Azərbaycanla Kamerun arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
SİYASƏT

Azərbaycanla Kamerun arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Oktyabrın 12-də Serbiyanın paytaxtı Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksəksəviyyəli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kamerunlu həmkarı Löjön Mbella Mbella ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramovu Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edən Kamerunun xarici işlər naziri Azərbaycanın təşkilatın sədri kimi beynəlxalq əhəmiyyətli təşəbbüslərini və uğurlu fəaliyyətini məmnunluqla qeyd edib.

Görüşdə nazirlər ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıb, bu xüsusda siyasi məsləhətləşmələrin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan ilə Kamerun arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf potensialı qeyd edilib.

Görüşdə tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

AZƏRTAC