DİRÇƏLƏN YURDUMUZ, AÇILAN YOLLARIMIZ
SİYASƏT

DİRÇƏLƏN YURDUMUZ, AÇILAN YOLLARIMIZ

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə aparılır

Bilirdim ki, işğalçı Ermənistan Ağdamı dağıdıb, viran qoyub. Otuz il yaşadığım və bir o qədər də həsrətini çəkdiyim doğma şəhərimin xarabalıqları buraya gələn hər  kəsi – özümüzünküləri də, əcnəbiləri də sarsıdır, heyrətə gətirir. “Vəhşi tayfa” Qarabağın toy otağını, bülbüllər sayrışan gül yatağını yerlə-yeksan edib, ən müdəqqəs ziyarətgahımızı, tarixi min illərlə hesablanan qədim  “Qarağacı” qəbiristanlığını şumlayıb, İmarətdə, Cümə məscidində öz ləyaqətsizliyini, vəhşiliyini göstərib, mədəni-mənəvi irsimizi yox etməyə, qan yaddaşımızdan silməyə çalışıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli hərbi-siyasi, diplomatik addımları, rəşadətli Ordumuzun hünəri, qəhrəman hərbçilərimizin şücaəti sayəsində işğalçı ermənilərin Ağdamı döyüşsüz tərk etməyə məcbur qalması 10 noyabr Zəfərimizin ən mühüm nəticələrindən oldu və hər ağdamlı kimi məni də hədsiz dərəcədə sevindirdi. Əyilib-bükülmüş qəddimiz dikəldi, itmiş qürurumuz qayıtdı, yurd nisgilimizə son qoyuldu...

İşğaldan azad olmuş şəhərimi görmək, onun nəfəsini duymaq arzumu ötən həftənin bazar günü Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi gerçəkləşdirdi. Komitənin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəliyinin dəstəyi sayəsində Ağdam rayonundan olan bir qrup məcburi köçkün həmyerlim və iş yoldaşım təcrübəli jurnalist Salman Babayevlə birlikdə mən də işğaldan azad edilmiş doğma şəhərimə baş çəkdim, onun mövcud vəziyyətini öz gözlərimlə gördüm... Səfərin təşkilatçılarına, bizi böyük səmimiyyətlə qarşılayan,  Ağdamdakı bərpa-quruculuq işləri barədə məlumatlandıran xüsusi nümayəndə Emin Hüseynova və nümayəndəliyin əməkdaşlarına təşəkkür edirəm.

Səfərimizin təfərrüatlarından söz açmayacağam, bizi müşayiət edən həmkarlarımız bu barədə operativ məlumatları təmsil etdikləri media qurumları vasitəsilə ictimaiyyətə artıq çatdırıblar. Şəxsi təəssüratlarıma gəlincə, doğulub-böyüdüyüm, orta təhsil aldığım, ilk əmək fəaliyyətinə başladığım şəhərin xarabalıqlarını göz yaşları ilə seyr etməkdən başqa gücüm nəyə çatardı ki?.. Səfər marşrutumuz yaşadığımız məhəllədən, oxuduğum məktəbin yanından keçməsə də, universitetin jurnalistika fakültəsini bitirib gənc mütəxəssis kimi işə başladığım rayon qəzeti redaksiyasının və yenə gənc mütəxəssis kimi mənə verilən mənzilin yerləşdiyi binaların bünövrəsinə kimi söküldüyünü gördüm, şəhərimizi bu hala salanlara dönə-dönə lənət oxudum...

Ağdamın xarabalıqlarını görmək, viran qoyulan yurd yerinə baş çəkmək bizə nə verdi?.. Bu sualın cavabı təkcə kənar müşahidəçilər deyil, özümüz üçün də maraqlı idi. Səfər yoldaşlarımdan birinin geri qayıdarkən avtobusda səsləndirdiyi fikirlər sanki bu suala cavab oldu: “Ağdam yenidən qurulacaq və müasir bir şəhər olacaq. Biz buranın indiki vəziyyətini görüb, xatirələrimizi təzələməklə sanki itirilmiş gəncliyimizi yenidən yaşadıq. Müasir Ağdam isə bizim övladlarımızın, gələcək nəsillərimizin şəhəri olacaq”.

Bəli, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük sərkərdə və qurucu, dövlət başçısı kimi işğaldan azad etdiyi Qarabağın, Şərqi Zəngəzurun yenidən çiçəklənən diyara, cənnətməkana çevriləcəyini dəfələrlə bəyan edib və 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra başlanan bərpa-quruculuq işləri vüsətlə davam etdirilir.

Məlum olduğu kimi, Ağdam şəhərinin bərpa planının təqdimatı bu il əlamətdar bir gündə - mayın 28-də dövlətimizin başçısı ilə rayon ictimaiyyəti nümayəndələrinin görüşündə keçirildi. Cənab Prezident ağdamlı ziyalılarla, tanınmış həmyerlilərimizlə birlikdə şəhərin bərpasının təməlini qoydu. 

Ağdama səfərimiz zamanı bərpa planının icrası üzrə intensiv iş getdiyini hələ işğaldan azad edilmiş əraziyə keçməmiş gördük: yeni çəkilən Bərdə-Ağdam avtomobil yolu ilə gedib-gələn iri tonnajlı yük maşınlarının sayı burada işlərin sürətlə aparıldığını göstərirdi. Dörd hərəkət zolaqlı bu yolun uzunluğu 44,5 kilometr olacaq və hazırda “Dördyol” adlanan yerdən ta Uzundərəyəcən yol yatağı bərkidilir, körpü və suötürücülərin tikintisi davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, yol boyunca 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, 5 yeraltı keçid, 2 yeni avtomobil körpüsü və 1 yol ötürücü inşa edilir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək. Yol tikintisini qısa müddətdə başa çatdırmaq məqsədilə ərazidə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün düşərgə qurulub. Onu da qeyd edək ki, yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilikdə isə yol, Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu iki rayonun  20-dən çox yaşayış məntəqəsini əhatə edəcəkdir.

İşğaldan azad edilmiş digər ərazilərdə də avtomobil yollarının inşası sürətlə aparılır.  Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu  Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Uzunluğu 123.8 kilometr olan bu yol  Füzulinin Əhmədbəyli kəndindən başlayır və dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqdan ibarətdir. Onu da qeyd edək ki, hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. 

Avtomobil yolları ilə yanaşı, dəmiryol şəbəkəsinin də yenidən qurulması işğaldan azad edilmiş ərazilərin, o cümlədən Ağdamın bərpası və gələcək sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Rayona səfərimiz zamanı diqqəti cəlb edən mənzərələrdən biri də keçmiş Bərdə-Ağdam dəmir yolunun tikintisi oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə  çəkilmiş bu yol vaxtilə Qarabağın hərtərəfli yüksəlişində böyük rol oynamış, bölgənin respublikanın digər əraziləri ilə əlaqələrinin möhkəmlənməsinə, əhalinin rifahının yaxşılaşmasına çox müsbət təsir göstərmişdi. Ermənistanın işğalı altında olan hissədə dəmiryol tamamilə məhv edilib. Məcburi köçkünlüyün ilk illərində Ağdamdan minlərlə ailə dəmir yolunun bir hissəsində müvəqqəti sığınacaq tapıb, buradakı vaqonlarda on ildən çox ağır həyat yaşayıblar. Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində sonralar onlar da, çadır düşərgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  kimi, Ağdam rayonu ərazisində salınmış yeni qəsəbələrə köçürülüblər və ində də doğma yurd yerlərinə qayıdacaqları günü gözləyirlər.

...Məlum olduğu kimi, Prezident İlham Əliyev “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 24 noyabr 2020-ci il tarixli Sərəncam imzalayıb və müvafiq  maliyyə vəsaiti ayırıb. Dəmir yolunun yeni yatağında işlərin sürətlə aparıldığını ağır texnikaların intensiv hərəkətindən görmək mümkün idi. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən aldığımız məlumata görə, Yevlax-Xankəndi dəmiryol xəttinin bir hissəsi olan 45 kilometrlik Bərdə-Ağdam dəmir yolunun tikintisi iki mərhələdən ibarətdir. Birinci mərhələdə 19 kilometrlik Bərdə-Təzəkənd, ikinci mərhələdə 26 kilometrlik Təzəkənd-Ağdam dəmir yolu bərpa edilir. Əsas yoldan əlavə qatarların manevr imkanlarını genişləndirmək üçün ümumi uzunluğu 11 kilometr olacaq yan yollar da inşa ediləcəkdir. Mənzil boyu 117 süni qurğunun inşası nəzərdə tutulur: bunlar 103-ü dəmir-beton boru, 2-si böyük yol ötürücüsü və  3 körpüdən ibarətdir. Həmçinin təsərrüfat məqsədli dörd keçid inşa ediləcəkdir.

ADY QSC-nin rəhbərinin mediaya verdiyi açıqlamaya görə, işğaldan azad edilmiş ərazilərdə dəmir yollarının inşası 3 istiqamətdə aparılır. Bərdə-Ağdam dəmir yolu xətti ilə yanaşı, 111 kilometrlik Horadiz-Naxçıvan xəttinin bərpası üzrə işlərə başlanılıb. Dövlətimizin başçısının tapşırığına əsasən, Şuşaya dəmir yol xəttinin çəkilişi layihələndirilir.

...Ağdama gedərkən avtomobil və dəmir yollarının keçdiyi ərazilərdə Ermənistanın iflasa uğrayan işğalçılıq siyasətinin izlərini görüb həm qəzəb, həm də qürur hissi keçirirdik. Düşmənin keçilməz hesab elədiyi və ordumuzun darmadağın etdiyi miflərdən biri olan bədnam “Ohanyan səddi” – dəmir-beton dirəklərin sıx basdırıldığı, 10-15 cərgəlik, tikanlı məftillərlə hörülmüş, saysız-hesabsız minalarla daha “təhlükəsizləşdirilmiş” zolağı keçmiş təmas xətti boyunca hələ də qalmaqdadır. Bu keçilməz “maneələr”i, onun arxasındakı müdafiə eşalonlarını keçmək, əlbəttə, mümkünsüz görünür. Azərbaycan Ordusu cənub istiqamətində ermənilərin bu müdafiə xəttini qəhrəmancasına yarıb keçib və düşmən üzərində Qələbənin təməlini qoyub. Ağdamdakı erməni istehkamlarını gördükcə cənab Prezidentin, Müzəffər Ali Baş Komandanın sərkərdə qətiyyətinin minlərlə igid hərbçimizin həyatını xilas etdiyinə əmin olduq.  Bu yerləri döyüşsüz və qan tökmədən işğaldan azad etmək misilsiz qəhrəmanlıq nümunəsidir.

Ağdamın da, işğaldan azad edilmiş digər rayonlarımızın, kəndlərimizin də bərpa edilib, yenidən dirçələcəyinə, bizi – öz daimi sakinlərini qəbul edəcəyinə və dinc həyata qovuşacağına əminik. Dövlətimizin başçısının bərpa və quruculuq siyasətinin real nəticələrini şəxsən yerindəcə görən və ürəkdən fərəhlənən keçmiş məcburi köçkün kimi deyirəm bunu...

Möhtərəm RƏCƏBOVA,

“Respublika” .