QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 89101213 oktyabr tarixli saylarımızda)

14 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "France 24" televiziya kanalına müsahibə verib. Dağlıq Qarabağda dinc əhali arasında tələfat barədə sualı cavablandıran dövlətimizin başçısı bildirib: "Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi, ikincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəfimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğular yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik... Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik".

***

"Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: "Bu gün həm müxtəlif internet resurslarında, həm də sosial şəbəkələrdə digər ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı çoxsaylı məlumata rast gəlinir.

Bu xüsusda, aidiyyəti ölkələri belə addım atan vətəndaşları ilə bağlı ciddi tədbirlər görməyə, onların işğal olunmuş ərazilərə gəlmələrinin qarşısını almağa, eləcə də bu şəxslərə qarşı cinayət işləri açmağa çağırırıq".

***

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. İlkin məlumatlara görə, sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağıdılıb, 500-dək evə, 51 çoxmənzilli yaşayış binasına, 60 yardımçı tikiliyə, 78 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölən və yaralanlar var.

(davamı növbəti saylarımızda)