XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 10 Aprel 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Volkan Bozkırı salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz. Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam ki, Azərbaycana səfər edirsiniz. Bildirməliyəm, biz fəxr edirik ki, qardaş ölkənin nümayəndəsi BMT Baş Məclisinin prezidentidir. Bilirəm ki, COVİD-ə baxmayaraq, 75-ci sessiya uğurla davam edir və burada sizin böyük səyləriniz vardır. 

Eyni zamanda, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, biz COVİD-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVİD dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik.

BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdur və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilmişdir və BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində, biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar.

Bir sözlə, hörmətli Volkan bəy, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Bir daha Azərbaycana gəldiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, siz bu yaxınlarda Türkiyəyə, Vətəninizə səfər etmisiniz və Azərbaycana, yenə də Vətəninizə səfər edirsiniz.

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır dedi: - Hörmətli cənab Prezident.

Həqiqətən də, Azərbaycana BMT Baş Assambleyasının sədri olaraq ilk səfərimi etməkdən böyük məmnunluq və qürur duyuram. Azərbaycan BMT üçün çox önəmli bir ölkədir. Zati-alinizin pandemiya dövründə rəhbərlik etdiyi BMT-nin xüsusi sessiyası həqiqətən, tam zamanında və son dərəcə önəmli nəticələr ortaya qoyan bir toplantı oldu. Sizin aylarla sürən səyləriniz, əslində, mənə sədrlik etmək qürurunu bəxş etdi və bu baxımdan Sizə təşəkkür borcluyam.

Həmçinin, Qoşulmama Hərəkatına sədrliyi son dərəcə müvəffəqiyyətlə həyata keçirirsiniz. Bu, BMT üçün çox önəmli bir təşkilatdır və onun sədri olmaq da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan fəaliyyətinizə görə Sizə təşəkkür etmək məqsədilə gəldim.

BMT Baş Assambleyasının bir türk sədri olaraq da Azərbaycana gəlmək mənim üçün xüsusi bir xoşbəxtlik və qürur mənbəyidir. Bəhs etdiyiniz bütün məsələləri, həqiqətən, Nyu-Yorkdan diqqətlə izləyirik.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor  Krasnovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Bildirildi ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, perspektiv məsələlər müzakirə edildi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar elm xadimi”

Allahverdiyeva Lalə İsmayıl qızı

Bağırova Hicran Firudin qızı

Məmmədov Arif Məmməd oğlu

 

“Əməkdar müəllim”

Həsənov Faiq Paşa oğlu

Məmmədov Fəxrəddin Nərman oğlu

Məmmədova Zemfira Şahnəzər qızı

Ocaqverdi Zadə Elmira Əli qızı

 

“Əməkdar həkim”

Bəylərov Rauf Oruc oğlu

Pənahov Nazim Adil oğlu

Poluxov Ramiz Şamil oğlu

Şükürov Malik Əvəz oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Elçin Kamil oğlu

Axundov Ramiz Atalla oğlu

Camalov Fariz Hidayət oğlu

Cavadov Samir Sabir oğlu

Cəfərov Ələmdar Mədət oğlu

Əhmədov İlham Əvəzağa oğlu

Əliyeva Zemfira Abdul Həmid qızı

İsmayılov Qurban Meyfalı oğlu

Nəsirli Cəfər Əliabbas oğlu

Səlimov Rövşən İmran oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Published in Sərəncam

Ülyahəzrət,

Həyat yoldaşınız - Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xidmət etmiş, həmişə Sizin yanınızda olmuş, ölkənizin rifahı naminə məsuliyyətli fəaliyyətinizdə Sizə dəstək vermişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Published in Məktublar

Hörmətli cənab Baş nazir,

Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Published in Məktublar

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 1, maddə 17, N 5, maddə 323; 2002, N 5, maddə 236; 2003, N 1, maddələr 23, 24, N 6, maddə 279; 2004, N 7, maddə 505, N 8, maddə 598, N 10, maddə 761; 2005, N 4, maddələr 277, 278; 2006, N 2, maddə 64, N 12, maddə 1006; 2007, N 1, maddələr 3, 4, N 2, maddə 68, N 5, maddə 439, N 6, maddə 560, N 7,  maddə 712, N 8, maddə 756; 2008, N 6, maddə 462, N 7, maddə 602, N 12, maddə 1046; 2009, N 6, maddə 402; 2010, N 2, maddə 75, N 4, maddə 276; 2011, N 6, maddələr 471, 476, N 7, maddələr 583, 619, N 12, maddələr 1096, 1105; 2012, N 5, maddə 411, N 6, maddə 511; 2013, N 5, maddə 472, N 6, maddə 625, N 11, maddələr 1266, 1307; 2015, N 6, maddə 677, N 12, maddə 1435; 2016, N 5, maddə 836, N 6, maddə 1016, N 11, maddələr 1761, 1763, N 12, maddə 2047; 2017, N 2, maddə 155, N 4, maddə 523, N 5, maddələr 706, 750, N 11, maddələr 1935, 1975; 2018, N 5, maddə 879, N 8, maddə 1672, N 11, maddələr 2209, 2225, N 12 (I kitab), maddələr 2524, 2534; 2019, N 1, maddə 23, N 5, maddələr 792, 812, N 7, maddə 1197, N 12, maddələr 1897, 1907; 2020, N 7, maddə 832, N 11, maddə 1333) aşağıdakı dəyişikliklər edilsin:

1. 347-ci maddə üzrə:

1.1. 347.1.1-ci maddəyə “şəxs” sözündən sonra “(Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olan əcnəbi və vətəndaşlığı olmayan şəxs)” sözləri əlavə edilsin;

1.2. 347.3-cü maddəyə “vətəndaşları” sözündən sonra “, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər” sözləri əlavə edilsin.

2. 348-ci maddə üzrə:

2.1. 348.2.5-ci maddədən “ögey valideynlərinin,” sözləri çıxarılsın və həmin maddəyə “valideynlərin” sözündən sonra “, qəyyumun (himayəçinin)” sözləri əlavə edilsin;

2.2. 348.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“348.2.6. valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa götürülməsinə dair həmin uşağın yerləşdiyi müəssisənin rəhbərinin rəyi və ya uşağın tərbiyə olunduğu himayədar ailənin yazılı ifadə olunmuş fikri;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 mart 2021-ci il.

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalını genişləndirmək, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluq səviyyəsini artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67.35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8.05 hektar olmaqla, ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.2. Cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışını təşkil etsin və əldə edilən vəsaitin Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu Sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən borclar ödənildikdən sonra Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istifadəsindəki əmlakın satışından əldə olunmuş vəsaitin qalan hissəsini özəlləşdirmədən daxilolmalara aid edilməklə dövlət büdcəsinə köçürülməsini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, Cəmiyyətin ləğvi və yenidən təşkili ilə bağlı ümumi yığıncağın səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlər isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

4. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə:

4.1. Cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını (borcların silinməsi daxil olmaqla), habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu Sərəncamın 2.1-ci və 4.1-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi ilə bağlı tədbirlər görsün.

5. Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq  qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 3 (I kitab), maddə 126; 2002, N 12, maddə 702; 2004, N 7, maddə 505; 2006, N 2, maddə 66, N 11, maddə 923, N 12, maddələr 1005, 1006; 2007, N 1, maddə 4, N 8, maddə 745, N 11, maddə 1053, N 12, maddə 1218; 2008, N 7, maddə 602; 2010, N 2, maddə 70, N 3, maddə 171, N 5, maddə 380, N 7, maddə 578; 2011, N 7, maddələr 585, 620, N 12, maddə 1110; 2014, N 12, maddə 1515; 2019, N 2, maddə 185, N 5, maddə 800, N 12, maddə 1906; 2020, N 7, maddə 832; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 199-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.   117.6-1-ci maddəyə “qohumu” sözündən sonra “(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri, “övladlığa verilməsinə” sözlərindən sonra “onlar uçota alındıqları gündən” sözləri əlavə edilsin.

2.   118-ci maddə üzrə:

2.1. 118.3.2-ci maddədə “şəxslərin” sözü “şəxsin (şəxslərin)” sözləri ilə əvəz edilsin;

2.2. 118.3.3-cü maddəyə “şəxsə” sözündən sonra “(şəxslərə)” sözü əlavə edilsin;

2.3. 118.15-ci maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə, “118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir” sözləri “118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir” sözləri ilə əvəz edilsin;

2.4. 118.24-cü maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

3.  119-cu maddə üzrə:

3.1. 119.4-cü maddədə “Yaxın qohumlar” sözləri “Qohumları” sözü ilə əvəz edilsin və həmin maddəyə “tərəfindən” sözündən əvvəl “, eləcə də ögey ata (ögey ana)” sözləri əlavə edilsin;

3.2. 119.11-ci maddədə “119.9.2-ci” sözləri “119.10.2-ci” sözləri ilə əvəz edilsin.

4.  120.1.8-ci maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

5.  120.4-cü maddədə “yaxın qohumları olan” sözləri “qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən” sözləri ilə əvəz edilsin.

6.  121.1-ci və 121-2-ci maddələrdə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.

7.  124-cü maddə üzrə:

7.1. 124-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq”;

7.2. 124.2-ci maddədə “yazılı razılığı lazımdır” sözləri “həmin uşaqlarla bağlı fikri öyrənilir” sözləri ilə əvəz edilsin;

7.3. 124.3-cü maddədə “fikri öyrənilir” sözləri “rəyi alınır” sözləri ilə əvəz edilsin;

7.4. 124.4-cü maddəyə “razılığı olmadan” sözlərindən sonra “və ya fikri nəzərə alınmadan” sözləri əlavə edilsin.

8.  134-cü maddə üzrə:

8.1. 134.10-cu maddədə “da” sözü “bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;

8.2. 134.11-ci maddə ləğv edilsin.

9. 142.1-ci maddədə “uşağı” sözü “uşağın” sözü ilə, “vermə müqaviləsi” sözləri “verilməsinə dair müqavilə” sözləri ilə əvəz edilsin.

10. 145.3-cü maddənin birinci cümləsində “rəyi” sözü “fikri” sözü ilə əvəz edilsin.

11. 155.3-cü maddəyə birinci halda “vətəndaşı” sözündən sonra “, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 mart 2021-ci il.

Published in Qanun
1 -dən səhifə 5