TARİXİ ZƏFƏR DAVAMLI İNKİŞAFI STİMULLAŞDIRIR
SİYASƏT

TARİXİ ZƏFƏR DAVAMLI İNKİŞAFI STİMULLAŞDIRIR

Postmüharibə reallıqları qəbul edilməli, regionumuz sülh və inkişaf bölgəsinə çevrilməlidir

“Təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

İkinci Qarabağ müharibəsinin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin Müzəffər Ali Baş Komandanın özündən öyrənilməsi dünyanın aparıcı media qurumları üçün prioritet təşkil edir.

Tarixi 8 Noyabr Qələbəmizdən sonra dövlət başçısı cənab İlham Əliyevin xarici mətbuat nümayəndələrinə verdiyi hər bir müsahibəsini 44 günlük Vətən müharibəsi zamanı verdiyi müsahibələrlə müqayisəli şəkildə təhlil etdikdə aydın olur ki, Müzəffər Ali Baş Komandanın hər bir sözündə 30 illik işğal dövrünün gerçəkləri yer alır. Eyni zamanda, artıq tarixin keçmişinə çevrilən Dağlıq Qarabağ münaqişəsindən deyil, çağdaş dövrümüzün, indiki zəmanəmizin tələblərinə uyğun olaraq aktuallıq kəsb edən məsələlərdən, ən başlıcası isə sülh müqaviləsinin imzalanması ilə regionda sabitliyin, təhlükəsizliyin yaradılması vacibliyindən bəhs olunur. Cənab Prezidentin 2020-ci ilin noyabr ayında İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində yer alan məsələlər bu il oktyabrın əvvəlindəki yeni müsahibəsində postmünaqişə dövrünün reallıqlarına uyğun qarşıya qoyulan və yerinə yetirilməkdə olan vəzifələrlə əvəzlənib. Bir daha qeyd olunub ki, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır.

 

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün müharibə bitəndən sonra birinci dəfə keçirilməsi, Azərbaycanın sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olması və qarşı tərəfdən xeyli müddətdir ki, buna cavab gəlməməsi haqqında danışan cənab Prezident qeyd etmişdir ki, mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır: “Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib”.

Postmüharibə dövrünün gerçəkliyi bundan ibarətdir ki, münaqişəni Zəfərlə başa vurmuş, işğalçı Ermənistanın hərbi birləşmələrini öz doğma torpaqlarından qovaraq darmadağın etmiş Azərbaycan bu gün diktə edən tərəfdir. Dövlətimiz regionda sülhün, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsinə səy göstərməklə yanaşı, işğalçı dövlətdən də 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının icrasını tələb edir.

Azərbaycan Prezidenti bir daha öz qəti mövqeyini bildirmişdir ki, münaqişə öz həllini tapdıqdan sonra artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində dövlət başçısı tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.

Həmçinin, ölkə başçısı yerli və xarici media nümayəndələri üçün təşkil olunmuş çoxsaylı mətbuat konfranslarında da dəfələrlə aydın şəkildə bildirmişdir ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət zonasında - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Azərbaycan dövləti milliyyətindən asılı olmayaraq, öz vətəndaşlarının qayğısındadır. 10 noyabr tarixində imzalanmış bəyanatda da bir daha qeyd olunur ki, Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə hər bir erməni ailəsi yenə də Azərbaycan torpaqlarında yaşaya bilər.

Prezident İlham Əliyev müsahibəsində Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələri məsələsindən də danışıb: “İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin” - deyə dövlətimizin başçısı xüsusilə vurğulayıb.

Bu gün tamamilə aydındır ki, indiki həssas dövrdə iki mühüm məsələ dünyanın diqqətində olmalıdır. Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya tərəfindən artıq qəbul edilməsidir. Dövlət başçımız sözügedən müsahibədə jurnalistin yeni güc nisbətinin yaradılması ilə bağlı sualını cavablandırarkən qeyd etmişdir ki, Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Müharibə zamanı Türkiyə başlanğıcdan Azərbaycana dəstək verdi. İndi isə müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini həyata keçirirlər. Artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansının hələ xeyli müddət əvvəl dəyişdiyini qeyd edən dövlət başçısı vurğulamışdır ki, həm biz özümüzün, həm də Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi.

Bununla yanaşı, diqqəti bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşünə yönəldən dövlət başçısı vurğulayır ki, hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk: “Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

Müsahibədə diqqətçəkən məqamlardan daha biri mülki əhalinin işğaldan azad edilmiş ərazilərə nə zaman qayıdacağı ilə bağlı idi: “Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik” - deyə bildirən dövlət başçısı yenə də bu işdə əsas rəqibimizin zaman olduğunu vurğulayıb. Ölkə Prezidenti ərazilərin minalardan təmizlənməsi prosesinə diqqəti yönəldərək bərpa və quruculuq işlərində bu məsələnin önəmini xüsusi diqqətə çatdırıb. Bu fakt da bir daha açıqlanıb ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqlik dərəcəsi 25 faizdir. Təbii ki, işğalçı dövlətdə bu ərazilərin mina xəritələri vardır. Onları verməməklə həm mülki əhalinin, hərbçilərin həlak olmalarına, yaralanmalarına, həm də bərpa və quruculuq işlərinin uzanmasına səbəb olurlar. Minalardan təmizlənmiş ərazilərdə işlər davamlılığı ilə diqqət çəkir. Məlumdur ki, ilin sonuna, yaxud gələn ilin əvvəlinə “ağıllı kənd” layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndi sakinlərini qarşılayacaq. Bütün şəhərlər üçün baş planlar hazırlanır. Artıq Ağdam və Şuşanın baş planı təqdim edilib. Əsas məqsədlərdən biri keçmişlə müasirliyin vəhdətini yaratmaqdır. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə işğaldan azad edilmiş ərazilərdə bütün işlərin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində həyata keçirilməsi, infrastrukturun yenilənməsi təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyevin oktyabr ayında işğaldan azad olunmuş rayonlara səfərləri çərçivəsində Azərbaycan bayrağını ucaltmaqla yanaşı, bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirakı da görülən işlərin aydın mənzərəsini yaradır. Yeni yolların təməlinin qoyulması bölgələrin inkişafında yol infrastrukturuna göstərilən diqqətin bariz nümunəsidir. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılıb.

Hazırda postmünaqişə dövrünün əsas tələbi yeni əməkdaşlıq formatının yaradılması, sülhün möhkəmləndirilməsidir. Bu platformanın yaradılması qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olmağa əsas yaradır. Cənab Prezident regional əməkdaşlıq platformasına toxunaraq, bu mövzuda da Ermənistanın qeyri-konstruktivlik nümayiş etdirdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, “təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik”. Həqiqətən, 44 günlük müharibənin yekunları nəticəsində Azərbaycanın bəyan etdiyi regional iqtisadi əməkdaşlıq hazırda sanksiyalardan, iqtisadi böhrandan əziyyət çəkən qonşularımız üçün münbit təkliflərdir. Lakin etiraf edilməlidir ki, bəzi dövlətlərdəki müəyyən qüvvələr hələ də 30 il, daha geniş götürsək, 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyanın yenisi ilə əvəzlənməsini qəbul edə bilmirlər. Hərçənd, bir çoxlarından fərqli olaraq, Azərbaycan hər kəsin marağının nəzərə alınmasını, Qafqazda yeni xalqlar dostluğu evinin yaradılmasını təklif edir. Avropanın və Asiyanın inkişaf etmiş müxtəlif regionlarının da təcrübəsinə nəzər yetirsək, dövlətlərin yeni modern dünyaya cavab verməsi üçün konfrantasiyanın, imperiya iddialarının deyil, əməkdaşlığın milli inkişafın əsas hərəkətverici qüvvəsi olmasını görmuş olarıq.

Eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyində ölkəmiz vacib yerlərdən birini tutur. Müxbirin Avropaya maye qazın ixracı ilə bağlı sualına cavabında dövlət başçısı bu sahədə ölkəmizin böyük potensiala malik olduğunu bildirib: “Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər... Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik”.

Göründüyü kimi, Azərbaycan artıq münasibətlərdə yeni səhifə açıb və bu səhifəni yeni əməkdaşlıq formatları fonunda daha zəngin və faydalı etmək niyyətindədir. Bunun üçün əsas olan Azərbaycan tərəfinin irəli sürdüyü sülh müqaviləsinin Ermənistan tərəfindən imzalanmasına dünya güclərinin dəstək göstərməsidir.

Emin QASIMOV,

“Respublika”.