Milli Məclisin sədri: Tarix boyu Azərbaycanda qadınlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar
SİYASƏT

Milli Məclisin sədri: Tarix boyu Azərbaycanda qadınlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar

Oktyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində Üçüncü Avrasiya Qadın Forumunun plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumda müzakirəyə təqdim olunan mövzuların qadınların müasir dünya proseslərində rolu ilə bağlı geniş fikir mübadiləsi aparmağa imkan verdiyini söyləyib. Qeyd edib ki, qadınların bərabərliyi, ədaləti və tərəqqini təşviq etmək səyləri öz bəhrəsini verir və bu gün dünyanın bir çox ölkələrində qadınlar gələcəyə daha böyük inamla baxırlar.

Milli Məclisin sədri vurğulayıb ki, müasir dünyada baş verən dəyişikliklər, sosial-iqtisadi inkişafın sabit və dinamik tendensiyaları cəmiyyətin sosial quruluşunda qadınların statusunun yeni məzmun qazanmasına səbəb olur. Bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, eləcə də bütün dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.

Çıxışında ölkəmizdə həyata keçirilən qadın siyasətinin tarixi və uğurları barədə məlumat verən S.Qafarova deyib ki, tarix boyu Azərbaycanda qadınlar hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunublar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması azərbaycanlı qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. O, xüsusilə xatırladıb ki, həmin dövrdə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüququnu əldə ediblər.

Müasir dövrdə ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin qayəsinin onların siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirmək, gender bərabərliyini təmin etmək, dövlət idarəçiliyində iştirakını genişləndirmək olduğunu bildirən S.Qafarova vurğulayıb ki, bu siyasətin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası müəyyən edir. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və sonradan bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılıb. 2000-ci ildə ölkə Prezidenti Azərbaycanda yeni dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı Fərman imzalayıb. Həmin Fərmanın məqsədi dövlət idarəçiliyində, biznesdə və iqtisadiyyatda qadınların bərabər təmsilçiliyini təmin etməkdir. Həmin il Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı qəbul edilib. Bu proqram Pekin platforması əsasında hazırlanıb. Bu sənəddə silahlı qarşıdurmalar mövzusuna xüsusi diqqət yetirilib. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin son 30 ildə qadınlar da daxil olmaqla bir çox Azərbaycan vətəndaşının həyatına son qoyduğunu xatırladan Sahibə Qafarova əlavə edib ki, münaqişənin nəticələrinin yaratdığı problemlər, o cümlədən qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklər qadınların da çiyinlərinə düşüb.

Ötən ilin noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın keçmiş Qarabağ münaqişəsinə son nöqtəni qoyduğunu söyləyən Milli Məclisin sədri deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqaz regionunda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün perspektivlər yaradan yeni reallıqlar ortaya çıxıb.

Sahibə Qafarova vurğulayıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər qadınlarla bağlı dövlət siyasətinin bütün sahələrində əhəmiyyətli irəliləyişə səbəb olub. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir. Bu sahədə qəbul edilmiş qanunlar gender bərabərliyinin təmin edilməsi işinin daha da təkmilləşdirilməsinə imkan verir. O vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qadın hüquqlarının qorunması, qadınların dövlət və ictimai həyatda rolunun artırılması istiqamətində daha böyük uğurlar əldə olunmasına xüsusi töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti çoxşaxəli və uğurlu fəaliyyəti ilə qadınlarımızı öz potensiallarını daha böyük əzmlə reallaşdırmağa ruhlandırır.

Qadın hərəkatının inkişafı və qadın ictimai təşkilatları ilə dövlət strukturları arasında sosial tərəfdaşlığın gücləndirilməsi qadınların sosial müdafiəsinin möhkəmlənməsinə müsbət təsir göstərir. Milli Məclisin sədri qeyd edib ki, qadınların potensiallarının bütünlüklə üzə çıxarılması, onların hüquq və imkanların genişləndirilməsi daha sağlam və firavan cəmiyyətlər qurulmasının zəruri şərtidir.

AZƏRTAC