XƏBƏR LENTİ

Şənbə, 17 Aprel 2021 09:17

Azərbaycan hər zaman sülh tərəfdarıdır

Müharibə ölüm, dağıntı deməkdir. Otuz ildən bəri xalqımız zorla cəlb olunduğumuz Qarabağ müharibəsinin dinc yolla həllinə çalışdı, dövlət başçılarımız ən mötəbər tribunalardan dünyanı bu məsələnin danışıqlar yolu ilə həllinə təkan verməyə səslədi. Dünya isə susdu... 2021-ci il sentyabrın 27-də Azərbaycan ordusu ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Azərbaycan, eyni zamanda, informasiya müharibəsilə üz-üzə qaldı. Bu istiqamətdə dövlət başçısı İlham Əliyevin gördüyü işlərin isə misli-bərabəri yoxdur. Belə ki, Vətən müharibəsi dövründə o, 30-a yaxın dünyanın aparıcı mediasına müsahibə, bəyanatlar verdi, çıxışlar etdi, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərdi ki, cənab İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gözəl həmsöhbətdir, o, dialoq aparmaqdan, yaxud müsahibədən heç zaman imtina etməz. Bu, ilk növbədə onun siyasi müdriklik və kamilliyindən irəli gəlir. İstədiyi kəslə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığına malikdir. Mətbuat nümayəndələri ilə belə bir məharətin sərgilənməsi isə hər siyasətçiyə nəsib olmayan bir keyfiyyətdir. O, mövcud siyasi vəziyyəti çox aydın və ətraflı canlandıra bilir, hadisələrə, mövcud siyasi vəziyyətə isti-isti, doğru-düzgün və böyük uzaqgörənliklə qiymət verir. Onun bu cəhəti istənilən auditoriya üçün maraq doğurur. Dövlət başçısının bu keyfiyyətləri 44 günlük Vətən müharibəsi dövründə onlayn şəkildə keçirdiyi görüşlərdə, verdiyi müsahibələrdə də aydın görünürdü. Bu günlərdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Prezident İlham Əliyev ətraflı nitq söyləmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

Xatırladaq ki, dəvət olunmuş iştirakçıların Ağdama səfərindən sonra konfransın keçirilməsi də təsadüfi deyildir. Belə ki, səfər zamanı xarici nümayəndələr dağıntıların, Ermənistanın işğalının qorxunc nəticələrinin şahidi olmuşlar. Müharibə başa çatdıqdan sonra Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac yaranmışdı və ölkə başçısının da vurğuladığı kimi, konfransın əsas mövzusu da münaqişədən sonra inkişaf və əməkdaşlıqdır. Konfransın məram və məqsədindən danışan ölkə rəhbəri diqqəti bir qədər əvvələ çəkərək 30 ilə yaxın bir müddətdə xalqımızın başına gətirilən faciəyə münasibət bildirmişdir: “... bizim torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik”.

Hər bir məsələyə cəsarətlə münasibət bildirən, ya onun əhəmiyyətsizliyini sübuta yetirən, yaxud məsələnin zəruriliyinə hər kəsi inandırmağı bacaran ölkə başçısı konfransda ilk olaraq ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzənin sualına cavab verdi. “Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici qələbə qazanmışdır... Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu” - deyən Metyu Brayzənin “Ermənistan dərk edirmi ki, siz müharibəni təmkinli qaydada aparmısınız və bu, bir müddətdən sonra xalqlar arasında hansısa barışıqla nəticələnə bilərmi?” - sualına ölkə başçısı: “Artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır.

O ki qaldı, bizim müharibə zamanı davranışımıza, Ermənistan tərəfindən düzgün qiymətləndirilirmi sualına, mənim cavabım xeyirdir və bu, çox təəssüf doğuran haldır. Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanı isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq...” deyə cavab verir. Mövzunun davamı olaraq, İlham Əliyev bu davranışın müharibədən sonra da davam etdirildiyini, ermənilərə edilən güzəştləri diqqətə çatdırır: “Hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq”.

Ümumiyyətlə, İlham Əliyev müsahibələrində, görüşlərində hər zaman siyasi sayıqlıq nümayiş etdirir, ən ciddi məsələ olan müharibə ilə bağlı maraqlı düşüncələrə diqqəti cəlb edirdi. Müharibə, onun doğurduğu fəlakətlər, ağır nəticələri, dünyamız üçün yaratdığı problemlərdən danışarkən fikrini açıq bildirirdi. Bunu mətbuat nümayəndələri ilə görüşlərində də, dünya ölkələrinin rəhbərləri ilə söhbətlərində də, beynəlxalq qurumların təmsilçiləri ilə apardığı dialoqlarda da bəyan edir, Qarabağ probleminin dünya üçün bir təhlükə olduğunu onlara anlatmağa çalışırdı. Təəssüf ki, məsələnin sülh, danışıqlar yolu ilə həllini ermənilər istəmədi, müharibə baş verdi və o tarixə döndü.

Jurnalistlərin suallarından irəli gələn fikirlərə münasibət bildirməyi vacib bilən ölkə başçısı bəzən provokasiya xarakterli suallara da tutarlı cavablar verir, qarşısında duran adama özünün kimliyini, haqlı olduğunu sübuta yetirir. Qarabağ müharibəsindən sonrakı inkişafla bağlı hələ çoxlu sualların qaldığını bildirən İlham Əliyev qeyd edir ki, otuz ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də həmrəyliyini görürük. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Ermənistandakı rejim xarici nümayəndələrin onların törətdikləri viranəlikləri və azərbaycanlılara qarşı nifrətlərini görməsini istəmirdi. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki müharibə zamanı yaşayış məntəqələrini dağıtmaq olmazdı. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, həmçinin bu əraziləri bizim yaddaşlarımızdan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər.

Dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən demişdi: “Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb... Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb...”.

Konfransda suallara dolğun cavablar verən İlham Əliyev işğal edilmiş ərazilərdə dağıntıların dərəcəsindən danışarkən bəyan etdi ki, Ermənistan Madrid prinsipləri haqqında razılaşma çərçivəsində heç vaxt güzəştə getmək, yaxud keçmiş DQMV-nin ətrafında olan yeddi rayonu qaytarmaq istəməyib, əksinə, status-kvonu mümkün qədər uzatmaq üçün hər vasitə ilə sülh danışıqları prosesini imitasiya etməyə çalışıb. Ermənistan konstruktiv danışıqlar əvəzinə hərbi tikililər və istehkamların inşası ilə məşğul olub, yəni ermənilər əslində yeni müharibəyə hazırlaşıb və prinsipcə, buna nail olublar.

Prezident İlham Əliyevin çox maraqlı bəyanatlarından biri də Qərb şirkətlərini Azərbaycanın Qarabağ regionunun bərpasında iştirak etməyə dəvətidir. Amerikalı ekspert Piter Teyz bu məsələyə diqqət çəkərək deyib: “Müəyyən mənada bütün beynəlxalq birliyə ünvanlanan bu müraciət möhkəm sülhün təkcə Azərbaycan vasitəsilə deyil, bütün maraqlı tərəflərin birgə töhfəsi vasitəsilə bərqərar olması barədədir. Müxtəlif ölkələrin şirkətləri sülhün qurulmasına və kommunikasiyaların yenilənməsinə öz töhfələrini verə bilərlər. Bu, öz növbəsində, Azərbaycanın azad edilmiş regionunda multikulturalizm, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün məkan yaradacaq”.

Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etməsi, ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləməsi, Ermənistanın “İsgəndər” raketindən istifadə etməsinin hərbi cinayət olması barədə də fikirlərini bildirib.

Ölkə başçısı xalqımız üçün daha həssas olan bir məsələyə də münasibət bildirərək deyib: “Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlət başçısı öz çıxışında belə bir fikri də vurğulayıb ki, hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.

Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə nə vaxt qaytarılacağı ilə bağlı Roma Sapienza Universitetindən Daniel Pommier Vinçellinin sualına cavab olaraq ölkə başçısı demişdir: “Biz onları mümkün qədər tez qaytarmaq istəyirik. Onlar bu qədər gözləyiblər. Lakin ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik... Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla bağlı proses gedir... Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.

Bəli, bu günü çox gözlədik. İnanırıq ki, 30 ildən bəri bir müddətdə düyünə düşmüş bir məsələni cəmi 44 gün ərzində həll etməyə qadir olan Azərbaycan xalqı, Azərbaycan dövləti bu problemin də həllinə nail olacaq. Qərib, nigaran ruhlar öz yerinə qayıdacaq, şəhid ruhları sevinəcək. Bu günə də az qalır...

 

Zümrüd QURBANQIZI,

“Respublika”.

Read 46 times