Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib və diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırımı kimi tanıyıblar. Spiker deyib ki, Qazaxıstan parlamentinin də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirməsi yaxşı olardı.

Görüşlərdə Milli Məclisin sədri, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu deyib, azad edilmiş Azərbaycan ərazilərində işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpasından və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən bəhs edib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüşündə də Xocalı soyqırımı ilə bağlı məsələni vurğulayıb və qarşı tərəfdən müvafiq addım atılmasının arzuolunan olduğunu bildirib.

AZƏRTAC