XƏBƏR LENTİ

Bazar, 11 Aprel 2021 10:11

Özünəməxsus deyim tərzi, müşahidə qabiliyyəti olan şair

İstedadı, şəxsi nümunəsi ilə insanların gözündə pillə-pillə ucalan Fuad İslamoğlu haqqında mətbuat səhifələrində dəfələrlə maraqlı yazılar verilib. O, həmişə mavi Xəzərin nəğməli sahillərində olur, pıçıldaşan ləpələri seyr edir. Təbiətin gözəlliyindən ilham alır. Çox keçmir ki, gördükləri, müşahidə etdikləri qəlbindən süzülüb misralara çevrilir...

 

Onun şeirlərində Azərbaycanın gözəlliyi vəsf edilir. Hiss edirsən ki, Fuad İslamoğlunun qəlbi  Vətən, torpaq eşqi ilə döyünür. Vətənin işıqlı gələcəyə gedən yolunda bir cəsur əsgər, bir sadə insan kimi diqqəti cəlb edir.

Qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayan, poetik ilhamla qələmə aldığı şeirlərində tarixi gerçəklikləri daim önə çəkən, poema və şeirlərini qəlbinin odu ilə yazan Fuad İslamoğlu oxucuların sevimlisinə çevrilmiş, el gözündə pillə-pillə ucalmış, necə deyərlər, öz əli ilə özünə şan-şərəf heykəli ucaltmışdır. O, yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan, sözü ilə əməli üst-üstə düşən şairlərdən biri olmaqla yanaşı,  həm də səmimiyyəti, vətəndaş  mövqeyi ilə seçilən bir ziyalı, xalq, millət fədaisidir. Onun yaradıcılığına diqqət yetirdikdə aydın olur ki, “yaxşı ad” Fuad İslamoğlu üçün sadəcə mənəvi-əxlaqi dəyər yox, həm də böyük bir həyat fəlsəfəsidir.

2021-ci ilin Novruz bayramı ərəfəsində ömrünün 75-ci baharı qeyd edilən Fuad İslamoğlu kiçik yaşlarından şeirə, sənətə böyük maraq göstərmiş, yaşıl otlar döşəyi, sal daşlar yastığı olmuş, vurğunu olduğu təbiət, onun əsrarəngiz gözəlliyi qəlbində misralara və müxtəlif səpkili şeirlərə çevrilmişdir.

İstedadlı, iti qələm sahibi olan şairin şeirləri öz mayasını, dadını-duzunu görkəmli el sənətkarlarının, xüsusilə Dədə Ələsgərin söz-sənət çeşməsindən alıbdır. Onları oxuduqca xəyal insanı lap uzaqlara - işğaldan azad olunmuş ərazilərə, Azərbaycanın zümrüd qaşı olan qədim Şuşa şəhərinə aparıb çıxarır.

Fuad İslamoğlunun yaradıcılığı geniş və əhatəlidir. O, xalqımızın əxlaqi, sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdini çox böyük ustalıqlıqla, sənətkarlıqla öz şeirlərində əks etdirir.

El şairinin poetik ilhamla qələmə aldığı şeirlərində Azərbaycan təbiəti, onun atlas geyimli dağları, düzləri, gölləri, qıjıltı ilə axan çayları, şərbət bulaqları, yaşıl yaylaqları əksini tapmışdır. Fuad İslamoğlunun əxlaqi cəhətdən çox böyük əhəmiyyətə malik olan didaktik, tərbiyəvi şeirləri, şeirlərdəki aforistik ifadələr şairin yaradıcılığında qırmızı kəmər kimi uzanır.

Bir sözlə, Fuad müəllim dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq üçün layiqli övlad məhəbbəti, fədai əməyi, mətanəti ilə Vətənin - Azərbaycanın xidmətində durmağı, xalqın, ata yurdun tarixini yaşatmağı özünə borc bilir.

Fuad İslamoğlunun ömür yolu maraqlıdır. Böyük Vətən müharibəsi iştirakçısı olan və müxtəlif orden, medallarla təltif olunmuş atası tarixi qələbəmizdən sonra bir hərbçi kimi xidmətini davam etdirmək üçün Dağıstana göndərilmiş, bir müddət orada qulluq keçmişdir. Fuadın dünyaya gəlməsi xəbərini də burada eşitmişdir.

Fuad bir yaşında olanda ailəlikcə Azərbaycanın Samux rayonuna köçmüşlər. Ədəbiyyata, şeirə böyük maraq göstərən Fuad həmişə öz istedadı ilə şagird yoldaşlarından fərqlənərdi. Məktəbin divar qəzetində onun kiçik, oxunaqlı şeirlərinə ayrıca yer ayrılardı. Sevimli şagirdi Fuadın şeirə, poeziyaya sonsuz həvəsi ədəbiyyat müəllimi Şamilin diqqətindən yayınmamış, yaradıcılığını genişləndirmək üçün ona həmişə dəyərli tövsiyələr vermişdir.

Neft-Kimya Akademiyasının məzunu olan Fuad İslamoğlu ayrı-ayrı illərdə rəhbər vəzifələrdə çalışmış, müxtəlif mükafatlara layiq görülmüşdür. Şair şeirlərinin birində deyir:

Mayam təmiz, halallıqla yoğruldum.

Nə oldu ki, öz içimdə qovruldum?

Dağı gəzdim, düz yoldaca yoruldum.

Düz əməllə, düz əqidə yorğunu

Mən olmuşam, gözəlliklər vurğunu.

***

Daxili aləmi gözəl insanlar

Sözlərilə əməli bir olanlar,

Xalqına, yurduna sadiq olanlar

Olmayırlar heç vaxt vicdan yorğunu,

Fuad belə insanların vurğunu.

Onu əhatə edən hər şeyə sevgi, sayğı ilə yanaşan şair Fuad İslamoğlunun “Qartal səmaya tək uçur” kitabına daxil etdiyi vətənpərvərlik ruhunda yazılmış şeirlər hamını müstəqil bir dövlət üçün əlindən gələni əsirgəməməyə çağırır.

Şairin indiyə kimi “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi?” kitabları da işıq üzü görmüşdür.

Fuad İslamoğlu ilhamla qələmə aldığı şeirlərində bütöv Azərbaycanı, türkçülüyü  özündə, sözündə, yaradıcılığında yaşadır və andırır.

Şair hazırda 5-ci kitabını nəşrə hazırlayır. O, daim axtarışdadır. Bilir ki,  şair olmaq üçün çox oxumaq, çox yazmaq lazımdır. Təkcə yazmır, ana yurdun bu və digər qayğıları ilə yaşayır, xalqın gələcək taleyinin təəssübkeşidir. Kim bilir, bəlkə onun poeziyaya bağlılığının bir səbəbi də budur... Fikirlərini, düşüncələrini, şeirin ecazkar dili ilə söyləməklə sanki rahatlıq tapır. Deyir ki, şair olmaq asan deyil, bu, yuxusuz gecələr, ümid paylaşmaq çayların axarını, dağların baxarını sevmək, insanı varından yox edən gerçək şeirlər yazmağı bacarmaqdır. Çətindir, amma gözəldir. Təbii ki, əgər oxucu könlünün sarı siminə toxuna, ruhunu tərpədə bilir, onu düşündürürsənsə...

El şairi Fuad İslamoğlu boş vaxtlarında həyat yoldaşı, söz-sənət vurğunu Nişanə xanım, sevimli oğlu Firad, nəvələri Ləman, Aydan, Gülüzar, Fuad, Sərxan, Nihal, Fatimə, Muradla birlikdə evdə, süfrə başında, yaz-yay aylarında mavi Xəzərin qoynunda xudmani məclis keçirir, el şairi yeni şeirləri ilə şirin-şəkər balaları sevindirir...

Biz ömrünün 75-ci baharını yaşayan Fuad İslamoğlu ilə Sumqayıt şəhərində görüşüb söhbət etdik. Onun şirin söhbətindən ayrılmaq olmurdu. Qəlbindən süzülüb gələn xoş sözləri olduğu kimi qələmə aldıq:

- Uzun illər idi ki, torpaqlarımızın faşist xislətli ermənilərin işğalı altında olması qəlbimi didib-parçalayırdı. Bilirsiniz, torpaq itkisi çox çətindir, çox! Şükürlər olsun ki, 2020-ci ilin noyabrında 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğala son qoyuldu, torpaqlarımız azad oldu. Eşq olsun müzəffər Azərbaycan ordusuna!

Pandemiya başa çatdıqdan sonra Fuad müəllimin ilk səfərə çıxacağı məkan Qarabağın mədəniyyət beşiyi Şuşa olacaqdır. Bundan sonra isə qəlbində yeni mövzular baş qaldıracaq, qəhrəman Azərbaycan əsgərlərinə, onların igidliyinə, cəsurluğuna neçə-neçə şeirlər yazılacaqdır...

Qədir ASLAN,

“Respublika”.

Read 82 times