XƏBƏR LENTİ

Şənbə, 17 Aprel 2021 08:58

DÜNYA BU GÜN

ƏRDOĞAN: YUNANISTAN LOZANNA ANLAŞMASINI POZUR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  cümə namazından sonra Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Türkiyəyə səfərini şərh edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfəri zamanı yunan keşişi ilə görüşüb və bunun üçün ona hər cür şərait yaradılıb. “Onların dini ayinlərini icra etmələrinə və bu dini icmanın özünə lider seçməsinə mane olunmur”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Ərdoğan çıxışı zamanı bəyan edib ki, Yunanıstan 150 min türkün yaşaması üçün lazımi şəraiti yaratmır.

Eyni zamanda, Ərdoğan bildirib ki, Yunanıstan Lozanna anlaşmasını pozur. O deyib: “Yunanıstan müsəlmanların dini liderinin Türkiyədən təyin edilməsinə qarşı çıxır. Xarici işlər nazirimiz yunanıstanlı həmkarına həddini bildirdi, daha mülayim ola bilməzdi. Lozanna müqaviləsinə əsasən, sizlər Yunanıstandakı müsəlmanlar üçün müfti təyin edə bilməzsiniz. İllərdir münasibətlərin düzəlməsi üçün əlimizdən gələni edirik. Atılacaq bütün addımları atmışıq. Ancaq münasibət düzəlmir”.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 14-də Türkiyədə səfərdə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında yunanıstanlı nazir Türkiyəni ölkəsinin hüquqlarını pozmaqda ittiham edib. Mövlud Çavuşoğlu bunun qəbuledilməz olduğunu və Yunanıstanın reallıqları təhrif etdiyini bildirib. Çavuşoğlu Yunanıstanın türklərə qarşı ayrı-seçkilik siyasətini, müftinin təyin edilməsində qanun pozuntusunun olduğunu xatırladaq vəziyyətin düzəlmədiyni bəyan edib.

 

İSRAILDƏ AÇIQ HAVADA MASKA TAXMAQ QADAĞASI LƏĞV EDILIR

Əhalisinin sayına düşən nisbətə görə, dünyada ən çox “COVID-19” peyvəndinin tətbiq olunduğu İsrail normal həyat tərzinə qayıtmaq yolunda ilk addımı atıb. Belə ki, bu ölkədə koronavirusun qarşısının alınması tədbirləri çərçivəsində açıq havada maska taxmaq məcburiyyəti aprelin 18-dən etibarən aradan qaldırılır. Bu barədə “Sputnik” informasiya agentliyi “CNN” telekanalına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, İsrailin səhiyyə naziri Yuli Edelşteyn verdiyi yazılı açıqlamada bazar günündən etibarən açıq havada maska taxmağın məcburi olmayacağını bildirib. Qapalı məkanlarda isə maska taxmaq məcburiyyəti qüvvədə qalır.

Məlumat üçün qeyd edək ki, vaksinasiya sayəsində İsrail fevral ayının 21-dən başlayaraq “COVID-19”la bağlı məhdudiyyətləri mərhələli şəkildə yumşaltmağa başlayıb.

9,3 milyon əhalisi olan İsraildə 5 milyondan çox insana “COVİD-19” peyvəndinin birinci, 4 milyondan çoxuna isə ikinci doza tətbiq olunub. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son vaxtlar gündəlik “COVID-19”a yoluxanların sayı 200-dən aşağıdır.

 

ABŞ TÜRKIYƏDƏ IKI ƏHMƏDI SƏHV SALIB SANKSIYA TƏTBIQ ETDI

ABŞ səhvən Türkiyənin iki vətəndaşını “İŞİD” terror qruplaşmasına dəstək verənlər siyahısına salaraq, onlara qarşı sanksiya tətbiq edib. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şanlıurfa şəhərində yaşayan Əhməd Bayaltun və qardaşı oğlu İsmayıl Bayaltun ABŞ-ın yanlışının qurbanına çevriliblər.

Məlumata görə, 2019-cu il noyabrın 18-də ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Vətəndaşların Bank Hesablarına Nəzarət üzrə İdarəsi Əhməd Bayaltun ilə qardaşı oğlu İsmayıl Bayaltunun adını səhvən sanksiya tətbiq edilən şəxslərin siyahısına yazıb. ABŞ ticarətlə məşğul olan əmi və qardaşı oğlunu Şanlıurfada yaşayan, terrorçu “İŞİD”ə yardım etdikləri üçün məhkum olunmuş Əhməd və İsmayıl Bayaltun adlı iki qardaşla səhv salıb.

Bildirilir ki, Əhməd və İsmayıl Bayaltun mobil telefonların satışı ilə məşğuldurlar. ABŞ-ın Maliyyə Nazirliyinin səhvi səbəbindən onlar 1 il 6 aydır Çindən telefon gətirə bilmirlər.

Yaranmış qarışıqlığı həll etmək üçün onların Türkiyədən olan vəkili Xəlil Uzun Əhməd Bayaltun və qardaşı oğlu İsmayıl Bayaltunun digər bayaltunlardan, yəni Əhməd və İsmayıl Bayaltun qardaşlarından fəqrli insan olduqlarını sübut edib. Vəkil sanksiyanın aradan qaldırılması üçün ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Vətəndaşların Bank Hesablarına Nəzarət üzrə İdarəsinə müraciət göndərib.

ABŞ-ın yanlış sanksiyası səbəbindən aprelin 7-də İsmayıl Bayaltunun daşınmaz əmlakına da həbs qoyulub. Vəkil X.Uzun qadağanın aradan qaldırılması üçün Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinə də müraciət ünvanlayıb.

 

BLINKEN ƏFQANISTANA GÖZLƏNILMƏZ SƏFƏR EDIB

ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin 15-də Əfqanıstana gözlənilməz səfər edib. Səfər çərçivəsində dövlət katibi Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüş keçirib. Görüş zamanı ABŞ qoşunlarının bu ölkədən çıxarılması və terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, Entoni Blinken xarici qüvvələr Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə yenidən vətəndaş müharibəsi olmayacağını diqqətə çatdırıb.

Blinken səfərdə olduğu Əfqanıstandakı mətbuat konfransında bu ölkə xalqının artıq müharibə istəmədiyinə və hər kəsin sülh tərəfdarı olduğunu bildirib.

Əfqanıstan hökumət qüvvələrini dəstəkləməyə davam edəcəklərini vurğulayan ABŞ-ın dövlət katibi deyib: ““Taliban”ın problemləri həll etmək üçün siyasi proseslərdən imtina etməsi əsla doğru və davamlı ola bilməz”.

Eyni zamanda, Entoni Blinken qeyd edib ki, ABŞ qoşunları ölkəni tərk etdikdən sonra da Əfqanıstana yardımlar davam edəcək.

Bununla yanaşı, xarici qüvvələrin ölkəni tərk etməsindən sonra 1990-cı illərdəki kimi vətəndaş müharibəsi olmayacağına diqqət çəkən E.Blinken bu mövzuda narahatlıqların əsassız olduğunu vurğulayıb.

ABŞ-ın dövlət katibi çıxışının sonunda deyib: ““Taliban” yenidən əsgərlərimizə hücum etməyə çalışarsa, cavabımız çox ağır olacaq”.

 

“PFIZER” ÜÇÜNCÜ DOZA PEYVƏNDƏ EHTIYAC OLA BILƏCƏYINI BILDIRIB

Amerikanın əczaçılıq şirkəti “Pfizer” koronavirus əleyhinə peyvəndin tətbiq olunduğu insanların ən gec 12 ay ərzində üçüncü doza peyvəndə ehtiyacları ola biləcəyini açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

“Mümkün bir ssenariyə görə, 6-12 ay arasında üçüncü dozaya ehtiyac duyulacaq və insanların hər il yenidən pevəndlənməsi vacib olacaq. Yeni virus növlərinin peyda olması bu qərarın verilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə “Pfizer” şirkətinin baş direktoru Albert Burla bildirib.

Bildirilir ki, “Pfizer”in məlumatları 2000-dən çox peyvənd olunmuş insana əsaslanır, lakin 6 aydan sonra qorumanın davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac duyulur.

Xatırladaq ki, “Pfizer və BioNTech” fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı araşdırmaq üçün “COVID-19” peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlamışdı.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə “Johnson&Johnson” şirkətinin icraçı direktoru Aleks Qorski də eynilə mövsümi qrip peyvəndləri kimi insanların hər il koronavirus peyvəndi qəbul etmələrinə ehtiyac ola biləcəyini bəyan etmişdi.

 

DÜNYADA BANAN YOXA ÇIXMAQ TƏHLÜKƏSI ALTINDADIR

Bəşəriyyət bir müddət sonra banansız qala bilər. “Die Welt” nəşrinin bu iddiasına görə, səbəb yüksək yoluxuculuğa malik torpaq göbələyi infeksiyasıdır. “Tropical Race - 4” (TR4) adlı bu infeksiya XX əsrdə Asiya və Avstraliyada geniş yayılmağa başlayıb, lakin 2019-cu ildə ilk dəfə dünyanın əsas banan tədarükçüsü olan Cənubi Amerikada da aşkarlanıb.

“AMI” marketinq şirkətinin meyvələr üzrə eksperti Ursula Şokemelenin sözlərinə görə, artıq Kolumbiya və Hondurasda bir neçə banan plantasiyası bağlanıb. O qeyd edib ki, infeksiya kimyəvi maddələrin təsirinə qarşı davamlıdır.

TR4 infeksiyası daha çox bananın dünya ixracatının 95 faizini təşkil edən “Cavendish” sortunu zədələyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, torpağın kiçik bir hissəsinin zədələnməsi belə, infeksiyanın geniş yayılmasına səbəb ola bilər. Bundan başqa, mütəxəssislər bitkilərdə eyni genlərin bir-birinə ötürülməsi səbəbindən xəstəliyin sürətlə yayıldığını bildiriblər.

Alimlərin fikrincə, təbiətdə “Cavendish” sortu qədər məhsuldar banan növü mövcud deyil. Eyni zamanda, Asiya, Afrika və Amerikada bu meyvənin kartof və düyü kimi insanların gündəlik qida rasionuna daxil olduğu vurğulanıb.

Beləliklə, çox keçmədən bəşəriyyət yalnız dadlı meyvədən deyil, həm də vacib qida məhsulundan məhrum ola bilər.

Read 60 times