İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur layihələr həyata keçirilir
SİYASƏT

İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur layihələr həyata keçirilir

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Xalqımız öz torpaqlarını erməni işğalından azad etdi. Lakin azad edilmiş torpaqlarımız erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində talan edilmiş, dağıdılmış, demək olar ki, yer üzündən silinmişdir. Bu torpaqlara yenidən həyat vermək, qurub-yaratmaq, bərpa etmək elə qələbənin özü qədər çətindir.  Belə ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi sozün əsl mənasında böyük güc, böyük potensial tələb edir. İşğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini  tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən yaratmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.

 Prezident İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaq. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün artıq genişmiqyaslı işlərə başlanılıb. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. məqsədilə azad olunmuş ərazilərin bərpası proqramına 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan dövlətinin  Qarabağın  yenidənqurma və bərpa  prosesinə yerli mütəxəssislərin cəlb olunması ilə yanaşı, xarici investorlarla- Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. ölkələrlə əməkdaşlıq etmək niyyətini bildirib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib işlərdən  biri həmin ərazilərin  elektrik enerjisi ilə təchiz edilməsi  oldu. Artıq bu ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işləri demək olar ki, tamamlanmaq üzrədir. Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası,  110/35/10 kilovoltluq  Şuşa,  Füzuli və  Şükürbəyli yarımstansiyalarının açılışı bu ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulmasının yekunlaşacağına əsas verir. 

 Bu gün “Azərenerji” və “Azərişıq” ASC-lərin birgə fəaliyyəti nəticəsində  azad edilmiş torpaqlarımız ən müasir texnologiyalardan istifadə edilərək dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur. Belə ki, “Azərişıq” ASC Qarabağda-işğaldan azad olunmuş ərazilərimizdə postsovet məkanında ilk olaraq, “ağıllı şəbəkə” konsepsiyası  çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edir ki, bu,  hətta qeyri-sabit hava şəraitində belə əhalinin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək.

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik enerjisi ilə  təminatından sonra Füzulinin  Şükürbəyli stansiyasından Hadruta  ikidövrəli xəttlər çəkilib. Ən mühün istiqamət  Hadrutdan  Çanaqçıya, ordan isə  Daşaltıya qədər olan məsafəyə  xəttin  çəkilməsidir.   Şuşaya isə cəmi  37 gün ərzində elektrik enerjisi verilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında  bağlanmış qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinə  əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatı İtaliya şirkəti  tərəfindən həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi zamanı azad olunmuş ərazilərimizin elektrik enerjisi ilə təmin olunması barədə  deyib: "İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq”.

 İlkin infrastruktur layihələrinin icrasında  Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu, Toğanalı - Kəlbəcər yolu, eyni zamanda,  Horadizdən Zəngilana, Qubadlıya və  Laçın rayonuna qədər yol çəkilişi, Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolunun tikintisi, Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla həyata keçirilir.

“Ağıllı kənd”, ”Ağıllı şəhər”  layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük  Qayıdışın başlanğıcı oldu. Kənddən şəhərə axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətləri kəndlərdə təşkil etmək, eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaratmaq, kənd sakinlərinə  dövlət xidmətlərindən  yararlanmaq şəraitini formalaşdırmaq kimi üstünlüklərə malik olan, ən müasir texnologiyalara əsaslanan  “Ağıllı kənd” layihəsi kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə keçməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə  işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilən bu  layihələrin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək verən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılan  “Qarabağ Dirçəliş Fondu”  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan  Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan  tarixi qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi.  Bu gün  işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə  bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir  nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyətini yüksək səviyyədə təmin edəcək. Azərbaycanın dilbər guşəsi Qarabağda yeni müasir şəhərlər, kəndlər salınacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri yaradılacaq. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

Mehparə ƏLİYEVA,

 “Respublika”.