XƏBƏR LENTİ

Bazar, 11 Aprel 2021 10:12

Musiqi mədəniyyətimizin inkişafında onun xidmətləri böyükdür

Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Oqtay Rəcəbov musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri ilə seçilən sənətkarlardandır. Öz yaradıcılığı ilə təkcə Azərbaycanda deyil, bir sıra Şərq və Avropa ölkələrində tanınan bəstəkar 9 simfoniya, 7 opera (onlardan 5-i uşaq operasıdır), 3 oratoriya, 2 kantata, müxtəlif alətlər və simfonik orkestr üçün 4 konsert, 400 mahnı (uşaq mahnıları daxil olmaqla), müxtəlif janrlı 22 filmə (Rusiya Mərkəzi Televiziyasına məxsus 1, İran İslam Respublikasına məxsus 5 film) yazılmış musiqi, 2 musiqili komediya, fortepiano məcmuələrinin müəllifidir. Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı 1969-cu ildə yazdığı “Faytonçu” mahnısı Anatolu Qəniyev tərəfindən ifa olunmuş, sonradan çox məşhurlaşaraq xalqın sevimlisinə çevrilmişdir.

  

Oqtay Rəcəbov öz yaradıcılığında Şövkət Ələkbərova, Mirzə Babayev, Gülağa Məmmədov, İlhamə Quliyeva, Flora Kərimova, Elmira Rəhimova kimi tanınmış müğənnilərlə birgə çalışaraq bir-birindən rəngarəng mahnılar ərsəyə gətirmişdir. Mən xüsusilə, bəstəkarın “Necə unudum səni” mahnısı haqqında fikir söyləmək istərdim. Belə ki, bu mahnı Xalq artisti Flora Kərimovanın ifasında televiziyada səslənəndən sonra xalqımız tərəfindən sevildi, sonradan onu respublikamızda 30 müğənni oxudu və 8 klip çəkildi. Bu gün bu mahnı Türkiyədə, İranda tanınmış müğənnilər tərəfindən məmnuniyyətlə ifa olunur. Bu mahnını dinləyən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu onu son 50 ilin ən gözəl sevgi mahnısı olduğunu söyləyib. Tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti T.Quliyev isə qeyd olunan mahnı haqqında belə demişdi: “Bu, sadəcə olaraq mahnı deyildir. Onu “Sevgi simfoniyası” adlandırmaq olar” O.Rəcəbov Böyük Britaniya Krallığının “World in Need” xeyriyyə cəmiyyətinin maliyyə dəstəyilə ingilis, Azərbaycan və rus əlifbasının hər bir hərfinə yazılmış mahnılardan ibarət 3 vokal məcmuənin müəllifidir.

Bəstəkarın yaradıcılığında müxtəlif janrlarda çəkilmiş filmlər də xüsusi yer tutur. Bu filmlərin 6-sı bədii, 9-u sənədli, 7-si isə cizgi filmidir. Onu da qeyd etmək lazımdır ki, bu filmlərin 4-ü İran İslam Respublikasının sifarişi ilə çəkilmişdir. Moskvanın Mərkəzi Telekanalının sifarişi ilə çəkilmiş “Qız, oğlan və şir” filmi isə 1974-cü il martın 24-də qeyd olunan kanalda nümayiş etdirilmişdir. Əlbəttə ki, bu, bəstəkarın böyük uğurlarından biri idi. Qeyd etmək lazımdır ki, bəstəkarın “Xeyir və Şər”, “Tıq-tıq xanım”, “Sərçəcik” adlı uşaq operaları Respublika İncəsənət Gimnaziyasının və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin uşaqlarının ifasında Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya tərəfindən çəkilərək efirdə dəfələrlə göstərilmiş və həmin telekanalların Qızıl Fonduna daxil edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunan telekanalların hər birində O.Rəcəbovun elmi, bəstəkarlıq və pedaqoji fəaliyyətini əks etdirən 2 sənədli film çəkilib.

Bu gün bəstəkar qeyd edilənlərlə yanaşı, elmi rəhbər kimi fəaliyyət göstərir. Belə ki, 1992-2018-ci illər ərzində məhz onun rəhbərliyi altında 10 musiqiçi müəllim pedaqoji elmlər üzrə fəlsəfə və elmlər doktoru elmi dərəcələrinə, dosent, professor kimi elmi adlara layiq görülərək öz sərbəst fəaliyyətlərini Bakıda, İranda, Türkiyədə, Suriyada davam etdirirlər.

Keçən ilin sonunda “Mütərcim” nəşriyyatında nəşr olunmuş “Azərbaycan musiqisinə dair ensiklopediya və xalq musiqisi ilə əlaqədar əlavə məlumatlar” adlı kitabın yaranmasında da bəstəkarın çox böyük rolu olmuşdur. Orta ümumtəhsil, uşaq musiqi məktəblərinin yuxarı sinif şagirdləri və musiqi kolleclərinin tələbələri üçün nəzərdə tutulmuş bu kitab respublikamızın mədəniyyət, təhsil və elm sahəsi üçün bir töhfədir. O.Rəcəbov Azərbaycanda ilk dəfə olaraq müsəlman dininə aid 10 mahnıdan ibarət “İlahi nəğmələr” adlı mahnılar silsiləsini yazmışdır. Mahnıların sözləri respublikamızın tanınmış şairlərinə məxsusdur.

Tanınmış bir pedaqoq kimi Əməkdar müəllim, Azərbaycan və SSRİ-nin qabaqcıl maarif əlaçısı olan O.Rəcəbov keçən əsrin 70-ci illərində Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Musiqi təlimi və təsviri incəsənət” şöbəsi müdiri vəzifəsində çalışmaqla bərabər, Bakının 12 saylı ümumtəhsil məktəbində 9 il müəllim kimi eksperimentlər aparmış və onun ardıcılları olan 50 müəllim respublikanın müxtəlif məktəblərində bu sınaqları həyata keçirmişlər. Məhz bu dərsləri görən böyük rus bəstəkarı, akademik D.B.Kabalevski belə qərara gəlib ki, 1982-ci ildə II ümumittifaq estetik tərbiyəsinə həsr olunmuş konfrans məhz Bakıda keçirilsin.

Ümumiyyətlə, bəstəkarın məktəblilərin estetik tərbiyəsinə həsr olunmuş 100-dən çox məqalələsi respublikamızda, eləcə də, onun hüdudlarından kənarda nəşr olunmuşdur.

İctimai xadim kimi O.Rəcəbov Azərbaycan Dövlət Televiziya və Radio şirkətində 1978-1992-ci illərdə xalqımıza təqdim olunan “Məktəblilərin musiqi klubu” adlı televiziya verilişinin həm yaradıcısı, həm də aparıcısı olmuşdur. Dmitri Kabalevski və həmyerlimiz akademik Yuri Əliyev də bu verilişlərdə çıxış etmişlər. O.Rəcəbovun təklifi və təşəbbüsü ilə 1988-ci ildə 8 saylı Musiqi təmayüllü internat məktəbi Respublika İncəsənət Gimnaziyasına çevrilmiş və burada direktor işlədiyi müddətdə (1992-2001) 67 Beynəlxalq müsabiqə laureatı, Beynəlxalq diplomatlar yetişmişdir. Bu gün həmin məktəbin yetirmələrindən Xalq artistləri, Əməkdar artistlər, Əməkdar rəssam və heykəltəraşlar respublikamızda müxtəlif sahələrdə fəaliyyət göstərir.

O.Rəcəbov 2006-cı ildə Rusiya Pedaqoji və Sosioloji Elmlər Akademiyasına birbaşa akademik seçilib, 2011-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə, 2018-ci ildə “Tərəqqi medalı”na, 2019-cu ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

O həm də novator bəstəkardır. Xor və simfonik orkestr üçün “Zabul-segah” muğamı əsərini yazmaqla yeni vokal simfonik janrının əsasını qoyub. Digər tərəfdən, 1992-ci ildə onun “Göyçək Fatma” adlı cizgi film-operası C.Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında çəkilməklə respublikamızda ilk “Cizgi-opera filmi” janrı yaradıldı. Bu cizgi-operanın simfonik müşayiəti Sank-Peterburq kinemotoqrafiya idarəsinin simfonik orkestri tərəfindən, vokal-xor musiqi nümunələri isə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və xor kollektivi tərəfindən diskə köçürüldü.

Pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosioloji Elmlər Akademiyasının akademiki O.Rəcəbov respublikamız üçün müasir musiqi təlimi sisteminin lazımi dərsliklərlə təmin olunmasında mühüm işlər görmüşdür. O, Azərbaycan və rus dillərində “Musiqi” dərsliklərinin və “Müəllimlər üçün metodik vəsait”lərin, musiqi elminə və musiqi tədrisi metodikasına həsr olunmuş 15 monoqrafiyanın müəllifidir.

O.Rəcəbovun elmi fəaliyyətindən danışarkən onun doktorluq dissertasiyasında öz əksini tapmış “Məktəblilərin musiqi mədəniyyətinin formalaşdırılması və inkişafı prosesinin fiziki modeli” haqqında danışmamaq olmaz. Bu gün bir çox xarici ölkələrdə musiqi tərbiyəsi sahəsində çalışan məşhur pedaqoq-alimlər bu modeli elmi kəşf kimi qiymətləndirirlər.

Məhz yuxarıda göstərilənlərə yekun olaraq, O.Rəcəbovun hərtərəfli yaradıcılığı haqqında dahi bəstəkarımız, Xalq artisti, Dövlət mükafatları laureatı T.Quliyevin vaxtı ilə “Respublika” qəzetində çap etdirdiyi “O.Rəcəbov Qafqazın Kabalevskisidir” adlı məqaləsinin son sətirlərini diqqətə çatdırmaq istərdim: “Dünyada elə insanlar vardır ki, onlar öz yaradıcılıqları vasitəsilə xalqını, elini bütün dünyaya tanıtdırırlar. Belə insanlardan biri də bəstəkar, alim, pedaqoq Oqtay Rəcəbovdur. O, Qafqazın Kabalevskisidir! Onu həm xalqımız, həm də bütün Şərq dünyası üçün qorumaq lazımdır!”.

Görkəmli bəstəkar, alim, pedaqoq, ictimai xadim Oqtay Rəcəbovu 80 illik yubileyi münasibətilə təbrik edir və ona cansağlığı arzulayırıq...

Nazim KAZIMOV,

Əməkdar incəsənət xadimi, professor.

Read 130 times