XƏBƏR LENTİ

Cümə axşamı, 01 Aprel 2021 06:51

LƏNKƏRAN MƏKTƏBLİSİNİN UĞURU

Allahverən Hüseynzadə V.Əliyev adına Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdidir. Eyni zamanda Lənkəran şəhər 2 saylı musiqi məktəbinin xanəndəlik sinfində də təhsil alır. Gənc müğənni rayonda xalq və bəstəkar mahnılarının istedadlı ifaçısı kimi tanınır. Lənkəran şəhərində keçirilən müxtəlif tədbirlərdə gözəl ifaları ilə sevilir və alqışlarla qarşılanır.

Respublika Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsində Allahverən Hüseynzadə uğurla çıxış edib. Müsabiqənin məqsədi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadənin və onun timsalında bütün şəhidlərin parlaq xatirəsini yad etmək, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub. Allahverən müsabiqədə sözləri Zivər Ağayevaya, musiqisi Rauf Məmmədova məxsus olan “Yaşa mənim xalqım” mahnısını ifa edib.

Respublikanın Xalq artisti Təyyar Bayramovun sədrlik etdiyi münsiflər heyəti lənkəranlı məktəblinin çıxışını yüksək qiymətləndirib. O, bəstəkar mahnıları nominasiyası üzrə 15-20 yaş qrupunda III yerə layiq görülüb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

Read 98 times