XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:38

VAKSİNLƏŞMƏ UĞURLA DAVAM EDİR

Koronavirus adlı qlobal bəla ortaya çıxandan ölkəmizdə operativ şəkildə qabaqlayıcı tədbirlər görülür. Pandemiya ilə mübarizə sahəsində aparılan işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Mərhələli şəkildə karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması öz bəhrəsini verir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək insanların gündəlik həyat normasına çevrilib.

Virusun geniş yayılmasının qarşısının alınmasında vaksinləşmə ən etibarlı üsul sayılır. Nazirlər Kabinetinin qərarı ilə ölkəmizin hər yerində yanvar ayının 19-dan vaksinləşmə prosesinə start verilib.

COVİD-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınmasında Masallı rayonunda hansı işlər görülüb? Rayonda vaksinləşmə necə gedir? Sualımızı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Aybəniz Qafarova cavablandırdı:

- Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun sərəncamı ilə 27 fevral 2020-ci ildə qərargah yaradılmışdır. O vaxtdan müntəzəm və davamlı şəkildə Masallı şəhərinin, qəsəbə və kəndlərin ərazisində dezinfeksiya işləri aparılır, xəstəliyin fəsadları barədə əhaliyə müntəzəm məlumatlar verilir. Yaradılmış mobil qruplar şəhər və kəndlərdə, ictimai yerlərdə əhalinin maskadan istifadə etməsinə, karantin rejiminin qaydalarına əməl olunmasına nəzarət edir. İcra başçısının tapşırığı ilə görülmüş işlər müntəzəm təhlil olunur, vaksinləşmənin gedişinə ciddi nəzarət edilir, qarşıya çıxan məsələlər operativ qaydada öz həllini tapır.

Rayonda vaksinləşmə prosesini mütəşəkkillik və təhlükəsizlik şəraitində həyata keçirmək məqsədilə iki xüsusi qrup yaradılıb. Qrupun birinə Aybəniz Qafarova rəhbərlik edir. Söhbət zamanı bildirir ki, peyvəndlənmənin aparılması üçün Masallı Rayon Mərkəzi Xəstəxanasında hər cür şərait yaradılıb. Əlavə olaraq həkim, orta tibb işçisi və sürücüdən ibarət səyyar briqadalar təşkil olunub. İcra başçısı Şahin Məmmədov xəstəxanada vaksinasiya üçün yaradılan şəraitlə, peyvəndlənmə prosesinin gedişi ilə yerindəcə tanış olub.

Xəstəxanada peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılıb. TƏBİB-in təlimatına uyğun şəkildə vaksinlərin gətirilməsi və saxlanılması üçün lazımi şərait yaradılıb.

Vaksinləşmə prosesinə Masallı şəhərindən, Şərəfə, Qızılavar, Səmidxan, ümumilikdə, rayonun bütün kəndlərindən vətəndaşlar könüllü şəkildə qatılıb. Aldığımız məlumata görə, 31696 nəfər peyvəndlənmə prosesində iştirak edib. Onlardan 20433 nəfərə birinci doza, 11263 nəfərə ikinci doza vurulub. Peyvənd olunanların 7590 nəfərinin yaşı 65-dən yuxarı, 19244 nəfərin yaşı 50-65 arası, 4862 nəfərin isə yaşı 50-yə kimidir. Rayonda peyvədlənmə prosesi qrafik əsasında uğurla davam edir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

Read 62 times