XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:34

İlk “ağıllı kənd”lər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən (26 aprel 2021-ci il) Qarabağda salınacaq ilk “ağıllı” yaşayış sahələri məlum olub. Bunlar Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləridir.

44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdıqdan sonra Qarabağın tezliklə bərpa olunması və əhalinin öz tarixi ata-baba yurdlarına təhlükəsiz qayıdışı ölkənin bir nömrəli vəzifəsinə çevrildi. Biz cənab Prezidentin nitqlərində, əhali ilə söhbətlərində, xarici telekanallara müsahibələrində tez-tez “ağıllı kənd”, “ağıllı şəhər” ifadələrini eşidirdik. O deyirdi ki, biz Qarabağı məhz bu cür yenidən qurmalıyıq.

Dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonunun Ağalı kəndinə gələrkən kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək.

Dövlət başçısına məlumat verildi ki, layihə 5 komponent üzrə nəzərdə tutulub. Bura yaşayış sahələri, istehsal və sosial sahələr, “ağıllı” kənd təsərrüfatı və enerji sektoru daxildir. 200 fərdi ev tikmək nəzərdə tutulur. Mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında idarə olunacaq.

Hazırda bu işlərə başlanılıb. Kəndarası yollar çəkilir, 110 nəfərə yaxın işçi çalışır ki, işlər intensivləşəndə onların sayı 600-700 nəfər olacaq. Kəndlərdə müasir tipli məktəb, bağça, poliklinika tikiləcək, idarəetmə mərkəzləri yaradılacaq. Sosial obyektlər, ictimai iaşə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesi alternativ enerji mənbələri ilə təmin olunacaq.

Türkiyə şirkətinin nümayəndəsi dövlət başçısına məlumat verdi ki, (videoformatda) “Ağıllı kənd”in bütün elektrik enerji ehtiyaclarını, “Arximed” sistemi vasitəsilə həyata keçirəcəyik. Bu qurğu çox sürətlidir, məhsuldarlıqla işləyir, səs-küy salmır. Qurğu həm də suda oksigeni çoxaldır, zənginləşdirir. Bu isə balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. “Arximed” nəinki kəndin daxili tələbatını ödəyəcək, hətta artıq qalan enerjini satmaq da mümkün olacaq. Sistem həm də isti su verə biləcək, kənddəki evlər, otel isti su  ilə təmin olunacaq.

Dövlət başçısı bildirib ki, türk şirkətlərinin Qarabağın bərpasında iştirakı təbii haldır, çünki biz qardaş dövlətik. “Böyük qayıdış” bu gün başlayır” deyən cənab Prezident əminliyini bildirib ki, türk şirkətləri Qarabağın bərpasında bundan sonra da fəal iştirak edəcəklər.

Qarabağın bərpasında iştirak edən İtaliya, İsrail şirkətlərinin nümayəndələri Prezidentə videoformatda məlumat veriblər. Bildirilib ki, Ağalı kəndində əvvəlcə 300-400 başlıq camış ferması tikiləcək, daha sonra isə 1000 başa çatdırılacaq. “Ağıllı ferma”lar yeni texnologiyalar əsasında qurulur, mal-qaranın yemlənməsi, sağlamlığı, sağılması və s. hamısı bir sistemin tərkib hissəsidir. Texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, mal-qara idxalı, komandanın hazırlanması və s. də bura daxildir. Tullantı sular təmizlənir, günəş enerjisi istehsal olunur. Beləliklə, İsrailin süd ferması texnologiyasında olan bilik və təcrübəsi Azərbaycana gətirilir.

Şirkət təmsilçiləri bildiriblər ki, yaradılacaq fermaya camışlar İtaliyadan gətiriləcək. Onların hər biri gün ərzində 8-12 litr süd verəcək. Müxtəlif növ pendirlər istehsal olunacaq. Məsələn, “motsarella”, “buratto” və s.

Amma belə “ağıllı” fermaları idarə etmək, onlarda çalışmaq elə də asan deyil. İşçilərin yeni texnologiyalara malik olması və onu idarə edə bilməyi vacibdir. Ona görə də işçilər üçün təlim kursları təşkil ediləcək.

Hər il oktyabr ayında zəngilanlılar bir yerə toplaşıb rayonun mənfur Ermənistan tərəfindən işğalını hüznlə qeyd edir, şəhidlərimizin əziz xatirəsini anırdılar. Bu il isə zəngilanlılar oktyabr ayını qələbə günü kimi qeyd edəcəklər.

Nəriman CAVADOV,

“Respublika”.   

Read 32 times