XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 17 Aprel 2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq.

Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.

Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.

Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.     

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

Prezident İlham Əliyev: Burada həmişə yaxşı şanı üzümü var idi - ağ şanı, qara şanı.

“Bakı Abadlıq Xidməti” MMC-nin müdiri Bünyad Qasımov: 50 min ting əkmişik, davam etdiririk.

Prezident İlham Əliyev: Həmin sortdan?

Bünyad Qasımov: Hazırda dörd sort əkilib, ağ şanı da var, qara şanı da.

Prezident İlham Əliyev: Çox şirin idi, bal kimi.

Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanınır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış oldular.

Dövlətimizin başçısı və birinci xanım qəsəbədə ağac əkdilər.

Prezident İlham Əliyev Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlini qoydu.

Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.

Sonra dövlətimizin başçısı və xanımı qəsəbə ilə tanış oldular.

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür. Post-müharibə və mövcud pandemiya reallığından baxdıqda isə iqtisadi gücümüzün böyük dərəcədə artdığı, hətta qlobal çağırışlara rəğmən, heç bir sosial layihənin ixtisar olunmadığı aydın görünür.

Pirşağı qəsəbəsində yenidənqurma işlərinin layihəsindən danışan Bünyad Qasımov bildirdi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə müsabiqə elan etdik. Bu qəsəbədə yenidənqurma tədbirlərinin konseptual layihəsini hazırlamaq üçün 20-dən artıq iş topladıq. Sözsüz ki, qəsəbənin öz xüsusiyyətlərini, buranın ab-havasını, Abşeronun mədəniyyətini və digər amilləri nəzərə alacağıq.   

 

 

AZƏRTAC

Published in Siyasət

Müharibə ölüm, dağıntı deməkdir. Otuz ildən bəri xalqımız zorla cəlb olunduğumuz Qarabağ müharibəsinin dinc yolla həllinə çalışdı, dövlət başçılarımız ən mötəbər tribunalardan dünyanı bu məsələnin danışıqlar yolu ilə həllinə təkan verməyə səslədi. Dünya isə susdu... 2021-ci il sentyabrın 27-də Azərbaycan ordusu ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Azərbaycan, eyni zamanda, informasiya müharibəsilə üz-üzə qaldı. Bu istiqamətdə dövlət başçısı İlham Əliyevin gördüyü işlərin isə misli-bərabəri yoxdur. Belə ki, Vətən müharibəsi dövründə o, 30-a yaxın dünyanın aparıcı mediasına müsahibə, bəyanatlar verdi, çıxışlar etdi, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərdi ki, cənab İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gözəl həmsöhbətdir, o, dialoq aparmaqdan, yaxud müsahibədən heç zaman imtina etməz. Bu, ilk növbədə onun siyasi müdriklik və kamilliyindən irəli gəlir. İstədiyi kəslə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığına malikdir. Mətbuat nümayəndələri ilə belə bir məharətin sərgilənməsi isə hər siyasətçiyə nəsib olmayan bir keyfiyyətdir. O, mövcud siyasi vəziyyəti çox aydın və ətraflı canlandıra bilir, hadisələrə, mövcud siyasi vəziyyətə isti-isti, doğru-düzgün və böyük uzaqgörənliklə qiymət verir. Onun bu cəhəti istənilən auditoriya üçün maraq doğurur. Dövlət başçısının bu keyfiyyətləri 44 günlük Vətən müharibəsi dövründə onlayn şəkildə keçirdiyi görüşlərdə, verdiyi müsahibələrdə də aydın görünürdü. Bu günlərdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Prezident İlham Əliyev ətraflı nitq söyləmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

Xatırladaq ki, dəvət olunmuş iştirakçıların Ağdama səfərindən sonra konfransın keçirilməsi də təsadüfi deyildir. Belə ki, səfər zamanı xarici nümayəndələr dağıntıların, Ermənistanın işğalının qorxunc nəticələrinin şahidi olmuşlar. Müharibə başa çatdıqdan sonra Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac yaranmışdı və ölkə başçısının da vurğuladığı kimi, konfransın əsas mövzusu da münaqişədən sonra inkişaf və əməkdaşlıqdır. Konfransın məram və məqsədindən danışan ölkə rəhbəri diqqəti bir qədər əvvələ çəkərək 30 ilə yaxın bir müddətdə xalqımızın başına gətirilən faciəyə münasibət bildirmişdir: “... bizim torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik”.

Hər bir məsələyə cəsarətlə münasibət bildirən, ya onun əhəmiyyətsizliyini sübuta yetirən, yaxud məsələnin zəruriliyinə hər kəsi inandırmağı bacaran ölkə başçısı konfransda ilk olaraq ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzənin sualına cavab verdi. “Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici qələbə qazanmışdır... Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu” - deyən Metyu Brayzənin “Ermənistan dərk edirmi ki, siz müharibəni təmkinli qaydada aparmısınız və bu, bir müddətdən sonra xalqlar arasında hansısa barışıqla nəticələnə bilərmi?” - sualına ölkə başçısı: “Artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır.

O ki qaldı, bizim müharibə zamanı davranışımıza, Ermənistan tərəfindən düzgün qiymətləndirilirmi sualına, mənim cavabım xeyirdir və bu, çox təəssüf doğuran haldır. Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanı isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq...” deyə cavab verir. Mövzunun davamı olaraq, İlham Əliyev bu davranışın müharibədən sonra da davam etdirildiyini, ermənilərə edilən güzəştləri diqqətə çatdırır: “Hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq”.

Ümumiyyətlə, İlham Əliyev müsahibələrində, görüşlərində hər zaman siyasi sayıqlıq nümayiş etdirir, ən ciddi məsələ olan müharibə ilə bağlı maraqlı düşüncələrə diqqəti cəlb edirdi. Müharibə, onun doğurduğu fəlakətlər, ağır nəticələri, dünyamız üçün yaratdığı problemlərdən danışarkən fikrini açıq bildirirdi. Bunu mətbuat nümayəndələri ilə görüşlərində də, dünya ölkələrinin rəhbərləri ilə söhbətlərində də, beynəlxalq qurumların təmsilçiləri ilə apardığı dialoqlarda da bəyan edir, Qarabağ probleminin dünya üçün bir təhlükə olduğunu onlara anlatmağa çalışırdı. Təəssüf ki, məsələnin sülh, danışıqlar yolu ilə həllini ermənilər istəmədi, müharibə baş verdi və o tarixə döndü.

Jurnalistlərin suallarından irəli gələn fikirlərə münasibət bildirməyi vacib bilən ölkə başçısı bəzən provokasiya xarakterli suallara da tutarlı cavablar verir, qarşısında duran adama özünün kimliyini, haqlı olduğunu sübuta yetirir. Qarabağ müharibəsindən sonrakı inkişafla bağlı hələ çoxlu sualların qaldığını bildirən İlham Əliyev qeyd edir ki, otuz ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də həmrəyliyini görürük. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Ermənistandakı rejim xarici nümayəndələrin onların törətdikləri viranəlikləri və azərbaycanlılara qarşı nifrətlərini görməsini istəmirdi. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki müharibə zamanı yaşayış məntəqələrini dağıtmaq olmazdı. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, həmçinin bu əraziləri bizim yaddaşlarımızdan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər.

Dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən demişdi: “Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb... Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb...”.

Konfransda suallara dolğun cavablar verən İlham Əliyev işğal edilmiş ərazilərdə dağıntıların dərəcəsindən danışarkən bəyan etdi ki, Ermənistan Madrid prinsipləri haqqında razılaşma çərçivəsində heç vaxt güzəştə getmək, yaxud keçmiş DQMV-nin ətrafında olan yeddi rayonu qaytarmaq istəməyib, əksinə, status-kvonu mümkün qədər uzatmaq üçün hər vasitə ilə sülh danışıqları prosesini imitasiya etməyə çalışıb. Ermənistan konstruktiv danışıqlar əvəzinə hərbi tikililər və istehkamların inşası ilə məşğul olub, yəni ermənilər əslində yeni müharibəyə hazırlaşıb və prinsipcə, buna nail olublar.

Prezident İlham Əliyevin çox maraqlı bəyanatlarından biri də Qərb şirkətlərini Azərbaycanın Qarabağ regionunun bərpasında iştirak etməyə dəvətidir. Amerikalı ekspert Piter Teyz bu məsələyə diqqət çəkərək deyib: “Müəyyən mənada bütün beynəlxalq birliyə ünvanlanan bu müraciət möhkəm sülhün təkcə Azərbaycan vasitəsilə deyil, bütün maraqlı tərəflərin birgə töhfəsi vasitəsilə bərqərar olması barədədir. Müxtəlif ölkələrin şirkətləri sülhün qurulmasına və kommunikasiyaların yenilənməsinə öz töhfələrini verə bilərlər. Bu, öz növbəsində, Azərbaycanın azad edilmiş regionunda multikulturalizm, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün məkan yaradacaq”.

Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etməsi, ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləməsi, Ermənistanın “İsgəndər” raketindən istifadə etməsinin hərbi cinayət olması barədə də fikirlərini bildirib.

Ölkə başçısı xalqımız üçün daha həssas olan bir məsələyə də münasibət bildirərək deyib: “Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlət başçısı öz çıxışında belə bir fikri də vurğulayıb ki, hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.

Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə nə vaxt qaytarılacağı ilə bağlı Roma Sapienza Universitetindən Daniel Pommier Vinçellinin sualına cavab olaraq ölkə başçısı demişdir: “Biz onları mümkün qədər tez qaytarmaq istəyirik. Onlar bu qədər gözləyiblər. Lakin ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik... Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla bağlı proses gedir... Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.

Bəli, bu günü çox gözlədik. İnanırıq ki, 30 ildən bəri bir müddətdə düyünə düşmüş bir məsələni cəmi 44 gün ərzində həll etməyə qadir olan Azərbaycan xalqı, Azərbaycan dövləti bu problemin də həllinə nail olacaq. Qərib, nigaran ruhlar öz yerinə qayıdacaq, şəhid ruhları sevinəcək. Bu günə də az qalır...

 

Zümrüd QURBANQIZI,

“Respublika”.

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aqrar sektorunda xüsusi əhəmiyyəti olan tütünçülüyün bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafının sürətləndirilməsi, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə qərara alıram:

1. “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;

2.2. Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin etsin.

4. Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 2, maddə 90, N 7, maddə 625, N 11, maddə 996; 2012, N 9, maddə 853, N 11, maddə 1084; 2013, N 2, maddə 124, N 12, maddə 1525; 2014, N 7, maddə 789, N 9, maddə 1053; 2015, N 1, maddə 17, N 3, maddələr 263, 264, N 6, maddə 705, N 8, maddə 908, N 10, maddə 1134; 2016, N 3, maddə 437, N 5, maddə 859, N 6, maddələr 1051, 1072; 2017, N 9, maddə 1633; 2018, N 3, maddə 433, N 6, maddə 1245; 2019, N 1, maddə 73, N 2, maddə 245, N 5, maddə 845, N 6, maddə 1036, N 7, maddə 1232, N 8, maddə 1397, N 11, maddə 1718, N 12, maddə 1935; 2020, N 3, maddə 247, N 6, maddə 717, N 8, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.1-ci bəndinin birinci cümləsinə “Nazirliyi” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 aprel 2021-ci il.

Published in Fərman

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 24-də Bakı şəhərində və 2021-ci il fevralın 11-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Təşkilatına bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 aprel 2021-ci il.

Published in Fərman
Şənbə, 17 Aprel 2021 09:14

Eldar Tofiq oğlu Quliyev

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.

Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958-1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960-1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.

Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Mehriban Əliyeva, Əli Əsədov, Sahibə Qafarova,

Samir Nuriyev, Eldar Əzizov, Fərəh Əliyeva, Anar Kərimov,

Emin Əmrullayev, Şəfiqə Məmmədova, Anar Rzayev, Fərhad Xəlilov,

Azər Paşa Nemətov, Oqtay Mirqasımov, Rasim Balayev

Published in Məlumat

Sankt-Peterburqa səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko bu səfərin iki ölkə arasında sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko əlaqələrin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimizin münasibətlərinə mühüm töhfə verir.

Federasiya Şurasının sədri 10 noyabr tarixli üçtərəfli Bəyanatdan danışaraq qeyd edib ki, bu sənəd regionda sülhün təmin olunması üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunan Valentina Matviyenko Mərkəzin düzgün və obyektiv məlumatların verilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Söhbət zamanı region dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin  əhəmiyyəti də qeyd olunub.  

Milli Məclisin sədri Sahibə Qafarova görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verir. O deyib ki, Azərbaycan və Rusiyanın MDB PA çərçivəsində əməkdaşlığı iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin inkişafında müsbət rol oynayır. Bildirilib ki, son zamanlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq daha intensiv xarakter alıb və bir çox sahələri əhatə edir.

Parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin parlamentlərinin rolunu qeyd edib. Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qrupları pandemiya başa çatandan sonra fəaliyyətlərini daha sıx şəkildə davam etdirəcəklər.

Milli Məclisin sədri MDB PA-nın yaz sessiyası çərçivəsində terrorizmlə mübarizəyə həsr olunmuş konfransın keçirilməsini alqışlayaraq qeyd edib ki, terrorizm müasir dövrün ən qorxulu çağırışlarından biridir. Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan sədr 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın önəmini qeyd edib. Bildirib ki, bu sənəd bölgədə uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. O, ölkəmizin sənəddən irəli gələn bütün vəzifələri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova təəssüflə bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər göndərməsi barədə informasiyalar daxil olur. Azərbaycan tərəfində olan məlumata görə, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsilə Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərə göndərilib və bu diversiya qrupları Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər. Bu, Birgə Bəyanatın bəndlərinin kobud şəkildə pozulmasıdır, regionda sülhün və təhlükəsizliyin təminatına zərər verir.

Sahibə Qafarova Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunaraq qeyd edib ki, Ermənistan minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bu isə beynəlxalq hüquq normalarına ziddir, hərbi cinayətdir. Milli Məclisin sədri beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistana təzyiq göstərməsinin də vacib olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

 

 

AZƏRTAC

Published in Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da Sankt-Peterburqda Moldova parlamentinin sədri Zinaida Qreçanıy ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin sədri moldovalı həmkarını salamlayaraq qeyd edib ki, bu görüş ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir. Sədr deyib ki, MDB PA çərçivəsində qarşılıqlı fəaliyyətimiz Azərbaycan və Moldovanın qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.

Görüşdə qeyd olunub ki, bu gün Azərbaycanın və Moldovanın ali qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına öz töhfəsini verir.

Söhbət zamanı Sahibə Qafarova bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib və artıq ölkəmiz üçün quruculuq və yenidənqurma dövrü başlayıb. Lakin müharibənin bitməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Biz beynəlxalq ictimaiyyəti bununla bağlı Ermənistana təzyiq göstərməyə çağırırıq.

Azərbaycanlı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edən Moldova parlamentinin sədri Zinaida Qreçanıy ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bunun üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyindən danışıb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin, iqtisadi, ticari əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar EANA-ya üzv xəbər agentliklərinin növbədənkənar toplantısında qəbul edilib. Videoəlaqə ilə baş tutan iclasda təşkilata  üzv olan 30 agentliyin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iştirak edib.

Müzakirələr zamanı iştirakçılar Avropada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər, karantin rejimi və təhlükəsizlik məsələsini nəzərə alaraq Baş Assambleyanınonlayn şəkildə keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər. Bu il mayın 19-21-də keçirilməsi nəzərə tutulan toplantı ilə yanaşı, qurumun yaz konfransının da təşkili planlaşdırılır.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir. Alyansa France Press (Fransa), Press Associated (Böyük Britaniya), Anadolu (Türkiyə), APA (Avstriya), DPA (Almaniya), EFE (İspaniya) və digər informasiya agentlikləri daxildir. Keçmiş sovet ölkələri arasında EANA-ya yalnız AZƏRTAC, TASS və Ukrinform agentlikləri üzvdür.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 16-da “YAŞAT” Fondu, “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdə sənədi “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, millət vəkili Ramil Həsən və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Niyyət Protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsilə bir sıra istiqamətlərdə “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstəriləcək:

- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərclərinin tam olaraq qarşılanmasına dəstək göstəriləcək;

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar “YAŞAT” Fondu ilə birgə həyata keçiriləcək;

- “YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;

- Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3