçilik ənənələrimizin tarixini mühafizə və müdafiə edərək öz keçmişimizə sahib çıxmalıyıq. Bu qədər güclü arqumentlərlə razılaşmayanlar və 18 oktyabr tarixini müstəqillik günü kimi qəbul edənlər özləri də məsələnin mahiyyətinə varmadan 103 illik müstəqillik tariximizi otuz ilə endirərək xalqımızın şanlı keçmişini yox sayırlar.

Bu məsələnin məhz cənab Prezident tərəfindən qaldırılması, eyni zamanda daxilimizdə olan bu mənfur ünsürlərə verilmiş ən gözəl cavabdır. Özlərinin dağıdıcı missiyaları sayəsində ulu öndər Heydər Əliyevə qədər hakimiyyəti paylaşan bu qüvvələr 18 oktyabrın bayram günü kimi qeyd olunmadığını iddia edirdilər. Qəbul olunmuş yeni qanunla artıq biz hər iki tarixi hadisəni bayram kimi qeyd edəcəyik.

Bildiyiniz kimi, respublika idarəetmə formasıdır. Dünyada elə tarixi dövlətçilik ənənələri, demokratiyanın, insan hüquqları və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu dövlətlər vardır ki, onların idarə olunması respublika deyildir. Belə olan məqamda bir neçə sual meydana çıxır. İndi həmin dövlətlərin müstəqillik günü olmamalıdırmı və yaxud yoxdurmu? Əlbəttə, var. Xüsusi qeyd etməliyəm ki, dünya xəritəsində olan dövlətlər öz müstəqillik tarixləri və onun qədimliyi ilə fəxr edirlər. Müstəqilliyimizin bərpa edilməsindən sonra əsasən də, son 27 il ərzində sözün bütün mənalarında azad dövlət yarada bilmişik. Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət yaratmaq mövcud olduğumuz regionda asan məsələ deyildir. Çox qısa zamanda həm dövləti, həm ordunu həm də cəmiyyəti formalaşdırmaq və Qarabağ kimi çətin və taleyüklü məsələni birdəfəlik həll etmək tarixi missiyadır. Bu missiyanın əsasını ulu öndər Heydər Əliyev qoymuşdursa, onu ləyaqətlə məhz cənab Prezident İlham Əliyev tamamlaya bilmişdir. 30 illik müstəqilliyimizin ən böyük töhfələrindən biri də məhz milli şüurun və özünüdərkin formalaşdırılması olmuşdur. Əsrlər boyu qonşu imperiyaların təsiri ilə unudulmuş milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasını bacarmaq ancaq müdrik xalqlara mənsub bir əlamətdir.

Bu gün nəinki, 30 il əvvəl qarşımıza qoyduğumuz hədəflərə çatdıq, hətta xəyal belə hesab etdiyimiz uğurlar əldə etdik. Müasir müstəqilliyimizin yubileyini qeyd etdiyimiz bu günlərdə milli maraqlarımızın fövqündə yeni ümummilli hədəflərimiz meydana çıxmışdır. İndi bizim Zəngəzur kimi böyük bir xəyalımızın reallaşması labüddür. İşğaldan azad olunmuş torpaqlara və tarixi Azərbaycan ərazilərinə əhalinin geri qaytarılması və onların ləyaqətli həyatlarının təminatı qarşımızda duran əsas məqsədimiz olmalıdır. 5-ci nəsil silahlarla müharibə aparan ordumuzu, gənclərin vətənpərvər ruhda təlim-tərbiyəsini, iqtisadi azadlığımızın siyasi azadlığımız və suverenliyimizin təminatı olduğunu nəzərə alaraq iqtisadiyyatımızı daha da gücləndirməliyik. Bunlar hamısı dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi milli hədəflərdə öz əksini tapmışdır. Milli hədəflərimizin həyata keçirilməsi uğrunda dilindən, dinindən, siyasi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı birləşməlidir. Xalq olaraq dəmir yumruğun ətrafında birləşmək gələcəyə atılmış ən uğurlu addımdır.

Müstəqilliyimizin bərpasının 30-cu ildönümüdür. Biz müdrik xalq kimi şanlı tarixə malik olmuşuq. Lakin heç vaxt builki kimi ölkəmizdə bayram bayrama qarışmamışdır. Vətən müharibəsində əldə etdiyimiz mötəbər qələbədən sonra biz bütün xüsusi günləri ləyaqətlə və qalib xalq kimi qeyd edir və edəcəyik. Cari il bir çox əlamətdar hadisə ilə yadda qalacaq. Biz, həm şəhidlərin anım günlərini, həm işğaldan azad olmuş rayon, şəhər, kəndlərin azadlıqlarının, həm də şanlı qələbəmizin birinci ildönümünü qeyd edəcəyik.

Bu il əlamətdar günlərdən birini daha təmtəraqlı keçiririk. Bu, Dövlət Müstəqilliyinin Bərpası Günüdür. Bildiyimiz kimi bu günə qədər 18 oktyabr tarixi Dövlət Müstəqilliyi Günü, 28 may isə Respublika Günü kimi qeyd edilirdi. Lakin indi xalq olaraq elə bir tarixi anlara şahidlik edirik ki, mütləq hər bir məqama xüsusi diqqət etməli, hər günün, hər anın qədrini bilməli və hər bir yaşadığımız hadisəni öz tarixi adı ilə adlandırmalıyıq. Müstəqilliyimizin Bərpası Gününü ilk dəfə əzəmətlə qeyd edəcəyik. Parlamentə cənab Prezident tərəfindən təqdim edilmiş qanun layihəsinə nəzər yetirərkən məqsədin tarixə ehtiram olduğunu görürük.

28 May - Respublika Gününün Müstəqillik, 18 Oktyabr - Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir. Bugünkü reallıqlar və əldə etdiyimiz rəşadətli zəfər bu bayramların adlarının da doğru yazılmasını tələb edir. Milli Məclis öz tarixi missiyasını tam mənada yerinə yetirərək siyasi mənsubiyyətindən asılı olmayaraq bütün millət vəkilləri tərəfindən qanun qəbul edildi.

44 günlük şanlı zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaq. Vətən müharibəsində qalib gəlməklə biz, ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Müstəqilliyin bərpasının 30 illik yubileyini qeyd etdiyimiz bu günlərdə dövlət başçısı Prezident cənab İlham Əliyev, rəşadətli ordumuz və canlarını vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı zəfər tariximiz bizim qürur mənbəyimizdir. Cənab Prezidentin də xüsusi vurğuladığı kimi, Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz!

Vüqar SEYİDOV,

Yeni Azərbaycan Partiyası Suraxanı

rayon təşkilatının sədri.