XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:37

Yeni qaz yatağının kəşfi enerji ixracatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcək

“Şəfəq-Asiman” strukturunda qazma əməliyyatının uğurla nəticələnməsi belə deməyə əsas verir

“... Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - 21-ci əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək. Bu siyasət respublikamızın beynəlxalq mövqelərini gücləndirəcək... Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcəkdir... “Ümid” yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna əminik. Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət qədərdir. Ən azı yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcəkdir”. - Bu fikirləri Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz yatağının kəşf edilməsi münasibətilə 2010-cu il noyabrın 24-də SOCAR-ın rəhbərliyini qəbul edərkən demişdir - düz 11 il bundan əvvəl. Zaman keçdi, illər bir-birini əvəzlədi. Ötən müddət dövlət başçısının müdrikcəsinə, uzaqgörənliklə söylədiyi fikirlərin həqiqiliyini təsdiq etdi. Bir-birinin ardınca uğurla həyata keçirilən enerji layihələri, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və istismarı həm ölkəmizin, həm də bir sıra xarici ölkələrin enerji təminatına layiqli töhfə verməklə yadda qaldı. Dünyanın ən böyük qaz-kondensat strukturlarından biri sayılan “Şahdəniz-2” yatağından hasil edilən qazın qonşu Gürcüstan və qardaş Türkiyənin ərazisi üzərindən Cənub Qaz Dəhlizi vasitəsilə Cənub-Şərqi Avropaya çatdırılması Azərbaycanı beynəlxalq aləmə həm də etibarlı qaz ixracatçısı kimi tanıtdı. Yeri gəlmişkən qeyd edək ki, istifadəyə verildiyi vaxtdan keçən qısa müddət ərzində bu boru xətti ilə Avropa bazarlarına 1 milyard kubmetrdən artıq “mavi yanacaq” tədarük olunmuş və hazırda bu rəqəm getdikcə artmaqdadır. Yaxın gələcəkdə ixrac həcminin 10 milyard kubmetr və daha çox olacağı gözlənilir.
Bir qədər geri dönərək bildirək ki, mart ayının 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən 7-ci iclasında Prezident İlham Əliyev bəzi yataqların işlənməkdə olduğunu diqqətə çatdırarkən irəlidə yeni kəşflərin olacağı barədə də anons vermişdi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilmişdir. Bir neçə il əvvəl haqqında ilkin ehtimallar irəli sürülən daha bir mənbə haqda ümidlər özünü doğrultmuşdur. Həm də qeyd olunmalıdır ki, uğurlu nəticə strukturda məhz ilk quyunun qazılması nəticəsində əldə edilmişdir. Beləliklə, dərinliyi 7189 metr olan kollektorda Fasilə layının qazılması müvəffəqiyyətlə başa çatdırılmışdır.
SOCAR-dan verilən məlumatda bildirilir ki, yeni yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə işlərinin aparılması nəzərdə tutulur. Mövcud təcrübəyə əsasən belə ehtimal irəli sürmək mümkündür ki, yerin təkindəki başqa laylarda da əlavə qaz-kondensat ehtiyatları olsun. Növbəti qazma işləri də SOCAR və BP şirkətləri tərəfindən layihələndiriləcək.
Məlumat üçün bildirək ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km (78 dəniz mili) cənub-şərqdə, suyun 650-800 metr dərinlikdə dəyişdiyi dəniz şelfində yerləşir. Strukturlar əvvəllər müvafiq olaraq D8 və D10 adlandırılırdı. Blok 1100 kvadrat kilometrlik ərazini əhatə edir.
“Şəfəq-Asiman” strukturu ilk dəfə hələ sovet dönəmində aparılmış seysmik kəşfiyyat vasitəsilə aşkar olunsa da, bu istiqamətdə işlər davam etdirilməmişdir. Tədqiqata bir də ölkəmizin müstəqilliyi dövründə başlanmışdır. Belə ki, strukturun öyrənilməsi üçün SOCAR və Böyük Britaniyanın BP şirkətləri arasında 2009-cu il 13 iyul tarixində qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. İlkin razılığa əsasən, dəniz bloku tərəflərin birgə iştirakı ilə quraşdırılacaqdı. Nəhayət, 2010-cu il oktyabrın 7-də SOCAR və BP şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalandı. Sazişin nüddəti 30 il, tərəflərin hər birinin pay bölgüsü isə 50% həcmində müəyyənləşdirilmişdi. Razılaşmaya əsasən, 2012-ci ilin əvvəllərində BP şirkəti tərəfindən “Gilavar” seysmik gəmisi vasitəsilə seysmik kəşfiyyat proqramı həyata keçirildi. 2014-cü ilin birinci yarısında isə tədqiqat zamanı əldə olunan məlumatların təhlili tamamlanaraq onun interpretasiyasına başlanıldı. Beləliklə, strukturda karbohidrogen ehtiyatlarının mövcudluğu təsdiqləndi. Bundan sonra qazılacaq quyunun yeri dəqiqləşdirilərək ötən il yanvar ayının 11-də qazma işlərinə başlanıldı. Yataq üzrə “Hasilatın Pay Bölgüsü” Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, BP şirkətinin operatorluğu ilə dənizin 623 metr dərinliyində aparılan qazma əməliyyatı SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company”-yə məxsus Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə yerinə yetirildi və artıq Fasilə layında işlər uğurla başa çatdırıldı. Yeri gəlmişkən qeyd edək ki, çox geniş texniki imkanlara malik olan bu yarımdalma qurğusu dənizin ən dərinsulu hissəsində kəşfiyyat-qazma işləri aparmağa qadirdir. Bu qurğu ilə bir müddət əvvəl Xəzərdə ən dərin quyu qazılmışdır.
Mütəxəssislərin fikrincə, “Şəfəq-Asiman” yatağı ölkəmizin enerji ehtiyatlarının daha da artmasına imkan verəcək mühüm yataqlardan birinə çevrilmək potensialına malik strukturdur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons hazırda istismar olunan “Şahdəniz” və ehtiyatları yüksək qiymətləndirilən “Şəfəq-Asiman” yataqları barədə hələ iki il öncə bildirmişdir ki, “... Azərbaycan gələn bir neçə il ərzində Braziliya ilə birlikdə bizim diqqət mərkəzimizdə olacaqdır. Bu bizim üçün çox mühüm kəşf proqramıdır”.
İqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, bütün işlər nəzərdə tutulduğu kimi getsə, hasilata 2027-28-ci illərdə başlamaq mümkündür. Blokdan hasil olunacaq qazı bazarlara daşımaq üçün potensial gücü 31 milyard kubmetr olan kəmər infrastrukturu da hazırdır.
“Şəfəq-Asiman” perspektiv yatağının kəşf edilməsi münasibətilə Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev demişdir: “... Bu gün biz ənənəvi tərəfdaşımız olan BP ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatıb. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına və nəticə etibarı ilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töhfə verəcəkdir. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər”.
BP şirkəti ilə işgüzar münasibətlərin qurulmasından bəhs edən dövlət başçısı vurğulamışdır ki, bu şirkətlə əməkdaşlığımızın tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu müddət ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Birgə əməkdaşlığın məhsulu olan layihələrin sırasına “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi, Bakı-Tbilisi-Ceyhan boru kəməri, “Şahdəniz”, Cənub Qaz Dəhlizi və ona aid olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr daxildir. Hazırda BP-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır...
Bir faktı da qeyd etmək yerinə düşər ki, BP Azərbaycana ən böyük investisiya yatıran xarici şirkətdir. Dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində ölkəmizə yeni texnologiyaların gətirilməsi, mütərəqqi idarəçilik qaydalarının, qabaqcıl təcrübənin tətbiqi, sözsüz ki, hələ uzun illər ərzində neft-qaz yataqlarının istismarı sahəsində öz faydasını verəcəkdir.
Gələcək əməkdaşlıqdan söhbət açan SOCAR-ın sözcüsü İbrahim Əhmədov bildirir ki, qarşıda yeni layihələrimiz var. Abşeron yarımadasının dayazsulu hissəsində yeni kəşfiyyat-qazma işləri planlarşdırılır. Dənizin Azərbaycan sektorunun şimal hissəsində, nisbətən uzaq bir məsafədə D230 adlı bir blokda da hazırda seysmik-kəşfiyyat işləri aparılmaqdadır. Çox güman ki, yaxın zamanlarda oradan aldığımız xoş xəbərlə ictimaiyyəti sevindirəcəyik...
“Şəfəq-Asiman” yatağı “Şahdəniz-2” və hazırda işlənməkdə olan “Ümid” yatağından sonra kəşf edilən növbəti nəhəng qaz-kondensat yatağıdır. Mövcud razılaşmaya əsasən, digər yataqlarda da olduğu kimi, hasilatın bir hissəsi aşağı qiymətlə əhalinin və sənaye sektorunun ehtiyacının qarşılanmasına yönəldiləcək, qalan hissəsi isə Cənub Qaz Dəhlizi vasitəsilə xarici bazarlara nəql olunacaq. Bu isə iqtisadiyyatımıza əlavə dividentlər qazandıracaq. Hazırda illik istehlakı 11 milyard kubmetr olan ölkəmizdə getdikcə artacaq tələbatın ödənilməsi üçün çox böyük resurslar mövcuddur.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının sonuncu iclasında Prezident İlham Əliyev demişdir: “Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyon kubmetr qaz ehtiyatlarına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir”. Perspektiv strukturlar barədə layihələrə gəlincə, dövlət başçısı vurğulamışdır ki, biz növbəti illərdə yeni kəşflərin olacağına ümid bəsləyirik...
Azərbaycanın hazırda təsdiqlənmiş qaz ehtiyatları 2.6 trilyon kubmetr həcmində qiymətləndirilir. Hesablamalara görə, proqnozlaşdırılan ehtiyatların həcmi bundan azı 2 dəfə çoxdur.
Hazırda planlaşdırılan, kəşfiyyatda və işlənməkdə olan digər yataqlardan hasil ediləcək karbohidrogen ehtiyatları ən yaxın gələcəkdə ölkəmizin mövcud qaz balansının artmasına əhəmiyyətli təsir göstərəcək və enerji ixracatçısı kimi ölkəmizin mövqelərini daha da gücləndirəcək.

Səfər MAHMUDZADƏ.

Read 63 times