XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:36

Energetika: İntensiv iş davam etdirilir

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə başçısı digər sahələrlə yanaşı, energetika sektorunda da mühüm irəliləyişə nail olunmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Energetika sistemini dünya standartları səviyyəsinə çatdırmaq, abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək məqsədilə “Azərişıq” ASC-də təqdirəlayiq işlər aparılır. Peşəkar kadrlar işə cəlb olunur, interaktiv müsahibələr davam edir.

Bu gün istər paytaxtımızda, istərsə də regionlarda enerji potensialı durmadan güclənir, texniki dəyişikliklər uğurla həyata keçirilir, energetiklər yaxşı işləri sayəsində uğurlu nəticələrə imza atırlar.

Qeyd etmək lazımdır ki, “Azərişıq” ASC-nin kollektivi işğaldan azad olunmuş bölgələrdə, xüsusilə Azərbaycanın mədəniyyət mərkəzi, zümrüd qaşı Şuşa şəhərində bərpa işlərini uğurla davam etdirir. Energetiklər çalışırlar ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr ləyaqətlə həyata keçirilsin.

Energetika sahəsində yüksəliş, tərəqqiyə nail olmaq üçün Bakının Yasamal rayonunda da təqdirəlayiq işlər həyata keçirilir. Biz rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli energetik Həbib Əzizov bizimlə söhbətində görülən işlər barədə dedi:

- Kollektivimizin əsas məqsədi “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirməkdir. İdarədə operativ qərargah yaradılmışdır. Bir qayda olaraq qərargah üzvləri tərəfindən gündəlik nəticələr yoxlanılıb, müzakirə edilir. Şübhəsiz ki, bu da səmərəsini verir, göstərilən xidmət abonentləri razı salır.

Rayonun ərazisində 108 minə yaxın abonent qeydə alınmışdır. Elektrik enerjisindən səmərəli və qənaətlə istifadə olunması üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır.

2021-ci ilin arxada qalan üç ayında bir sıra uğurlara imza atılmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə yığım 6 faiz artmışdır.

İlin birinci rübündə 2-ci Alatava, Zaur Kərimov küçələri, Tbilisi prospekti, Şərifzadə küçəsi, M.Müşfiq küçəsi 8, 10, 12, 14-də, Xiyabani küçəsində və digər ərazilərdə 100-dən çox dayaqlar rənglənmiş, 30-dan çox TM-lərin yerləşdiyi yerlər abadlaşdırılmış və fasadlar rənglənmiş, çəpərlənmə işləri aparılmışdır.

Birinci rübdə bloklarda təmir işləri də aparılmış, qısaqapanmaya, yanğınların aradan qaldırılmasına görə tədbirlər görülmüşdür.

Qanlıgöl adlanan ərazidə SİP xətlərinin bərkidilməsi uğurla həyata keçirilmiş, ASAN Kommunal vasitəsilə şəbəkəyə yeni abonentlər qoşulmuşdur.

Hazırda KTM-lərin çəpərlənmə işləri də uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, gənc kadrların seçilib yerləşdirilməsi də diqqət mərkəzindədir. Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr hazırlığı problemini uğurla həll etmək, eləcə də tələb olunan təcrübəli kadr potensialı yetişdirmək üçün “Azərişıq” ASC-nin Tədris Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Kollektivimizdə çalışan kadrlar mütəmadi olaraq Tədris Mərkəzinə göndərilir, onlar mərkəzdə elektrik şəbəkəsində istifadə olunan və gələcəkdə istifadə ediləcək texniki avadanlıqları öyrənir və kollektivimizə ixtisaslı kadr kimi dönürlər. Xeyli vaxtdır ki, pandemiya ilə əlaqədar energetiklərimiz tövsiyə və məsləhətləri düzgün həyata keçirir, xüsusilə maskadan və spirt məhlulundan istifadə edilməsini diqqət mərkəzində saxlayırlar.

Söhbəti qələmə aldı:

Qədir ASLAN,

“Respublika”.

Read 305 times