XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 15 Aprel 2021

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Aleksandr Qriqoryeviç, Sizi yenidən görməyimə şadam. Dünən bizim qeyri-rəsmi formatda ünsiyyət saxlamaq, ikitərəfli gündəliyə aid məsələlərin geniş spektrini, regional problemləri müzakirə etmək imkanımız oldu. Bu gün dialoqumuzu davam etdiririk. Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır. Mən Belarusa səfərlərimi, Sizin Azərbaycana səfərlərinizi yaddaşımda təzələmişəm. Bütün bunlar ölkələrimiz arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad olduğunu və nəticəyə hədəflənməyimizi göstərir. Odur ki, qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir.

Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur.

Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Yəni, bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır. Bizim müntəzəm əlaqələrimiz, sadəcə, görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir. Bir daha xoş gəlmisiniz, Sizi yenidən Bakıda görməyimə şadam.

***

Prezident Aleksandr LUKAŞENKO dedi:

- Sağ olun İlham Heydər oğlu. Bütün bu pandemiya və sair ilə bağlı hadisələr fonunda bizim görüşümüz, ola bilsin, müəyyən dərəcədə refren kimi səslənəcək. Lakin həqiqi dostlar vaxtında həyata keçirilməli olacaq tədbirləri ləngitmirlər. Biz də belə edirik və heç bir pandemiya buna mane ola bilməz.

Siz çox düzgün dediniz ki, bizim siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.

Həqiqətən Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur.

Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir.

Siyasi münasibətlərimizə gəldikdə isə bizə nəyinsə çatışmadığını və ya hansısa mənfi amil olduğunu demək çətindir. Bizdə belə amillər yoxdur. Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm. Biz hələ Sovet İttifaqı dövründən bütün istiqamətlər üzrə ən səmimi münasibətləri bərpa etmişik. Xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur. Sağ olun ki, indicə dediyim kimi, Azərbaycan üçün çox gərgin bir dövrdə bu məsələləri müzakirə etmək üçün vaxt tapmısınız.

Prezident İlham ƏLİYEV: Sağ olun. 

***

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

 

 

Azərbaycan-Belarus sənədləri imzalanıb

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının “Milli Turizm Agentliyi” Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

 

 

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 14-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin səfəriniz ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün çox böyük əhəmiyyətə malikdir. Səfər dünən başlanıb. Dünən biz ətraflı söhbət apardıq, ikitərəfli gündəliyə aid praktiki olaraq bütün məsələləri, habelə regional problemləri müzakirə etdik. Mən Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra yaranmış vəziyyət barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Müzakirə etdiyimiz bütün məsələlər barədə tam qarşılıqlı anlaşma var.

Bu gün danışıqlar davam etdi. Biz xarici işlər nazirlərinin, habelə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə ətraflı söhbət apardıq. Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Bu münasibətlərin çox yaxşı tarixi var. Biz qarşılıqlı əlaqələrimizin bütün dövründə həmişə münasibətlərimizin inkişafı ilə bağlı məsələləri həll etmişik. Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik. Bundan ötrü müntəzəm görüşlər keçirmişik və keçiririk. Mən dəfələrlə Belarusa, Aleksandr Qriqoryeviç isə Azərbaycana səfər edib. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və yenə də belə olacaq. Pandemiya ilə əlaqədar bir qədər fasilə yaranıb, lakin vəziyyət imkan verən kimi biz Aleksandr Qriqoryeviçi salamlamağa çox şadıq və Azərbaycana səfər etməsi barədə dəvətimizi qəbul etdiyi üçün ona təşəkkürümü bildirmək istərdim.

Siyasi baxımdan müntəzəm surətdə həm dövlət başçıları, həm də xarici siyasət idarələrinin başçıları səviyyəsində məsləhətləşmələr aparılır. Biz fəal əməkdaşlıq edirik, beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyirik və gələcəkdə də belə edəcəyik.

Bu gün hökumətlərarası komissiyaların həmsədrləri və nümayəndə heyətlərinin üzvləri görülmüş işlər barədə məruzə etdilər. Nazirlər və nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər. Beləliklə, dünənki gün həm də münasibətlərimizin daha da möhkəmlənməsi məsələlərinə həsr edilib, əmtəə dövriyyəsinin şaxələndirilməsi və artırılması çərçivəsində gələcək əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib. Ötən il əmtəə dövriyyəsi xeyli artıb, lakin bu əsas etibarilə Belarusa xam neftin çatdırılması hesabına mümkün olub.

Bu ilin birinci rübündə xam neftin çatdırılması daha böyük həcmdə davam edib və düşünürəm ki, keçənilki həcmi əhəmiyyətli dərəcədə üstələyəcəyik. Marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır. Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik.

Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik.

Sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir. Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara -avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur. Mən bu gün də, dünən də qonaqlara dedim ki, erməni işğalından azad edilmiş ərazilərin sahəsi Lüksemburqdan dörd dəfə böyükdür. İşin həcmini təsəvvür edə bilərsiniz. Bu ərazidə hər şey dağıdılıb.

Bizim hazırladığımız ilk nəşrin bir nüsxəsini Aleksandr Qriqoryeviçə təqdim etdim. Həmin nəşrdə bizim azad etdiyimiz şəhərlərin işğaldan əvvəlki fotoşəkilləri və erməni işğalçılar tərəfindən həmin torpaqlarda törədilmiş vandalizmin və barbarlığın fotoşəkilləri var.

Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib. Bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib. Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib.

Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr - Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik.

Əlbəttə, Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər, Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər.

Mən Aleksandr Qriqoryeviçə onu da dedim ki, Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb. Minsk qrupu mövcuddur, lakin münaqişə nizamlanıb. Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil. Biz onlardan kreativ ideyalar gözləyirik. Bizim xarici işlər naziri mənə bu gün məruzə etdi ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı mənim dünənki şərhimdən sonra həmin qrup bəyanat verib. Təbii ki, mən o bəyanatla tanış olacağam. Lakin necə deyərlər, ümidvaram ki, Minsk şəhəri ilə bağlı bütün başqa formatlar sülh yolu ilə nizamlanacaq. Biz Ermənistanla münaqişəni demək olar 30 il müddətində sülh yolu ilə nizamlamaq istədik. Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir. Əgər onlar müharibədən əvvəl və hətta müharibə dövründə də bizim ərazilərimizi tərk etmək barədə mənim çağırışlarıma, israrlı tələblərimə qulaq assaydılar, müharibənin nəticələri Ermənistan üçün bu dərəcədə ağrılı olmazdı. Bütün təqsirlər onlardadır. Biz ədaləti, o cümlədən tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.

Beləliklə, Aleksandr Qriqoryeviç, Sizi bir daha ürəkdən salamlayıram. Sizin rəhbərliyinizlə qardaş Belarus xalqına yeni uğurlar, yeni zəfərlər diləmək istəyirəm. Siz öz ölkənizi inkişaf, tərəqqi yolu ilə inamla irəli aparır, sabitliyi təmin edirsiniz. Biz də dostlarınız kimi həmişə Sizin yanınızdayıq və həmişə Sizin yanınızda olacağıq.

Bir daha xoş gəlmisiniz və Sizə xoş əhval-ruhiyyə arzu edirəm. Düşünürəm ki, bu gün komandalarımıza verdiyimiz impulslar bizi daha genişmiqyaslı əməkdaşlığa aparacaq. Sağ olun.

***

Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko bəyanatla çıxış etdi.

 

Prezident Aleksandr Lukaşenkonun bəyanatı

- Hörmətli İlham Heydər oğlu, Belarus xalqının ünvanına, mənim ünvanıma dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Həqiqətən Prezidentlə biz dünən və bu gün münasibətlərimizi hərtərəfli təftiş etdik, həll etməli olduğumuz məsələləri nəzərdən keçirdik. Həm Azərbaycan tərəfdən, həm də Belarus tərəfdən bizim nazirlər çox yaxşı işləyiblər. Bu gün həmsədrlər görülmüş işlər barədə məruzə etdilər, nazirlər yaxşı işləyiblər. Bugünkü dialoqumuzdan sonra bu iş hələ davam edəcək.

Hörmətli İlham Heydər oğlu, bu səfər müddətində bizim dövlət nümayəndə heyətini əhatə edən ənənəvi dostluq şəraitinə görə səmimi təşəkkürümü bildirirəm. Bu dialoqun gedişində biz Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik və qeyd etdik ki, beynəlxalq gündəlik barədə bizim aramızda praktiki olaraq heç bir fikir ayrılığı yoxdur.

Dünyada vəziyyəti dəyərləndirmələrimiz tamamilə üst-üstə düşür, dünya iqtisadiyyatında böhran, pandemiya və ən başlıcası, perspektiv üçün birmənalı olmayan proqnozlar şəraitində gələcək birgə fəaliyyət barədə aydınlıq var. Biz sabah, birisi gün nələr olacağını bilmirik. Son vaxtlar bizim münasibətlərimizdə əhəmiyyətli irəliləyişlər olub. Mənim dostlumla görüşlərimizin açıq və səmimi şəraitini çox yüksək qiymətləndirirəm. Bizdə həmişə belə olub. O dedi ki, biz müntəzəm olaraq bir-birimizin dövlətlərinə səfər edirik. Mən buraya beşinci dəfədir gəlmişəm. İlham Heydər oğlu bu və ya digər məsələlərin həlli üçün beş dəfə Belarusda rəsmi səfərdə olub. Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmaları səmimi qəlbdən alqışlayırıq. Bu mühüm siyasi qərar regionda möhkəm sülhün təməli olmalıdır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə münasibətilə dövlətimizin başçısına artıq təbriklərini çatdırdığını dedi, 30 il davam edən və onun da qeyd etdiyi kimi, bu dəhşətli faciənin bitməsinin Azərbaycan və Ermənistan xalqları üçün önəmini vurğuladı.

Prezident Aleksandr LUKAŞENKO dedi:

- Mənim mövqeyimi bütün dünya bilir, Azərbaycan və erməni xalqları da bilirlər. Mən həmişə həyatı əsas götürmüşəm. İlham Heydər oğlu həmişə şahid olub, hələ onun atası Heydər Əliyev ilə görüşlərdə bu barədə söhbət düşəndə mən həmişə sual edirdim: deyin, Qarabağdakı insanlar son hadisələrə, bu hərbi əməliyyatlara qədər daim zülm altında yaşadıqlarına görə xoşbəxtdirlərmi? Orada onlara yaxşıdırmı? Bir də ki, orada sovet dövründə olanların ondabir hissəsi, bəlkə də daha az hissəsi qalıb. Dözülməz həyatdır. Deməli, bu problemi necəsə həll etmək lazımdır. Mən həmişə açıq danışmışam, bəzən tənqid atəşinə məruz qalmışam, amma bu problemi necə həll etməyin lazım olması barədə öz mövqeyimi bildirmişəm. İlham Heydər oğlu tam səmimi və açıq şəkildə dedi ki, biz problemi sülh yolu ilə həll etmək istəyirdik. Mən bütün bunların şahidi və tərəfdarı olmuşam. Bu gün isə mən həqiqətən həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını onların tarixində bu kədərli, ən azı kədərli dövrün başa çatması münasibətilə təbrik etmək istəyirəm. Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Mən əminəm ki, dostum və qardaşım erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam. Yəni, mən həmin suala cavab vermişəm, mən hər iki xalqı təbrik etmişəm. Bu problemin həllində onun çox böyük rolunu qeyd etmək istəyirəm. Dünən İlham Heydər oğlu ilə söhbətdə dediyimiz kimi, indi onun necə hisslər keçirdiyini düz duymuşam. Düşünmək olardı ki, bəli, qələbə qazanılıb, məsələ həll edilib, vəssalam. Amma ertəsi gün yuxudan oyandım və fikirləşdim ki, bu, yalnız ilk addımdır. Sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər, hər halda Livandan kiçik olmayan bu ərazilərdə hələ nə qədər iş görülməlidir! Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. Çox istərdim ki, bu, sülh epopeyası olsun.

Azərbaycanın qarşısında bundan sonra da görüləcək çox işlərin olduğunu qeyd edən Prezident Aleksandr LUKAŞENKO dedi: 

- Mən bunları ona görə deyirəm ki, dünən İlham Heydər oğluna da demişəm, Siz bilməlisiniz, belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir. Belarus naziri burada özünə iş tapmalıdır. Xüsusən ona görə ki, Prezident belaruslar üçün, onların bu son dərəcədə zəngin ölkədə işləmələri üçün qapıları geniş açıb. Bu gün mən açıq etiraf etməliyəm ki, yaxşı mənada heyrətlənmişəm ki, Azərbaycan təkcə, məsələn Böyük Vətən müharibəsi illərində Sovet İttifaqını xilas etmiş çox böyük qaz və neft ehtiyatları demək deyil. Mən tarixdən yaxşı bilirəm. Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar, onda işimiz bitərdi. Lakin sən demə, Azərbaycanın dəmir filizi ehtiyatları, müxtəlif hesablamalara görə həcmi 15 milyard dollara qədər olan böyük qızıl filizi ehtiyatları da varmış. Ona görə bu, çox zəngin, perspektivli ölkədir, onun böyük gələcəyi var.

Prezident Aleksandr LUKAŞENKO münaqişənin başa çatmasında Azərbaycan Prezidentinin rolunu bir daha xüsusi vurğulayaraq bildirdi:

- Allaha şükür, hər şey bitib. Sadəcə, sağ olun ki, bitirdiniz və əminəm ki, Siz tarixin bu səhifəsini çevirəcəksiniz. Azərbaycan məsələyə bu cür yanaşmaqla Azərbaycanda yaşayan ermənilərin boyunlarını əyməyə hazırlaşmır, axı onlar təkcə Qarabağda deyil, başqa yerlərdə də yaşayırlar. Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır, mən belə nümunələr görməmişəm. Siz bizi haraya çağırsanız hər cür kömək göstərəcəyik. Biz öz variantlarımızı təklif edəcəyik.

Belarus Prezidenti əlaqələrimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edərək, eyni zamanda, onun işğaldan azad olunmuş ərazilərimizin bərpası və ölkəmizdə pandemiyaya qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirdi. 

Prezident Aleksandr LUKAŞENKO dedi:

- Əlbəttə, ticari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Buyurun, biz buraya, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq.

Bu baxımdan Belarus Prezidenti ölkəsinin Azərbaycan ilə birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayaraq bildirdi:

- Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.

Prezident İlham ƏLİYEV: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.

Prezident Aleksandr LUKAŞENKO: Bunu bilirik, bu, onun başucalığıdır.

Prezident İlham ƏLİYEV: Bakıda oxuyub.

Prezident Aleksandr LUKAŞENKO: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.

Elmi-texniki sahədə qarşılıqlı əlaqələrimizi dərinləşdirmək üçün yaxşı perspektivlər görünür. Hərbi-sənaye kompleksinə gəldikdə isə Belarusun keçmiş müdafiə naziri, indiki səfir buradadır. O, sərhədlərdən başlamış ta bizim istehsal etdiyimiz müasir vasitələrə qədər hər şeyi bilir. O, istənilən məsələni həll edə bilər və nazirlər də eşitdilər, səfirin istənilən tələbi hərbi-sənaye kompleksi sahəsində reallaşdırılacaq, bizim bacardığımız və Azərbaycandakı dostlarımıza lazım olan bütün istiqamətlər üzrə.

İlham Heydər oğlu, pandemiyaya və başqa qorxulu məqamlara baxmayaraq, bu gün görüşməyimizə görə Sizə təşəkkür edirəm. Biz razılaşdıq ki, danışıqlarımızı davam etdirəcəyik və bizim hökumətin üzvləri televizor vasitəsilə deyil, bir-birinin yanına gəlməklə səfər mübadiləsi aparacaqlar. Sizi Belarusa dəvət etmək istəyirəm, indi növbə Sizindir. Sizi gözləyəcəyik. Xüsusən ona görə ki, dünən biz Sizin Belarusa səfərinizin əsas bəndlərini, Belarus ərazisində gedəcəyiniz ayrı-ayrı yerləri və müəssisələri nəzərdə tutduq.

İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm, Siz bunu bilirsiniz, istəyirəm ki, ölkə rəhbərləri, Azərbaycanın digər rəhbərləri və xalq bilsin ki, biz həmişə Sizin və ölkənizin etibarlı dostları olmuşuq və dostlar kimi qalacağıq. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

 

Səfər başa çatdı

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AZƏRTAC

Published in Siyasət

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosial-iqtisadi siyasət strategiyası yeni-yeni nailiyyətlərə yol açır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. 

 

Bunun nəticəsi kimi müstəqil Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Sosial-iqtisadi siyasətin məqsədyönlülüyü, ardıcıllığı, eləcə də milli mənafeləri özündə əks etdirməsi hər bir azərbaycanlıda qürur hissi doğurur, Azərbaycanın daha da parlaq gələcəyinə və bununla da müstəqilliyimizin əbədiliyinə inamı artırır. Beləliklə, ulu öndər tərəfindən əsası qoyulan strategiyanın həyata keçirilməsi nəticəsində son 17 ildə ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş Dövlət proqramları qəbul edilmişdir. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, eləcə də yoxsulluğun aradan qaldırılması olmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014, 2014-2018 və 2019-2023-cü illər üzrə Dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır. Dövlətimizin başçısı regional Dövlət proqramlarının icrasını daim diqqətdə saxlayıb, ölkənin ən ucqar məntəqələrində yaşayan sakinlərin həyatı, gündəlik qayğıları ilə mütəmadi olaraq maraqlanıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Regional proqramlar, eyni zamanda, yerlərdə vətəndaş cəmiyyəti qurulmasında ən mühüm elementlərdən birinə çevrilib.

Çünki rayon mərkəzlərinin, qəsəbələrin, ucqar kəndlərin sakinləri hər zaman üzərlərində dövlət qayğısını, ölkə rəhbərinin diqqətini hiss ediblər. Belə bir vəhdətin mövcudluğu isə sözügedən Dövlət proqramlarının əhəmiyyətini daha da artırıb, həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla icrasına diqqəti gücləndirib.

Aparılan geniş təhlillər də göstərir ki, regional Dövlət proqramları ölkə iqtisadiyyatında mühüm prioritetə çevrilən əsas inkişaf istiqamətlərinin reallaşdırılmasını sürətləndirir. Bu cür önəmli istiqamətlərdən biri məhz elə iqtisadiyyatın diversifikasiyasıdır. Belə ki, regional proqramlar vasitəsilə Azərbaycanın bölgələrində iqtisadiyyatın ayrı-ayrı sahələri geniş inkişaf edərək, dünya bazarlarına müxtəlif məhsulların çıxarılmasını təmin edir və bununla da qeyri-neft sektorunun güclənməsinə gətirib çıxarır.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ili ölkəmizin tarixinə ən uğurlu illərdən biri kimi düşüb. Bu dövrdə proqramda nəzərdə tutulan bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilib. İcrası planlaşdırılan sosial infrastruktur layihələri yüksək səviyyədə reallaşdırılıb və gələcək inkişaf üçün güclü təməl yaradılıb. Dünyanın müxtəlif regionlarında gərginlik ocaqlarının mövcud olmasına baxmayaraq, Azərbaycanda uzun illərdir ki, sosial-iqtisadi və siyasi sabitlik mövcuddur. Belə bir şəraitin fonunda ölkə iqtisadiyyatı dinamik olaraq inkişaf etməkdədir. Bunu statistik göstəricilərdən də aydın görə bilərik. Belə ki, dördüncü regional Dövlət Proqramının icrasının birinci ilində qeyri-neft sənayesinin sürətli inkişafı nəticəsində 98 min yeni iş yeri yaradılıb. Bu, məşğulluq səviyyəsinin yüksəlməsinə, işsizliyin azalmasına müsbət təsir göstərib.

Ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub ki, bu da ölkə iqtisadiyyatının həm xarici, həm də daxili investorlar üçün cəlbedici olduğundan xəbər verir. İl ərzində makroiqtisadi vəziyyət sabit qalıb. İnflyasiya 2,5 faiz təşkil edib, əhalinin gəlirləri isə 7,4 faiz artıb. Bu dövrdə valyuta ehtiyatları 6,4 milyard dollar artaraq ilin sonuna rekord həddə - 51 milyard dollara çatıb.

“Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilibdir” (Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin çıxışından).

Sadalanan uğurların əldə edilməsinə istər siyasi, istərsə də iqtisadi müstəvidə aparılan islahatlar öz müsbət təsirini göstərib və bu, sosial sahədə önəmli yeniliklər üçün əsaslı zəmin hazırlayıb. Yeri gəlmişkən, ölkə rəhbəri sosial məsələlərin həllinə hər zaman böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən sosial paketin gerçəkləşdirilməsi ilə respublika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə 2 dəfə artırılıb. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı sərəncam da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi rəğbətlə qarşılanıb. Bu sərəncamla bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə ötən illərdə sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını gerçəkləşdirən uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir. Bütün bunlar ölkəmizin əhalisinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində görülən işlərin hər bir ölkə vətəndaşı üçün son dərəcə əhəmiyyətli olduğunu, həmçinin ölkə rəhbəri möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin əsasında əhalinin sosial rifahının yüksəldilməsi məsələsinin ilk sırada dayandığını göstərir.

İl ərzində infrastrukturun yenilənməsi sahəsində də əsaslı işlər görülüb. Respublikada 84 məktəb və 60 tibb müəssisəsi tikilib və təmir edilib, 800 meqavat əlavə elektrik enerjisi istehsal olunub. Bunun 400 meqavatı yeni işə salınan “Şimal-2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası vasitəsilə reallaşıb. Elektrik enerjisi istehsalı sahəsində ölkəmiz artıq enerji ixracatçısına çevrilib. Bu sahədə ən mühüm məsələlərdən biri də əhalinin qazla təmin edilməsidir. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda bu rəqəm 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Ötən il ərzində ölkədə 1300 kilometr avtomobil yolu salınıb ki, bu da əvvəlcədən nəzərdə tutulandan 300 kilometr çoxdur. Dünya ekspertlərinin qiymətləndirmələrinə görə, respublikamız avtomobil yollarının keyfiyyəti reytinqinə əsasən dünya ölkələri arasında 27-ci yerdə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə, hətta bir sıra inkişaf etmiş ölkələrdən irəlidədir.

Son illərdə müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində respublikada sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Bu illərdə ən mühüm hadisələrdən biri də Trans-Anadolu (TANAP) qaz kəmərinin istismara verilməsi olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirib: “2019-cu ildə TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi, doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Xatırladaq ki, TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Hazırda Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, ölkəmiz “Doing Business - 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

 

Söhrab SƏFİYEV,

“Respublika”.

Published in Digər xəbərlər

2021-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin fəaliyyətə başlamasının 50 illiyi tamam olur.

Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmışdır. Ulu öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer almışlar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Cəmşid Naxçıvanski adına hərbi liseyin ölkədə ordu quruculuğu işində təqdirəlayiq fəaliyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 aprel 2021-ci il.

Published in Sərəncam

Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində hansı şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı. Tarixboyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək, “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərhinə dair sualı cavablandırarkən deyib.

Leyla Abdullayeva bildirib ki, Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur. Bəlkə Fransa səfirinə görə, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub? Ləyaqətli davranan ölkə, ilk növbədə, qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir.

Uzun illərdir ki, vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir.

 

AZƏRTAC

Published in Digər xəbərlər

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir. Müxtəlif ölkələrin informasiya platformalarında tədbirlə bağlı 100-dən çox xəbər verilib. Eyni zamanda, tədbir iştirakçısı olan  beynəlxalq mərkəzlərinin nümayəndələri və bir sıra ekspertlər də sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirləri paylaşıb, həmçinin buna münasibət bildiriblər.

AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin Anadolu Ajansı, Yeni Haber, Sözcü, Demirören Haber Ajansı, Mynet, Gazete Vatan, Yeni Şafak, Haber Global kimi aparıcı KİV-ləri Azərbaycan Prezidentinin çıxışına dair çoxsaylı materiallar, o cümlədən videoxəbərlər hazırlayaraq yayımlayıblar.

Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri Rusiya mətbuatında da geniş yer alıb. TASS, REGNUM, RİA Novosti, Vestnik Kavkaza, Vzqləd, News.ru, Lenta.ru, MKRU, Kommersant, Eurasia Daily, Qazeta, RBK, ROSBALT, 360, Federalğnoe Aqenstvo Novostey, Life, RT, İzvestiə, Vesti, Nezavisimaə Qazeta, Federalğnoe Aqenstvo Novostey    kimi informasiya agentlikləri, televiziya və qəzetlər dövlətimizin başçısının çıxışına istinadla konfrans haqqında geniş informasiyalar veriblər.

Dövlətimizin başçısının konfransdakı çıxışı Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “GORDON”, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, GuildHall, 24tv.ua, News.ua, Espreso, RBC.ua, Qazeta, Delovaə Stoliüa, 112 Ukraine və digər informasiya mənbələrində də geniş işıqlandırılıb. Ukrayna və rus dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin çıxışındakı bir sıra fikirlər xəbər başlıqlarına çevrilib.

“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans qonşu Gürcüstanda da KİV-in marağına səbəb olub. Bu ölkənin report.ge, interpress.ge, 24news.ge, kvira.ge, aktual.ge, ghn.ge, accentnews.ge, 1tv.ge, KavkazPlus və digər portalları Prezident İlham Əliyevin konfransdakı çıxışından bəzi məqamları oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırıblar.

Azərbaycan Prezidentinin nitqi Bolqarıstanın Focus-News, Livanın IMLebanon News, Misirin Aldiplomacy, Pakistanın Urdu Point, Hindistanın United News of India, Moldovanın Noi.md, Belarusun Charter97, Litvanın Slaptai, Qırğızıstanın "turktoday.info" media qurumları tərəfindən də ətraflı işıqlandırılıb.

Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından bir sıra məqamlar sosial şəbəkələrdə geniş paylaşılıb. Məsələn, konfransın Türkiyədən olan iştirakçıları Hasan ünal və Ahmet Uysalın, habelə Pakistanın Qlobal Strateji Elmlər Mərkəzinin tvitlərində tədbirin əhəmiyyəti, Azərbaycan Prezidentinin çıxışındakı nüanslar vurğulanıb.

Bundan başqa, bir sıra xarici ekspertlərin də dövlətimizin başçısının çıxışı ilə bağlı fikirləri diqqəti cəlb edir. ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz ümumilikdə tədbiri beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi kimi dəyərləndirib.

Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato isə Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlərlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltməyə sadiqliyini nümayiş etdirdiyini deyib.

Qeyd edək ki, ilk dəfə olaraq Prezident İlham Əliyevin “YouTube” kanalında və “Facebook” səhifəsində canlı yayım formatında təqdim olunan konfransa “Facebook” səhifəsində 120.971 nəfər baxıb, həmçinin 23.276 nəfər tərəfindən bəyənilib, şərhlər yazılıb və paylaşılıb. Həmçinin “YouTube” kanalında konfransa 16.795 baxış olub.

 

 

AZƏRTAC

Published in Diaspora

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub. Dövlətimizin başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyyən edilib.

Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan, ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcək.

Həmçinin Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib.

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 14-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov səfir Erkan Özoralı səmimi salamlayaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin aidiyyəti qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini vurğulayıb, bu istiqamətdə verdiyi töhfəyə görə Erkan Özorala təşəkkür edib.

Səfir Erkan Özoral səmimi görüşə görə minnətdarlığını bildirib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Telereportajda Azərbaycanın azad olunmuş torpaqları bərpa etmək əzmindən, minaların yaratdığı böyük təhlükələrdən bəhs olunur

Azad edilmiş ərazilərdə yaşamaq hələ mümkün deyil. Erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı əraziləri 30 il tampon zona kimi işğal altında saxlayıblar. Bu ərazilər gözə görünməz təhlükələrlə doludur. Hər tərəf minalanıb. Ötən il bəyanat imzalanandan sonra onlarca mina partlayıb, onlarca insan, xüsusilə də mülki sakinlər minaların qurbanları olub və ya yaralanıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın ARTE telekanalında yayımlanan “Dağlıq Qarabağ: kövrək sülh” adlı verilişdə səsləndirilib.

Bildirilib ki, mövcud təhlükəyə baxmayaraq, insanlar çox cəsarətlidirlər. Mina təhlükəsi 30 ildir ayrı düşdükləri doğma yurdlarına qovuşmaq arzusu ilə yaşayan insanlara mane ola bilmir. İnsanlar doğma evlərini görmək üçün kəndlərinə yollanırlar, ancaq hökumət təhlükənin qarşısını almaq məqsədi ilə onlara azad olunmuş ərazilərə getməyə icazə vermir. Yalnız Xalid kimi bəzi insanların doğma evini görmək şansı olur. O, evinə getmək icazəsi alıb.

Xalid deyir ki, işğaldan əvvəl kəndlərinin böyük iqtisadi imkanları var idi, insanlar yaxşı yaşayırdılar. Amma ermənilər 30 illik işğal vaxtında bu ərazilərdəki evlərin hamısını dağıdıblar. Bütün iqtisadiyyat məhv edilib. Yalnız erməni əsgərlərinin yaşaması üçün istifadə edilən binalar saxlanılıb. Mülki əhali haqqında heç düşünülməyib.

Reportajda göstərilir ki, nəhayət, Xalid atası ilə birlikdə Suqovuşanda tikdiyi gölün sahilindəki evinə çatır. Ancaq o, bu evdə yaşaya bilməz, çünki ev dağıdılıb, ətraf minalanıb və hər addımda ölüm təhlükəsi var.

Xalid uşaqlarından söz açaraq, onların ata yurduna qayıtmaq istədiklərini bildirir: “Evimiz dağıdılıb, burada çox işlər görmək lazımdır. Buna baxmayaraq, biz yenə öz evimizə qayıtmaq istəyirik. Birlikdə yenidən evimizi bərpa edəcəyik. Uşaqlarım ata yurdunu görməyi səbirsizliklə gözləyirlər”. Amma minaya görə hələ bu mümkün deyil.

“30 ildir ki, Azərbaycan hökuməti bütün səylərini ordu quruculuğuna səfərbər edib. Bu illər ərzində yeganə arzu torpaqların azad edilməsi olub. İndi torpaqlarımız işğaldan azad edilib. Azərbaycan hökuməti bu əraziləri yenidən tikib quracaq”, - deyə Xalid əminliklə söyləyir.

Jurnalist neft sənayesi sayəsində Azərbaycanın zəngin ölkə, Bakının isə ölkənin iqtisadi rəmzi olduğunu bildirir. Azərbaycanın bu imkanları azad edilmiş torpaqlarla bağlı böyük ambisiyalardan xəbər verir. Qələbədən sonra Qarabağda yenidənqurma işlərinə başlanılıb.

Verilişdə Füzuli şəhərinin səmadan çəkilişi göstərilir: şəhər tamamilə dağıdılıb, yalnız uçuq evlər görünür. Jurnalist qeyd edir ki, kabus şəhərinə çevrilmiş Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti işləri başlayıb. Buldozerlər tikilməkdə olan beynəlxalq aeroportun yollarını düzəldir. Bu, dağıdılmış regiona yenidən iqtisadi tərəqqi gətirəcək.

Qeyd olunur ki, müharibənin ilk günlərindən Füzuli ətrafında ən intensiv döyüşlər gedib. Erməni əsgərləri dronların və artilleriyanın hədəfinə çevrilib. 

Ekranda dağıdılmış Füzuli şəhəri göstərilərək bildirilir ki, 1994-cü ildən əvvəl 17 min əhalisi olan şəhər bu gün daş kabusu və mina sahəsinə çevrilib. Mustafayev gələcəkdə şəhəri elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının tikintisinə rəhbərlik edir və hər gün işçilərlə təhlükəsizlik qaydalarını xatırladır: “Bilirsiniz ki, ətraf minalanıb. Ona görə ehtiyatla hərəkət etməli, müəyyən edilmiş yoldan kənara çıxmamalısınız, diqqətli olmalısınız. Biz buraya, 30 ildir gözlədiyimiz torpaqlara xidmət etməyə gəlmişik”. Mustafayev jurnalistlə təəssüratlarını bölüşərək deyir ki, buraya gələndə bütün tikililərin dağıdıldığını görüb. Burada işləmək onlar üçün bir şansdır və regionun əvvəlki vəziyyətini bərpa etməyə hazırdırlar. “Səylərimizi üçqat artıracağıq ki, məqsədlərimizi tezliklə reallaşdıraq. Buraya gəlmək hər bir Azərbaycanlının arzusudur”,-deyə Mustafayev bildirir.

Azad edilmiş ərazilərdəki onlarla dini məkan Azərbaycanın nəzarətinə keçib. Bu abidələrin böyük əksəriyyəti Azərbaycanda yaşayan, milli azlıqdan olan xristianlara aiddir.

Azərbaycan hərbçilərinin müşayiəti ilə dindarlardan və jurnalistlərdən ibarət qrup “Tityanavanq”  monastırına gedir. 13 dindarı 50 jurnalist müşayiət edir. Dindarlar jurnalistlərin çəkilişi altında dini ayinlərini icra edirlər.

Barışıq mümkündürmü? Yenidən Xalid danışır: “Bizim üçün fərqi yoxdur, ermənilər orada yaşayacaq ya yox. Əsas odur ki, bu torpaqlar Azərbaycanındır və ermənilər burada yaşamaq istəyirlərsə, Azərbaycan dövlətini qəbul etməlidirlər.

Bu müharibəni erməni terrorçuları və ideoloqları başladılar. Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı nifrət siyasətini dayandırmalıdır”.

Telejurnalist həmsöhbət olduğu Xalidin övladlarını danışdırır və bildirir ki, uşaqlar atalarına nisbətən daha emosiyasız danışırlar və hökumətin siyasətinə anlayışla yanaşırlar.

 

 

 

 

 

AZƏRTAC

Published in Diaspora

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr edilmiş beynəlxalq konfransın iştirakçıları ilə görüşü beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışını və ədalətli, dəyişməz siyasətini növbəti dəfə nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz bildirib.

P.Teyz konfrans iştirakçılarına qoşularaq, Azərbaycan rəhbərliyini və xalqını ölkənin ərazi bütövlüyünün bərpası və Ermənistanın işğalçı qüvvələri üzərində qələbə münasibətilə təbrik edib.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev işğal edilmiş ərazilərdə dağıntıların dərəcəsindən danışarkən haqlı olaraq bəyan edib ki, Ermənistan Madrid prinsipləri haqqında razılaşma çərçivəsində heç vaxt güzəştə getmək, yaxud keçmiş DQMV-nin ətrafında olan yeddi rayonu qaytarmaq istəməyib, əksinə, status-kvonu mümkün qədər uzatmaq üçün hər vasitə ilə sülh danışıqları prosesini imitasiya etməyə çalışıb. P.Teyz vurğulayıb ki, Ermənistan konstruktiv danışıqlar əvəzinə hərbi tikililər və istehkamların inşası ilə məşğul olub, yəni ermənilər əslində yeni müharibəyə hazırlaşıb və prinsipcə, buna nail olublar.

Amerikalı ekspert bildirib ki, konfransda Prezident Əliyevin çox maraqlı bəyanatlarından biri də Qərb şirkətlərini Azərbaycanın Qarabağ regionunun bərpasında iştiraka dəvət etməsi idi. P.Teyz deyib: “Müəyyən mənada bütün beynəlxalq birliyə ünvanlanan bu müraciət möhkəm sülhün təkcə Azərbaycan vasitəsilə deyil, bütün maraqlı tərəflərin birgə töhfəsi vasitəsilə bərqərar olması barədədir. Müxtəlif ölkələrin şirkətləri sülhün qurulmasına və kommunikasiyaların yenilənməsinə öz töhfələrini verə bilərlər. Bu, öz növbəsində, Azərbaycanın azad edilmiş regionunda multikulturalizm, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün məkan yaradacaq”.

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3