XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:57

Heydər Əliyev zirvəsi

Ulu öndər Heydər Əliyev böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyət, xalqın və ölkəmizin tarixində xüsusi rolu olan görkəmli dövlət xadimidir.

Heydər Əliyev Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri ümummilli liderin adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir.

Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə tərəfdaşlar tapmaq, iqtisadi sahədə islahatlar həyata keçirmək, dövlət ideologiyasının formalaşdırılması Heydər Əliyevin həll etdiyi ümumdövlət miqyaslı vəzifədir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında azərbaycançılıq ideologiyası, əbədiyaşar siyasəti, elm və təhsil konsepsiyası mühüm yer tutur.

Azərbaycanda milli şüurun və milli özünüdərkin bütün formalarının böyük vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçilməsi, uğurla həyata keçirilməsi ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının keçdiyi tarixi mərhələlərdə Heydər Əliyev kimi unikal, fenomenal, bənzərsiz dövlət xadiminə rast gəlmirik. O, ən humanist, ən demokratik ideyaları özündə ehtiva edən və bunu israrla həyata keçirən dahi rəhbər idi. Ulu öndərimiz doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq, öz gücünə inanmaq vərdişi yaratdı. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

Müasir Azərbaycan xalqının azadlığı və uğur tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin əsas məqsədi ölkəni güclü, demokratik dövlətə çevirmək və doğma xalqına firavan həyat bəxş etmək idi. Ulu öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş, xalqımızın tarixi və taleyində silinməz izlər qoymuşdur. 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıdan öz xalqının böyük oğlu, müdrik siyasətçi, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.

1993-cü ildə Heydər Əliyev o dövrdə ölkəmizdə baş alıb gedən böhranın, hakimiyyətsizliyin, vətəndaş qarşıdurması və digər xoşagəlməz halların qarşısını aldı. Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, onu gözləyən real təhlükələrdən xilas etdi. Ulu öndər qısa bir müddətdə sabitliyi bərpa etdi, siyasi və iqtisadi böhranı aradan qaldırıldı, ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu, geniş islahatlar dönəmi başladı. Bu gün fəxrlə qeyd edirik ki, son illərdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm uğurlarının təməlində o dövrdə Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, gərgin əməyi, iqtisadi islahatları dayanır.

Ümummilli liderimizin dövlət quruculuğundakı xidmətləri də əvəzsizdir. Heydər Əliyev demokratik və hüquqi islahatlarını ardıcıl olaraq həyata keçirdi, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirdi. Onun rəhbərliyi ilə hazırlanaraq, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən, 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı, demokratik prinsiplər uğurla davam etdirildi. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bir sözlə, mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratik və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni milli ideologiyanın əsası qoyuldu.

Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyətinin digər ən mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünəlayiq yer tutması, dünyanın ən inkişaf etmiş dövlətləri ilə ikitərəfli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olasıdır.

“Əsrin müqaviləsi” ölkəmizin şöhrətini artırdı. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başladı və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti oldu. Bu gün də onun əhəmiyyət kifayət qədər böyükdür. 2050-ci ilədək bu kontrakt qüvvədə qalacaqdır.

Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 16-da “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar”.

Müstəqillik uğrunda gedən mübarizədə neft amili həmişə ön planda olub. Neft amili bu gün də Azərbaycanın müstəqilliyinə, onun dünyada layiqli yer tutmasına xidmət edir və bu işdə fədakar neftçilərimiz öz istedadlarını artırır, əsl qəhrəmanlıq nümunəsi göstərirlər.

Dünya azərbaycanlılarının monolit qüvvəyə çevrilməsi, milli diasporumuzun təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarınının I Qurultayı keçirilmiş, müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımız qurultayda iştirak etmiş, bu ali məclisdə Heydər Əliyevin dərin məzmunlu nitqi dünya azərbaycanlılarının qarşısında geniş üfüqlər açmışdır.

Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt unudulmayacaq. Bu gün Azərbaycan xalqı ulu öndərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Ümummilli liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir. Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrdən biridir.

 

Ceyhun MƏMMƏDOV,

“Azpetrol LTD” MMC-nin baş direktoru,

Yeni Azərbaycan Partiyasının üzvü.

Read 322 times