XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:35

Kürdəmir: Torpağa toxum düşür, bərəkətli olsun

Əkinçilik bu bölgədə dədə-baba sənəti hesab olunur. Aran hissənin mərkəzində yerləşən Kürdəmirdə torpaq bir o qədər məhsuldar olmasa da, zəhmətkeş insanlar bütün səylərini toplayaraq məhsuldarlıq əldə etməyə çalışırlar. Rayonda əsas çətinliklərdən biri əkin sahələrinin əsas su mənbəyi - Kür çayından xeyli kənarda olmasıdır. Kürdəmir Suvarma Sistemləri İdarəsinin, Mollakənd Mexaniki Suvarma İdarəsinin kollektivi yola saldığımız ildə “ağ qızıl” əkilən sahələrin suvarma suyuna olan tələbatını ödəyə bilmişlər. Nəticədə hektardan alınan məhsuldarlıq fermerləri qane etmişdir.

Cari mövsümdə rayonda 2510 hektardan çox sahədə çiyid səpilməsi nəzərdə tutulub. Rayonda səpinə mütəşəkkil hazırlıqla başlanılıb. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

İlk olaraq səpinə Qarasu, Şilyan, Muradxan, Ərəbqubalı kəndlərinin ərazilərində start verilib. Qısa müddətdə 498 hektardan çox sahəyə çiyid səpilib.

Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Bu mühüm kampaniyaya 40 traktor və səpin aqreqatı cəlb olunub.

Qeyd etdiyimiz kimi, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Əkinçilər kampaniyanın vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

 

Tofiq HÜSEYN,

“Respublika”.

Read 61 times