Vətən sizə əmanətdir!..
SİYASƏT

Vətən sizə əmanətdir!..

Dünyaya göz açıb, həyata ilk addımlarını atdığın, qoynunda boy atıb böyüdüyün torpaqdır Vətən. Çörəyini yeyib, suyunu içdiyin, havasını udduğun, sənə sahib çıxan bir məmləkətin çətin, ağır günündə güvəndiyi, arxalandığı isə sənsən, mənəm, bizik. Vətənin başının üstünü qara buludlar alanda bir yumruq tək birləşib ayağa qalxmaq, silaha sarılmaq kimi içdən gələn duyğu bir həqiqəti anladır bizə: Bu Vətənə bir can borcumuz var! Ən yaxın tariximizin acılarla dolu 30 illik işğal dövrü, qürur, sevinc gətirən 44 günlük müharibə bir də bunu anlatdı: Bu Vətən üçün döyüşməyə, onun uğrunda öldürməyə, ölməyə belə hazırıq, qadirik...

Şərəfli döyüş yolu keçmiş qəhrəmanımın düşüncələridir bu, elə mən də şərikəm. Hə, bir də bundan sonra yazılarımızın baş qəhrəmanı elə sizdən gələcək, Vətən oğulları!

Sovet dövründə uzun illər imperiyanın buxovları arasında sıxıldıqca, əlimiz, qolumuz bağlandıqca, sovet ideologiyasının milli ruhumuza, mənəviyyatımıza yad şüarlarından təngə gəlib azadlığa daha çox meyillənir, bəzən onu arzu, xəyal da hesab edirdik. Ancaq tarixin təkrarlandığını da yaxşı bilirdik. Kim bilir, bir kərə qazandığımız müstəqilliyə, bəlkə bir də qovuşa bildik, düşüncələri ilə yaşayırdıq. 1991-ci il oktyabrın 18-də imzalanan Müstəqillik Aktı bu arzuları gerçəkləşdirdi. İndi onun üstündən 30 il keçir. Müstəqilliyimizin otuzuncu ilini 30 illik işğala, zülmə son qoyan qalib xalq kimi qeyd etmək isə ikiqat sevincdir.

Bu yazıya belə ruhda başlamağım kimlərəsə qəribə görünə bilər, ancaq həmsöhbətimin müstəqilliyimizin yaşıdı olması, istər-istəməz məni onun doğulduğu illərə çəkib apardı, o dövrün siyasi mənzərəsi, azadlığın bizə gətirdiyi “sürprizlər”, başımıza gələn müsibətlər göz önünə gəldi... Bütün bunları isə o da yaşıdları kimi böyüklərdən eşitmiş, dərsliklərdən, kitablardan öyrənmişdi. Qərbi Azərbaycandan soydaşlarımızın öz yurd-yuvasından qovulması, doğma vətənində qaçqına, məcburi köçkünə dönməsi, ermənilərin törətdikləri vəhşiliklər, bəşəri cinayət Xocalı faciəsi... onun uşaq qəlbini elə göynədirdi ki... Birinci Qarabağ savaşının qəhrəmanlarının adlarını bir-bir yaddaşına yazıb: “Kaş ki, o vaxtlar mən də olsaydım, mən də vuruşsaydım, bax, onda düşmən görərdi” –deyə uşaq ağlı ilə düşünürdü. Aprel döyüşləri, Tovuz hadisələrində itkilərimiz, xüsusilə də general-mayor Polad Həşimov və digər rütbəli zabitlərimizin ölümü onu çox sarsıtmışdı. Hətta bir dəfə atası ilə söhbətində: “Ata, bilirsən, hərdən qəribə hisslər keçirirəm. Kaş ki, Aprel, Tovuz döyüşlərində mən də döyüşə bilsəydim, deyə təəssüflənirəm...” Birinci Qarabağ döyüşlərinin iştirakçısı Namiq müəllim isə gülümsəyərək: “Qismətində varsa sən də döyüşəcəksən, Vətən səsləsə sən də gedəcəksən, lap mən də” –deyərək oğlunu bir az da cəsarətləndirmişdi. Və o gün gəldi...

Eyvazzadə İsa Namiq oğlu 1991-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1997-ci ilə qədər orada yaşayıb. Həmin il atasının işi ilə əlaqədar Lənkəran rayonuna köçüb, 1997-1999-cu illərdə burada yaşayıb, orta məktəbə də Lənkəran şəhərində gedib. 1999-cu ildə ailəlikcə Bakıya köçüblər və İsa orta təhsilini Sabunçu rayonundakı 96 saylı orta məktəbdə başa vurub. 2010-cu ildə Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinə qəbul olunub, 2014-cü ildə memarlıq ixtisası üzrə buranı bitirib. Naxçıvandakı N saylı hərbi hissədə 1 il əsgəri xidmətdə olan İsa tərxis olunduqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava  Limanında əmək fəaliyyətinə başlayıb. Bir müddət burada işləyib və sonra Ədliyyə Nazirliyinin strukturunda əmək fəaliyyətini davam etdirib. Hazırda mühəndis texniki istehsalat şöbəsinin eksperti vəzifəsində çalışır, III dərəcəli ədliyyə qulluqçusudur.

İsanın döyüş yolu Füzulidən başlayır. 2020-ci il sentyabrın 27-də Bakıdan Beyləqan rayonuna yola düşən dəstə burada cəmləşmə rayonunda bir neçə gün təlim keçib döyüşə hazır vəziyyətə gətirildi. Sentyabrın 30-da döyüşə girmək haqqında komanda gəldi. Döyüş başladı...  Bu nə yuxu idi, nə də kino, real həqiqət idi, atəş səslərindən, uğultudan qulaq tutulur, göydən yağış kimi səpələnən güllə, mərmi qəlpələri altında müvafiq mövqe seçib düşmənə əks-həmlə endirilirdi. Döyüşlər Füzuli istiqamətində getsə də onları qrup şəklində başqa-başqa yerlərə “atır”, qüvvəyə ehtiyac duyulan mövqelərə təyin edirdilər. İsa tank briqadasına  ehtiyat sürücü kimi qəbul edilsə  də, sıravi əsgərlər, piyadalarla birgə, yanaşı döyüşlərin önündə olurdu. İsa deyir: “Müharibə, döyüş nə qədər dəhşətli görünsə də mən və mənim yoldaşlarımda zərrə qədər də qorxu hissi  yox idi. Düşməndən qisas, intiqam almaq hissi bütün həyəcanımızı yox etmişdi, şüurlu şəkildə düşünür, bizə verilən komandanı yerinə yetirirdik. Bizimlə birgə döyüşən, bizdən yaşca kiçik olan uşaqların cəsarəti, hünəri hər kəsə sirayət edirdi. Əsgəri xidmətini başa vurub döyüşlər üçün qalan o yeniyetmələr əsl qəhrəmanlıq dastanı yazırdılar, biz də onlardan geri qalmamağa çalışırdıq.  Qarşıda  30 ildən bəri düşmən tapdağı altında inləyən Vətən torpaqları bizi gözləyirdi...”

Bəli, bax, beləcə Vətən oğulları sözün  həqiqi  mənasında salnamə yazırdılar. Addım-addım irəliləyib azad etdikləri əraziyə üçrəngli bayrağımızı sancdıqca bizi  qələbəyə bir az da yaxınlaşdırırdılar.

Noyabrın 2-si idi. Hadrutda gedən döyüşlərə ara vermək əmri gəldi. Şuşa uğrunda qızğın döyüşlərin getdiyini bilirdilər, quraşdırdıqları kiçik radiocihaz vasitəsilə xəbərləri, Prezident, Ali Baş Komandanın çıxışlarını dinləyə bilirdilər hərdən. Onları ya Ağdam, ya da Şuşa istiqamətində döyüşlərə cəlb etmək ehtimalı çox idi. Bir neçə gün gözləmə, müdafiə mövqeyində durmaq əsgərlərimizi heç də qane etmirdi, irəli getmək istəyirdilər. Noyabrın 8-i təkcə onlar üçün deyil, bütün ordumuz üçün də dönüş nöqtəsi oldu. Alınmaz qala Şuşa fəth edilmişdi. Ali Baş Komandanın xalqa müraciətində verdiyi bu xoş xəbər yoldaşları kimi İsanı da çox sevindirmişdi: “Hansı hissləri keçirirdin?”-sualına cavabı qısa oldu: “Sözlə ifadə etməyə çətinlik çəkirəm, onu yaşamaq gərəkdi...”-dedi. Doğrudan da, müharibənin bitməsi, qələbə xəbərini döyüş meydanlarından uzaqda qarşılamaqla, düşmənlə göz-gözə dayanıb qarşılamağın fərqi böyükdür. Axı, sənin lap yaxınlığında dayanan düşmənə: “Biz qalib gəldik,  qələbə bizimdir” deyə bağırıb, qışqırıb sevinməyin öz ləzzəti vardı... Və İsa 44 gün ərzində birlikdə döyüşdüyü, sıraları getdikcə azalan bölmənin əvəzolumaz komandirləri ilə birgə qələbə sevincini yaşadığı üçün  xoşbəxt idi o an: “44 günün hər biri kədər, sevinc qarışıq günlər oldu. Bir qədər irəliləyib, hansısa kəndi, qəsəbəni azad edib sevinir, itirdiyimiz yoldaşlarımıza görə kədərlənir, qüssələnirdik. Müharibənin qanunu budur. Mən bu gün döyüşlərdən sağ-salamat çıxdığım üçün Tanrıma minnətdaram, deməli, bu, mənim alın yazım idi. Burada komandirlərimizin də haqqı, əməyi böyükdür. Rəhim Mehtiyev bizim tabor komandirimiz idi. Onun döyüşlərdəki şücaəti, qəhrəmanlığı, tabeliyində olan 180 nəfər şəxsi heyətə qarşı münasibəti həm digər komandirlərimizi, həm də biz əsgərləri cəsarətləndirir, qorxusuz edirdi. 2014-2015-ci illərdə Naxçıvanda 1 illik əsgərlik dövrümdə Qubadlıdan olan bir komandirimiz var idi: Vüqar Ağayev öz doğma ata-baba yurdunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Valeh Məmiyev bölmə komandiri idi, tabeliyində olan şəxsi heyətə uğurla rəhbərlik edirdi. Son tikəsini belə tabeliyində olan əsgərləri ilə bölüşürdü. Keçən ilin may ayında Türkiyə silahlı qüvvələri ilə birgə keçirilən təlimlərdə Türkiyənin müdafiə naziri Hulusi Akar onun fəaliyyətini yüksək qiymətləndirmişdi. Dekabrın 30-da Bakıya gələn nazir onun ailəsi ilə görüşmüş şəhid komandirin doğmalarına başsağlığı vermişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!..”

44 günlük şərəfli döyüş yolu keçən İsanı təəssüfləndirən daha bir şey var: Şuşa uğrunda gedən döyüşlərdə iştirak edə bilməmək. Bizim üçün isə heç bir fərqi yoxdur. Vətən müharibəsinin hər bir iştirakçısı ilə qürur duyuruq. Dəfələrlə ölümlə üzləşən İsa indi həyatın mənasını daha yaxşı başa düşür: “Ölümlə üz-üzə dayandığın anlarda sənə doğma, yaxın olanları düşünürsən, onlara sevgin bir az da artır. İndi yaşadığın hər günün qədrini daha yaxşı bilir, bu günün işini sabaha qoymamağa çalışırsan. Həyat gözündə şirinləşir”.

Gələcək arzularını da soruşdum: “Sağlıq olsun, ikinci--hüquq təhsili almağı planlaşdırıram, işimdə irəli getmək istəyirəm, yerimdə saymaq istəmirəm. Bunun üçün üzərimdə çox çalışmalıyam. Şərəflə döyüşdüyüm üçün qürurluyam, ancaq özümü bu Vətənə hələ çox borclu bilirəm. Vətənimə, xalqıma layiq övlad,  Prezidentimiz, Ali Baş Komandana layiq vətəndaş-əsgər olmağa çalışacağam. Axı, hansı sahədə çalışıb-çalışmamağımızdan asılı olmayaraq, hər birimiz bu ölkənin əsgəriyik, hər sahədə Vətənə xidmət etmək şərəfdir. Vətən üçün döyüşdük, onun üçün də yaşayıb, qurub-yaratmalıyıq, hara səsləsə getməyə hazıram. Düşmənin xarabalığa çevirdiyi gözəl Qarabağımızı cənnət bir məkana çevirmək missiyasında iştirak etməkdən də qürur duyuram. Təki Vətən səsləsin!..”

Hazır ol əsgər, Vətənin hər çağırışına hazır ol, çünki Vətən sizə əmanətdir!..

Zümrüd QURBANQIZI,

“Respublika”.