XƏBƏR LENTİ

Bazar, 02 May 2021 09:01

Rusiyalı qonaqlar Ağdamda İmarət qəbiristanlığında erməni barbarlığına şahid olublar

Rusiyalı deputatlar, ekspertlər və jurnalistlərin bir qrupu mayın 1-də Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rusiyalı qonaqlar Ağdam şəhərindəki İmarət qəbiristanlığında erməni barbarlığına şahid olublar.

Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

 

 

 

 

AZƏRTAC

Read 49 times