Vətən müharibəsi – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
SİYASƏT

Vətən müharibəsi – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Erməni millətçilərinin  türk dünyasına və müsəlman xalqlarına qarşı apardığı düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Öz havadarlarının qoltuğuna sığınaraq yaşadıqları dövlətlərin ərazilərində satqınlıq və ikiüzlülük mövqeyi ilə seçilən bu xalq daim torpaq iddiasında olmuş, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşamışdır. Tarix boyu heç bir zaman dövləti və dövlətçiliyi olmayan bu etnik qrup öz çirkin niyyətlərinin müəyyən bir qisminə də nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində hər zaman qeyd edir ki, İrəvan, Zəngəzur, Göyçə mahalı və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası əzəli Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.

Ermənilər vaxtilə İrandan, Suriyadan və digər ölkələrdən Azərbaycanın ən səfalı yerlərinə, o cümlədən Qarabağa, Zəngəzura, İrəvana, Göyçə mahalına köçürülmüş və azərbaycanlılara qarşı qırğın və talanlara əl atmışlar. 1905, 1918, 1948-1953-cü illərdə milli zəmində azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin tərkib hissəsi və davamı olaraq, işğal edilən ərazilərimizdən qovulan həmvətənlərimiz qəddar siyasətin qurbanları olmuşlar. Yüzlərlə qadın, uşaq, qoca xüsusi amansızlıqla qətlə yetirilmiş, ailələr məhv edilmişdir. Mənfur qonşularımızın tarixi ərazilərimizdə - Bakıda, Qubada, Şamaxıda, İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Lənkəranda, Qarabağda həyata keçirdiyi soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.  Ulu öndər SSRİ-nin ali rəhbərliyində təmsil olunduğu müddətdə son dərəcə gərgin iş rejiminə baxmayaraq, daima Azərbaycan haqqında hesabatlarla maraqlanmış və hər zaman azərbaycanlılar barədə düşünmüş, xalqımızın mənafeyini qorumuşdur. Məhz buna görə də xalqımızın “qara günlər”i ulu öndərin vəzifədən getməsindən sonra başladı. Bildiyimiz kimi, Qorbaçovun erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlişi onda ermənilərə qarşı xüsusi “məhəbbət” yaratmışdı. Ermənilər hələ o dövrdən öz mənfur planlarını həyata keçirməyə başladılar. Şübhəsiz ki, “satqın” Qorbaçov ermənilərin Azərbaycana qarşı olan ərazi iddialarına və get-gedə qızışan münaqişə qığılcımlarına məqsədyönlü şəkildə göz yumurdu.  O, Dağlıq Qarabağ Muxtar Vilayətində nizam-intizam yaratmaq əvəzinə ona xüsusi idarəçilik statusu verməklə bugünkü mövcud münaqişənin əsasını qoydu.

1988-ci ildən başlayaraq erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir.  Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçmişdir.

            Ermənistanın hərbi təcavüzü, eyni zamanda Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoydu. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu öndər belə nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi idi ki, ulu öndər bunlara nail oldu.

İşğaldan sonra beynəlxalq təşkilatlar BMT, ATƏT kimi mötəbər qurumlar işğalçı dövlət barəsində qətnamə və qərarlar qəbul etsə də, təəssüf ki, onlar icra edilmədi. Ölkəmizin rəhbərliyi münaqişənin sülh variantı ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq qarşı tərəf beynəlxalq hüquqla tanınan ərazilərimizi azad etməyi düşünmədi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlar da təcavüzkara təsir etmək iqtidarında olmadı.

Cənab İlham Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi infrastrukturu bütövlükdə yenidən quruldu, beynəlxalq nüfuzu xeyli gücləndi. Azərbaycan böyük enerji və nəqliyyat qovşağına çevrildi. Beynəlxalq reytinqlərə əsasən, respublikamız bir sıra sahələr üzrə dünyada öncül yerləri tutmuşdur. Uğurla­rımız hər il bir neçə dəfə beynəlxalq səviyyədə dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən təsdiq olunaraq yüksək qiymətləndirilmişdir. 2003-cü ildə cənab İlham Əliyevin səsləndirdiyi “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” sözləri hər yöndən özünü doğrultmuşdur. Bu fikirlər sonrakı mərhələlərdə də  öz təsdiqini konkret əməllərdə tapmışdır. Ulu öndər Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafına böyük töhfə vermişdir. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda dəfələrlə şahidi olmuşlar. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirmiş, müasir döyüş imkanlarını uğurla mənimsəmişdir. 44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq növbəti təxribatı törətdi. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi və  öz gücünü bütün dünyaya göstərdi. Aprel döyüşləri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin əsas səbəbi olduğunu və münaqişənin siyasi həllinə başlıca maneə kimi qaldığını beynəlxalq ictimaiyyətə növbəti dəfə nümayiş etdirdi.

Beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, güzəştli təkliflərlə razılaşmayan, məsələnin həll yolunu fikirləşmək əvəzinə sonda “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan sanki beynəlxalq qurumlara meydan oxumağa çalışdı. Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyev  xalqa müraciət edərək, Ermənistanın cəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyini və nəticədə həm hərbi qulluqçularımız, həm də mülki vətəndaşlarımız arasında itkilərimizin olduğunu bildirdi. Beynəlxalq qanunlarla, BMT TŞ qətnamələri ilə əsaslandırılmış haqlı və ədalətli mövqeyinə arxalanaraq Azərbaycan işğalçı düşmənə qarşı Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli ordunun döyüş taktikası və yenilməz şücaəti sayəsində düşməni ərazilərimizdən qovub çıxararaq torpaqlarımızı geri qaytardı. Ermənistanın baş naziri Paşinyan müharibənin ilk günlərindən Rəşadətli Azərbaycan Ordusunun və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qarşısında tab gətirə bilməyəcəyini nəhayət ki, anladı. Ayrı-ayrı ölkələrin rəhbərlərini dini, milli və digər həssas zəminlərdə uydurma təxribatlarla Azərbaycana qarşı qızışdırmağa cəhd etməklə, yalvarıb onlardan hərbi kömək diləndi. Lakin artıq haqqın, ədalətin Azərbaycan tərəfində olduğu barədə məlumatlı olan müvafiq ölkələrin rəhbərləri onun bu dilənçiliyinin milli mentalitetlərinə uyğun təxribatlar olduğunu başa düşürdülər . Bundan sonra müharibə gedən ərazilərdən uzaq məsafədə yerləşən, dinc insanlarımızın sıx yaşadığı Gəncə, Bərdə, Ağcabədi, Xızı, Tərtər və digər şəhərləri əksər hallarda qəsdən gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu. Geniş miqyasda dağıntılar, habelə, qoca, qadın, azyaşlı uşaqlar da daxil olmaqla dinc insanların, bir sıra hallarda ailələrin faciəsi ilə nəticələnən təxribatlar törətməkdən belə çəkinmədilər.

Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyalardan istifadə olunan əks-hücum əməliyyatlarında Rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. “Dəmir yumruq” əməliyyatında məğlub olan Ermənistan, baş naziri Paşinyanın simasında Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə təslim bəyanatını imzalayaraq Azərbaycan Prezidentinin qarşısında diz çökdü, qalan üç rayonu və ətraf əraziləri qısa müddət ərzində könüllü olaraq Azərbaycana təhvil vermək barədə öhdəlik götürdü.

Vətən müharibəsində ölkəmizin qələbəsi bir neçə tərəfdən öz möhtəşəmliyi ilə tarixi əhəmiyyət daşıyır. Əsas məsələlərdən biri odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən həmvətənlərimiz artıq məcburi köçkün deyillər. Bu, həqiqətdir ki, yurd ağrısı ilə yaşayan köçkünlərimiz hər zaman bu ifadədən xilas olmaq istəyiblər və müzəffər Ali Baş Komandan İlham Əliyev onların bu arzusunun həyata keçməsini təmin etdi. Qələbənin digər mühüm tərəfi ondan ibarətdir ki, bütün dünya Azərbaycanın gücünə və Ermənistanın rəzil duruma salınmasına şahidlik etdi. Cənab İlham Əliyevin şərtlərini qəbul edərək məğlubiyyət aktına imza atan baş nazir N.Paşinyan Ermənistanın və bütün erməni xalqının tarixinin ən biabırçı səhifəsini yazdı. Bu qələbənin əsas mühüm tərəfi Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini Zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir.

10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanması ilə Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu səfərlər bir daha göstərir ki, əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır. 15 iyun Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi bir daha Azərbaycan-Türkiyə dostluğunu bütün dünyaya göstərdi. Vətən müharibəsi başlandığı gündən bugünədək Azərbaycanın yanında olduğunu göstərən qardaş Türkiyə Qarabağın bərpası işlərində də dəstəyini göstərir.

Azərbaycanın tarixi-mədəni, dini irsinin çox böyük bir hissəsi Qarabağın payına düşür. İşğaldan azad edilən Qarabağda və ətraf rayonlarda minlərlə maddi-mədəni, dini irs nümunəmiz var ki, onların da çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb, müqəddəs and yerlərimiz, inanc ünvanlarımız düşmən tərəfindən murdarlanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun müstəsna igidliyi nəticəsində artıq torpaqlarımız işğaldan azad edilib və 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur layihələr həyata keçirilir, şəhərlərimiz yenidən qurulur.  Qarabağımızda bərpa və quruculuq işləri yüksək texnologiyalar ilə reallaşır, “ağıllı” şəhər və kəndlər, yeni hava limanları, tarixi abidələrin bərpası,  yol infrastrukturunun yaradılması, enerji təminatı ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa regionun ən gözəl bölgəsinə çevrilməkdədir.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli «Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında» Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alınmışdır.  Ölkə başçısı bu Sərəncamda bildirmişdir:

“Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir... Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Bu məqsədlə cənab Prezidentin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür. Bu gün şəhid ailələrinə və qazilərə göstərilən qayğı və ehtiramın dövlətin prioritet vəzifəsi olduğunun şahidiyik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul edilən qərarlar bu vacib məsələyə son dərəcə ciddi münasibət göstərildiyini bir daha təsdiq edir.

Cənab İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli qərarı ilə Pirallahı rayonunun yaradılması Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafının təmin  edilməsi, sakinlərin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Yeni rayon yarandığı gündən burada  abadlıq, tikinti-quruculuq işləri həyata keçirilmiş, ölkəmiqyaslı layihələr gerçəkləşdirilmiş, o cümlədən rayon mərkəzində şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə “Vətən uğrunda abidə kompleksi”  inşa edilmişdir .

44 günlük Vətən müharibəsində onlarla Pirallahı gənci də qəhrəmanlıqla döyüşmüş, adlarını Vətən tarixinə qızıl hərflərlə yazmışlar.  Rayonumuz Vətən Müharibəsində 2, Aprel döyüşlərində 1, Birinci Qarabağ müharibəsində və atəşkəs dövründə 41 nəfər  şəhid vermişdir. Pirallahıda şəhid ailələrinin, qazilərin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və sağlamlıqları ilə bağlı problemlərin həllinə köməklik göstərmək üçün daimi səy göstərilir. Rayonumuzda əlamətdar günlərdə şəhid, Vətən müharibəsi iştirakçıları, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan ailələr daim diqqətdə saxlanılır və onlar Heydər Əliyev Fondu, YAŞAT Fondu, Rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən daim maddi yardımlarla təmin olunurlar.  Vətən müharibəsi zamanı əlilliyi müəyyən edilmiş 3 şəxs və 2 şəhid ailəsi rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Onlardan əlilliyi müəyyən edilmiş 3 şəxs və 1 şəhid ailəsi yaşayış sahəsi ilə təmin edilmişdir. Vətən müharibəsi iştirakçılarından ümumilikdə 55 nəfər Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Sentyabrın 27-də Pirallahı rayonunda Anım Günü ilə əlaqədar  adını xalqımızın qəhrəmanlıq salnaməsinə yazmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət olunacaq və ağacəkmə aksiyası keçiriləcək.

Vasif  İMANOV,

 Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı.