Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
SİYASƏT

Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb

İyunun 12-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında münasibətlər tarixi və strateji əhəmiyyətə malikdir. Bu gün Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Milli Məclisin sədri deyib ki, Böyük Britaniya hökuməti ərazi bütövlüyü məsələsi də daxil olmaqla, həm ikitərəfli, həm də çoxtərəfli formatda prinsipial məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir. S.Qafarova ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, xüsusilə enerji sektorunda yüksək səviyyəli əməkdaşlığı qeyd edib.

Bildirilib ki, Azərbaycanın və Böyük Britaniyanın qanunverici orqanları arasında da yaxşı münasibətlər mövcuddur. Bu münasibətlər parlamentlər arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıqda müsbət əksini tapıb. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir.

Milli Məclisin sədri qonaqlara Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci il Azərbaycan Respublikası tarixində çox vacib il olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü yerinə yetirib. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat bölgədə yeni reallıq formalaşdırıb, eyni zamanda, sabitliyin təmin edilməsi və yüz minlərlə azərbaycanlı məcburi köçkünün evlərinə qayıtması üçün zəmin yaradıb. Azərbaycan torpaqlarını azad etməklə Qafqaz bölgəsində təhlükəsiz və etibarlı inkişaf üçün əsas maneəni aradan qaldırıb. İndi isə yeni dövrə - bərpa və yenidənqurma dövrünə qədəm qoymuşuq.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çox sayda hərbçimiz və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, müharibə cinayətlərini davam etdirir. İyunun 4-də Kəlbəcərdə 3 azərbaycanlının xidməti fəaliyyətlərini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladan S.Qafarova əlavə edib ki, onlardan  ikisi jurnalistdir. O, həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir. Eyni zamanda, üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri - Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malik, siyasi şərhçi Qureyşi Şahid, “T-vine” nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvard, tədqiqatçı Reynolds Nikolas Azərbaycana səfərlərindən, ölkəmizdə gördükləri inkişafdan məmnunluqlarını bildiriblər.

Milli Məclisin sədri nümayəndə heyətinin üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini, onların həmin ərazilərdə Ermənistan tərəfindən törədilən dağıntıları öz gözləri ilə görəcəklərini diqqətə çatdırıb. Ümidvar olduğunu bildirib ki, media nümayəndələri şahidi olduqları erməni vandalizmini beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdıracaqlar.

Sonra Sahibə Qafarova jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, görüşdə, həmçinin Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak ediblər.

AZƏRTAC