XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:39

Gəncə xəbərləri

SAKİNLƏRİN MÜRACİƏTLƏRİNƏ HƏSSAS YANAŞMA

Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü Dövlət proqramlarının uğurla icra olunması, sosial-iqtisadi islahatların ardıcıl və qətiyyətlə davam etdirilməsi nəticəsində dayanıqlı iqtisadiyyata malik bir ölkəyə çevrilibdir. Bu da Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, rifah halının yüksəlməsinə, sabitlik və əmin-amanlıq şəraitində yaşamasına zəmin yaratmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşləri, problemlərinin yerində öyrənilməsi, həll edilməsi, qayğı ilə yanaşılması vətəndaşları razı salır. Operativlik, dəqiqlik, hərtərəfli araşdırmalar, ən başlıcası insanlara verilən yüksək dəyər bu qəbulların əsasını təşkil edir. Vətəndaş hiss edir ki, onun müraciəti dərhal diqqətə alınır, qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilir, problem öz həllini tapır. Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər fərdi qaydada dinlənilib. Görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, işlə təminat, müalicə üçün göndərişin verilməsi kimi məsələlər üstünlük təşkil edib.

Şəhər rəhbəri, göstərilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.

 

ÖZƏL TİBB MÜƏSSİSƏLƏRİNİN İŞÇİLƏRİ TƏLTİF EDİLİBLƏR 

Dünyanı cənginə alan dəhşətli və amansız COVİD-19 infeksiyası ilə mübarizədə, eləcə də Vətən müharibəsi dövründə səmərəli əmək fəaliyyətinə görə Gəncədə özəl tibb müəssisələrinin bir qrup işçisi mükafatlandırılıb. Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan mərasimdə ilk öncə, Vətən müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, pandemiya, habelə 44 günlük Vətən müharibəsi dövründə, o cümlədən Gəncənin raket atəşinə tutulması zamanı yaralanan şəxslərin müalicəsində xüsusi fədakarlıq göstərdiklərinə görə tibb işçilərinə təşəkkürünü bildirib. Qeyd edib ki, praqmatik ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində bu gün ölkə səhiyyəsi öz inkişaf dövrünü yaşayır. Gecə və gündüz yorulmadan çalışan şərəfli peşə sahiblərinə bu yolda uğurlar arzulayıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev özəl xəstəxanaların eyni zamanda vaksinasiya prosesində də fəal iştirakını vurğulayıb və gələcək işlərində müvəffəqiyyətlər diləyib. Gəncə Müalicə Diaqnostika Mərkəzinin baş direktoru Rövşən Veysov göstərilən diqqətə görə ölkə başçısına və şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda şəhər rəhbəri Niyazi Bayramov tərəfindən təltif olunanlara “Təşəkkürnamə”lər təqdim olunub.

 

UKRAYNALI NAZİR GƏNCƏDƏ

Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində xarici qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə Gəncə-Odessa hava reysinin açılması, təhsil, ticarət və aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub. Vladislav Krikliyə Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verən şəhər rəhbəri bildirib ki, burada müxtəlif təyinatlı ali təhsil və iri sənaye müəssisələri fəaliyyət göstərir. Azərbaycanla Ukraynanın dost ölkə olduğunu qeyd edən Niyazi Bayramov, Gəncə ilə mövcud əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün geniş imkanlar yaradacağını deyib. Ukraynalı nazir görüş iştirakçılarını Vətən Müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və Ukraynanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Daha sonra ölkələrimiz arasında mövcud olan və qurula biləcək əməkdaşlıq əlaqələrindən söz açan nazir, Gəncə ilə Odessa arasında aviareysin açılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə iş aparıldığını bildirib. Söhbət zamanı qeyd olunub ki, Gəncə ilə Ukrayna arasında artıq ticari əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb. Sonra Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Ali təhsil müəssisəsi ilə tanışlıqdan sonra onlayn formatda ADAU ilə Odessa Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha sonra Gəncədə Ukrayna məhsullarının satışı mağazasının açılışı olub. Ukraynalı diplomat Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazini ziyarət edib. Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər. Vladislav Krikliy gün ərzində bir sıra iri sənaye müəssisələrinə də baş çəkərək, onların fəaliyyəti ilə yaxından tanış olub.

Zabit XƏLİLOV,

“Respublika”.

Read 68 times