XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:34

AĞDAŞ: GƏNCLƏRİN İNKİŞAF VƏ KARYERA MƏRKƏZİ AÇILIB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır. Bu günlərdə Ağdaş şəhər Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi fəaliyyətə başladı. Açılış mərasimində rayon icra hakimiyyəti, Gənclər Fondunun nümayəndələri, rayon gəncləri nümayəndələri iştirak edirdi.

Mərasimdən əvvəl rayon rəhbərliyi, qonaqlar və gənclər xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, böyük ehtiramla yad etdilər. Mərkəzlə tanışlıqdan sonra tədbir iştirakçılarına Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında geniş məlumat verildi. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, ölkə başçısının müvafiq sərəncamına əsasən yaradılan Gənclərin İnkişaf və Karyera mərkəzlərinin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək məqsədi daşıyır. Rayonda yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzində gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri ilə yanaşı, ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Mərkəz vasitəsilə rayonda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

 

Zabit XƏLİLOV,

“Respublika”.

Read 32 times