XƏBƏR LENTİ

Şənbə, 17 Aprel 2021 09:01

Vaksinasiya ilə bağlı maarifləndirmə tədbirləri

Dünyanı ağuşuna almış koronavirus pandemiyası bütün dünya ölkələri, cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və digər istiqamətlər baxımından ciddi sınaq oldu. Koronavirus infeksiyası ən inkişaf etmiş ölkələrdə belə hər gün çoxlu sayda insanın həyatına son qoyur. Azərbaycanda bu virusa qarşı mübarizədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilmiş və bütün resurslar ölkə əhalisinin sağlamlığının qorunmasına yönəldilmişdir. Təqdirəlayiqdir ki, koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində Azərbaycanda epidemiyanın geniş yayılmasına imkan verilmədi. Bu baxımdan dövlətimiz ən zəruri olan addımları artır.

Bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və dünyanı bürümüşdür. ÜST 2020-ci il 23 yanvar tarixindən COVİD-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixindən yaranmış təhlükənin qlobal miqyasda çox yüksək olmasını, xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olmasını və səhiyyə sisteminin yüksək səviyyədə yüklənməsi nəticəsində yaranmış pandemiyaya hazır olmaması və digər amilləri nəzərə alaraq 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Bununla bağlı dövlət tərəfindən müvafiq işlər həyata keçirilməkdədir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır və bununla əlaqədar “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın qəbulu zəruri olmuşdur. Strategiyada yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirləri nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, Azərbaycan COVİD-19 pandemiyasına qarşı bütün imkan və səyləri səfərbər edən ilk ölkələrdən biridir və əhalinin peyvənd olunması prosesi yüksək səviyyədə təşkil olunub. TƏBİB ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya ediləcəyini bəyan edib. Onu da qeyd edək ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində ölkəmizə 84 min doza vaksin göndərilib. Bu gün dünyada 130 milyondan artıq, insan bu virusa yoluxub ki, onlardan da 3 milyona yaxını həyatını itirib. Və bu bəladan qurtulmağımız və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranması vacibdir ki, bu da yalnız vaksinasiya vasitəsilə mümkündür. Azərbaycan bu gün vaksinasiyaya ilk başlayan ölkələr sırasındadır və hazırda Çinin “Sinovak” şirkətinin “Coronavak” vaksinindən istifadə olunur. Aprel ayının 4-dən isə COVAX platforması vasitəsilə Böyük Britaniya və İsveçin birgə istehsal etdikləri “Astra-Zeneka” vaksini ölkəmizə gətirilmişdir. Bundan əlavə, “Sputnik V”, “Biontech pfizer”, “Moderna” vaksinlərinin də Azərbaycana gətirilərək istifadəsi də nəzərdə tutulur. Hazırda dünyada mövcud olan vaksinlərlə bərabər, bir sıra ölkələr yeni vaksin hazırlamağı davam edirlər. Çünki dünyada pandemiyanın davam etməsi COVİD-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olması, səhiyyə sistemi qarşısında dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olduğunu labüd etmişdir. COVİD-19 xəstəliyinə qarşı istifadə olunan vaksinlər yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında hazırlanır, müsbət kliniki sınaqlardan sonra insan orqanizminə tam təhlükəsiz, virusa qarşı maksimal dərəcədə effektivliyi təsdiq olunduqdan sonra vurulur.

Azərbaycanda immunoprofilaktika sahəsində həyata keçirilən dövlət siyasəti yoluxucu xəstəliyin yayılmasının aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Hazırda ölkəmizdə əhalinin peyvəndlənməsi işlərinin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan bir milyondan artıq insan peyvənd olunmuşdur. Vaksinasiyanın əhatə dairəsini daha da genişləndirmək üçün əhali arasında maarifləndirmə işləri aparılmışdır. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, bəzi dairələrdə vaksinin yan fəsadları və mənfi təsirləri barədə gəzən əsassız söz-söhbətlərə son qoyulmuşdur və ölkə əhalisi kütləvi şəkildə bu işdə könüllülük əsasında iştirak edir. Vətəndaşlarımız mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək insanlarımızın, özünün və başqalarının sağlamlığının qorunması məqsədilə vaksinasiyada mütəşəkkil olaraq iştirak edir. Vaksinasiya prosesi şəffaf və əlçatandır. Vaksinasiyanın həyata keçirildiyi bütün tibb müəssisələrində bunun üçün hər cür şərait mövcuddur.

Ölkə əhalisinin mərhələli şəkildə peyvənd olunması uğurla davam etdirilir və insanlar arasında maarifləndirici və COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi işləri aparılır. Bu işdə səhiyyə nazirliyi, TƏBİB, kütləvi informasiya vasitələri və digər qurumların işçiləri fəallıq göstərir, əhalinin vaksinləşdirilməsi və bu işdə onların maarifləndirilməsi yönündə həyata keçirilən işlərdə mühüm rol oynayırlar.

Əli SADIQOV,

“Respublika”.

Read 167 times