ŞUŞA TARİXİLİKLƏ MÜASİRLİYİN QOVUŞDUĞU MƏDƏNİ MƏRKƏZƏ ÇEVRİLİR
SİYASƏT

ŞUŞA TARİXİLİKLƏ MÜASİRLİYİN QOVUŞDUĞU MƏDƏNİ MƏRKƏZƏ ÇEVRİLİR

ƏZİZ ŞUŞA, SƏN AZADSAN!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Qarabağ bizimdir!

QARABAĞ AZƏRBAYCANDIR!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin

Ali Baş Komandanı.

 

Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman əsgərlərimizin rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə etdiyimiz tarixi Zəfərin kulminasiya nöqtəsi məhz Şuşanın azad edilməsi olmuşdur. Şuşanın işğaldan qurtulması xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutur. Şuşa şəhərinin demək olar ki, əlbəyaxa döyüşlərlə azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ olan Şuşanın azad edildiyi gün, noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib.

Cənab Prezident bu şəhərin bərpasına, orada aparılan işlərin gedişatına şəxsən və böyük həssaslıqla yanaşır. Hələ 14 yanvarda Şuşada olarkən dövlət başçısı demişdir: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

Həqiqətən, son dərəcə qısa müddətdə Şuşada böyük quruculuq işləri görülüb və bu məftunedici şəhər Azərbaycanın mədəniyyət paytaxtı kimi artıq mötəbər beynəlxalq və yerli tədbirlərin keçirildiyi məkana çevrilib.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb. Sərəncamda deyilir: “Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.

Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın Konservatoriyası hesab edilən Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi çox böyük və əlamətdar hadisə kimi tarixə düşmüşdür. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində dövlət başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Mərasimdə cənab Prezident nitq söyləyərək Azərbaycan xalqını bir daha “Xarıbülbül” festivalı və ümumiyyətlə, 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edib. Daha sonra festival Azərbaycan milli musiqisini yaşadan məşhur incəsənət nümayəndələrinin, eləcə də Azərbaycanda yaşayan millətlərin və etnik azlıqların folklor qruplarının çıxışları ilə davam edib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, Azərbaycanın yaradıcı ziyalıları, yazıçılar, bəstəkarlar, jurnalistlər, habelə Şuşada vəzifə borcunu yerinə yetirən Azərbaycanın rəşadətli ordusunun hərbi qulluqçuları da iştirak ediblər. Əlbəttə, cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşanın əsrarəngiz Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının təşkil edilməsi ölkəmiz və xalqımız üçün böyük tarixi gün və hadisə kimi dəyərləndirilir.

“Xarıbülbül” beynəlxalq festivalının yaranma tarixinə gəldikdə isə, qeyd etməliyik ki, bu festival məşhur Azərbaycan xanəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş və hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi bir çox ölkələrin və keçmiş Sovet İttifaqına üzv olan respublikaların iştirakı ilə keçirilirdi. 1992-ci il may ayının 8-də Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğal edilməsi nəticəsində “Xarıbülbül” festivalının keçirilməsi mümkün olmamışdır. Sözügedən festival təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunduğu üçün onun yenidən keçirilməsinin bərpa edilməsi xüsusi rəmzi xarakter daşıyır.

Mayın 12-də Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışı olub. Dövlət başçısı cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva otelin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olublar. Qeyd etmək lazımdır ki, bu obyektlər də müasir səviyyədə yenidən qurulub.

Həmin gün cənab Prezident həmçinin orta məktəbin təməlini qoydu. Tarixə nəzər salsaq, görərik ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar. Yenidən qurulan bu məktəb 960 şagird yerlik tam orta məktəb kimi fəaliyyət göstərəcək.

Həmçinin mayın 12-də cənab Prezident və xanımı Şuşa Rəsm Qalereyasında görülən işlərlə də tanış olublar. Burada Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin təşkil olunması nəzərdə tutulub. Eyni zamanda, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə də tanışlıq olub. Maraqlıdır ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlətimizin başçısı görüləcək işlərlə bağlı öz tövsiyə və tapşırıqlarını verib.

Mayın 12-də Şuşada yeni məscidin də təməli qoyulub. Bu mərasimdə də cənab Prezident və ölkənin Birinci vitse-prezidenti iştirak ediblər. Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək. Tədbirdə dövlət başçısı xüsusi olaraq vurğulayıb: “Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır...”.

Şuşa artıq təkcə mədəniyyət incisi kimi tanınmır, həm də mühüm geosiyasi qərarların verildiyi, bəyanatların səsləndirildiyi və bəyannamələrin imzalandığı mərkəzdir. Bunun əyani təzahürünü biz iyun ayının 15-də - Azərbaycanda xalqımızın təkidli xahişi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin tarixi missiyasının başlanğıcı olan gündə gördük. Məhz 2021-ci il iyunun 15-i bu tarixi günün əhəmiyyətini daha da artırdı. Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı.

Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi demək deyil, bu, həm də dünya ölkələri ilə inkişafa, sülhə, sabitliyə, tərəqqiyə xidmət edən əsl dostluğun nümayiş etdirilməsidir. Dünyada az sayda ölkələr tapılar ki, Azərbaycan qədər ədalətli mövqe sərgiləsin. İyunun 15-i bütün dünya ictimaiyyətinin diqqəti Şuşaya yönəlmişdi. Şuşa artıq təkcə böyük Zəfərin rəmzi, mədəniyyət mərkəzi deyil, bu gün Şuşa həm də regionda marağı olan, dünya çapında Türkiyə kimi qlobal dünya güclərinin bir araya gəldiyi məkandır. Bu tarixi əhəmiyyətli gün Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olması barədə həm Ermənistanın özünə, həm bu bədnam dövlətin yalanlarına uyan tərəflərə ciddi bir mesajdır. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində ortaq milli maraqlar baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi məsələləri yer alır. Cənab İlham Əliyev bu tarixi sənəd haqqında demişdir: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamə özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Azərbaycanın hərtərəfli inkişafı bütün sahələri - iqtisadiyyatı, sosial sferanı, milli müdafiəni, mədəniyyəti və s. ehtiva edir. Dövlət mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin inkişaf etdirilməsi və bütün dünyada təbliği baxımdan böyük işlər görür. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin ana xəttidir. Artıq əminliklə deyə bilərik ki, ölkəmizdə mədəniyyətin inkişafının əsas güc mərkəzi Şuşadır.

Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Prezidentin göstərişi ilə Bakıdan Şuşaya gətirilməsi, əvvəlki yerlərinə qoyulması, böyük Azərbaycan şairi Vaqifin məqbərəsinin bərpa edilməsi diqqətçəkən məqamlardır və yuxarıda dediklərimizin kontekstində böyük rəmzi məna daşıyır. Unutmayaq ki, Şuşa hər zaman tanınmış şəxsiyyətləri ilə seçilib. Şuşa Azərbaycanın bir çox ziyalılarının, şairlərin, yazıçıların vətəni olub. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində digər ərazilərdə olduğu kimi, Şuşada da tarixi, mədəni abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri, Vaqifin məqbərəsi, şəhərdə yerləşən qədim məscidlər və s. mədəni, tarixi, dini tikililər var.

Ermənilər tərəfindən vandalizm aktına məruz qalan abidə və tikililərin bir hissəsi məhz ulu öndər Heydər Əliyevin zamanında inşa edilmişdi. Prezident Şuşada qeyd etdi ki, Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev 1982-ci ilin yay aylarında özü şəxsən açıb: “Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən...”.

Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.

Şuşada keçirilən daha bir möhtəşəm mədəniyyət tədbiri 18 sentyabrda başlamışdır. Milli Musiqi Günündə ilk dəfə start götürən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 24-ə qədər davam edəcək. Milli Musiqi Günümüz vaxtilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilir. Hər il Bakıda keçirilən Milli Musiqi bayramımız bu il Üzeyir heykəlinin yerləşdiyi bağda - azad Şuşada qeyd olunur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman əsgərlərimizin şücaəti sayəsində qazanılmış möhtəşəm Zəfər, xüsusilə də Qafqazın incisi olan Şuşanın işğaldan azad edilməsi, tarixi Şuşa Bəyannaməsinin imzalanması, beynəlxalq tədbirlərin bu gözəl məkanda keçirilməsi istər beynəlxalq və ölkələrarası müstəvidə, istərsə də daxili-siyasi prioritetlər baxımından Azərbaycan üçün çox önəmlidir. Şuşa günü-gündən, çox böyük sürətlə dəyişir. Əminik ki, Şuşada bundan sonra da mötəbər tədbirlər, bayramlar, festivallar keçiriləcək.

Emin QASIMOV,

“Respublika”.