XİN: Terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb
SİYASƏT

XİN: Terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb

Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib: "Biz 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb.

Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 min nəfərdən artıq şəxsi heyətə malik Orduya sahib olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.

Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmayıb.

Antiazərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İrana məxsus yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir.

Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib".

AZƏRTAC