XƏBƏR LENTİ

Şənbə, 01 May 2021 10:09

Azərbaycan ilə Litva arasında beynəlxalq platformalarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Aprelin 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında təkbətək formatda başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Litva arasında mövcud olan siyasi dialoqun yüksək qiymətləndirildiyini və bunun davam etdirilməsinin əhəmiyyətini bildirib. İkitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etməkdə olduğu və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu vurğulanıb.

Nazir Qabrielius Landsberqis Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən səmimi müzakirələri məmnunluqla qeyd edib. “Şərq tərəfdaşlığı” bölgəsinin Litva üçün strateji prioritet kəsb etdiyi və bu xüsusda dost ölkələr, o cümlədən Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyəti vurğulanıb. Cari ildə diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu xatırladan nazir Qabrielius Landsberqis əlaqələrin gələcək inkişaf yolunun planlaşdırılmasının önəmini ifadə edib.

Tərəflər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, humanitar, təhsil sahələrində, habelə beynəlxalq platformalarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, bölgədə sülh və təhlükəsizliyə təhdid törədən davranışları və digər məsələlər barədə məlumat verib. C.Bayramov, habelə bəzi Avropa ölkələri və beynəlxalq institutlar tərəfindən nümayiş etdirilən ikili yanaşmanın qəbuledilməz olduğunu bildirib və sonuncular tərəfindən Ermənistanda yanlış illüziyalar yaradacaq bəyanatların verilməsi, davranışın sərgilənməsinin bölgədə barışıq və sülh şəraitində birgə yaşayışa xidmət etmədiyini vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

 

 

 

AZƏRTAC

Read 122 times