XƏBƏR LENTİ

Şənbə, 17 Aprel 2021 09:06

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyuldu

“60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

 

Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

Ermənilər tərəfindən Azərbaycanda, o cümlədən Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı mərhələ-mərhələ törədilmiş vəhşiliklər uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamışdır. Bu terrorçuluq və cinayətlər tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başladı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət” qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

Qarabağın əzəli Azərbaycan torpağı olması, ermənilərin bu ərazilərə XIX əsrin əvvəllərində, təxminən 200 il əvvəl məqsədyönlü şəkildə yerləşdirilməsi bir çox tarixi sənədlərdə də öz təsdiqini tapır. Belə arxiv sənədlərindən biri Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə olan Kürəkçay müqaviləsidir. Həmin müqaviləni 1805-ci il mayın 14-də Şuşalı və Qarabağlı İbrahimxəlil xan və Çar Rusiyasının generalı Pavel Sisianov imzalayıblar.

1880-ci ildə İrəvanda səfərdə olan arxeoloq Uvarov məşhur Göy məscidin uzaqdan cəlb edən günbəzinə və bir cüt uca minarəsinə baxıb heyranlıqla yazırdı: “Məscidin üstündən boylanan” çətir sanki müsəlman aləmində tutduğu mövqeyinin nə qədər mühüm olduğunu bütün dünyaya sübut etmək istəyir”.

1827-ci il oktyabrın 1-də rus qoşunları İrəvanı çətinliklə zəbt etmiş, bədnam Türkmənçay müqaviləsindən sonra İrəvanda ermənilərin məskunlaşdırılması aparılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Kürəkçay müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Ermənilər Azərbaycanın ən dilbər guşələrindən biri olan Qarabağa Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra yerləşdiriliblər.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni daşnakları 1905-1907-ci illərdə Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Ermənilərin başladıqları vəhşiliklər İrəvanda, Göyçədə, Zəngəzurda və azərbaycanlıların yaşadıqları digər ərazilərdə davam etdirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

1918-ci ildə Stepan Şaumyanın, Andranikin təhriki ilə erməni quldurları Zəngəzur mahalında bir sıra vəhşiliklər, terror hadisələri törətmişlər. Daşnaklar Qarakilsədə, Qafanda onlarla kəndlərin sakinini qırıb, evləri yandırıb, talan etmişlər.

1918-19-cu illərdə Qərbi Azərbaycandakı Vedi rayonunda da ermənilər qanlı cinayətlər törətmişlər. Azərbaycanlılar erməni zülmündən qurtulmaq üçün dağ yolları ilə kəndlərdən Vedibasara qaçıb Abbasqulu bəyə sığınmışlar. Abbasqulu bəy gələnləri himayə etməklə azərbaycanlı əhalini xilas edib, təhlükəsizliyi üçün lazımi tədbirlər görür.

Ermənilər 1918-19-cu illərdə Göyçə mahalında da qırğınlar törətmiş, Göyçə gölünün sahilləri ilə qırğınlar törədə-törədə Basarkeçərə doğru irəliləmişlər. Daşnak quldurlar Şişqaya kəndində olarkən burada etiraz səsini ucaldan yüzlərlə insanla üzləşir. Bu məqamda ermənilərin başçısı polkovnik Silikyan hiylə niqabını üzünə çəkir, “barışıq” məqsədilə kənd əhalisini mal tövləsinə doldurub qapını qıfılladı.

Vaxt itirmədən ermənilər tövləyə od vurdu, hər yandan ah-nalə ucaldı, neçə-neçə günahsız insanlar yanğının qurbanı oldu.

Sonra isə ermənilər bu qəddarlığı Kiçik Məzrə, Kərkibaş, Subatan, Çağırlı və digər kəndlərdə də törətdilər.

Zod Basarkeçər rayonun ən böyük kəndi idi. Ermənilər Novruz bayramı ərəfəsində bu kənd üçün qanlı cinayət hadisələri planlaşdırmışlar.

Silikyanın dəstəsi kəndə daxil olarkən soraqlaşıb adı dillər əzbəri olan xeyriyyəçi kimi tanınan Səməd Ağanı tapır. Öz ordusu üçün ondan xeyli taxıl, ot və ət tələb edir. Səməd Ağa “baş üstə” dedi. Erməni “qonaqları” üçün geniş süfrə açıldı, neçə dəfələrlə şərablar dolub boşaldı. Məqam düşən kimi Səməd Ağanın ətrafındakılar qızılquş tək ermənilərin üstünə şığıdılar və onları tərk-silah etdilər. Bu əməliyyatda başda Silikyan olmaqla ermənilər tamamən məhv edildi.

Bu xəbər dərhal hər yerə yayıldı, hətta Bakıda Stepan Şaumyana da çatdı. Şaumyan çox üzüldü, qisas almaq üçün Basarkeçərə əlavə qüvvələr göndərdi. Göyçə əhli ermənilərin müqaviməti ilə üzləşdi. Ölənlərin sayı həddini aşdı. Göyçəlilər zülmdən yaxa qurtarmaq üçün qarlı-boranlı günlərdə sıldırımlı dağ aşırımları ilə Azərbaycana pənah gətirdilər...

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayında ermənilər Qərbi Azərbaycanda öz mənfur planlarını həyata keçirdilər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər İrəvanda, Göyçədə, Zəngəzurda, Zəngibasarda, Vedibasarda yaşayan soydaşlarımızın yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Daşnaklar azərbaycanlıların milli memarlıq incilərini, məscidləri və digər abidələri xarabalığa çevirmişlər.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə Qərbi Azərbaycandakı azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.

İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta Şərq ölkələrində belə ən iri ticarət, elm və mədəniyyət mərkəzi şəhəri olmuşdur. Burada bir-birindən yaraşıqlı 8 məscid tikilmişdir. Əzəmətli Göy Məscid və Günlüklü məscidi son dövrlərə qədər qalırdı. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən alan Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı. İrəvanın ətrafı sıx meşə və bağlarla əhatə olunurdu.

İrəvanın başı üzərindən fəlakət qasırğası zaman-zaman ötüb keçmişdir. Qondarma Ermənistan ərazisi Azərbaycanın ayrılmaz bir parçası olmuşdur. Bütöv Azərbaycanda iqtisadi və mənəvi əlaqələrlə sıx bağlı olan İrəvan şəhəri sözün həqiqi mənasında azərbaycanlıların əzəli, doğma mərkəzi olmuşdur.

A zərbaycan Xalq Cümhuriyyəti dövründə onun ərazisi 113,9 min kv.km idi. Bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 kv.km-i mübahisəli idi. Gürcüstanla 8,7 min kv.km, Ermənistanla isə 7,9 min kv.km həmsərhəd ərazi qonşu dövlətlər tərəfindən mübahisəli torpaq sayılırdı. Ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik “həlli” nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi və bundan əlavə 11 min kv.km ərazimiz Ermənistana bağışlandı. Buraya əsasən Zəngəzur, Dərələyəz qəzaları və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv.km ərazisi itirildi. 1922-ci ildə Dilican ərazisi və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana bağışlandı.

1929-cu ildə Naxçıvan Muxtar Respublikasının 657 kv.km torpaq sahəsi - 11 kəndi, Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi. Bundan əlavə, həmin illərdə Aldərə, Lehvaz, Astazur, Nüvədi və b. yaşayış məntəqələri də Ermənistanın ərazisinə birləşdirildi. 1938-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi üçün erməni daşnakları bir neçə dəfə SSRİ rəhbərliyinə müraciət etdilər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Dağlıq Qarabağ Muxtar Vilayətində yürüdülən gizli işləri hələ 1960-1970-ci illərdə ümummilli lider Heydər Əliyev aşkar edərək qarşısının alınması üçün bir sıra kəskin tədbirlərin görülməsinə nail oldu.

Birinci Dünya müharibəsindən sonra ermənilər İrəvan şəhərindəki azərbaycanlıların başına olmazın müsibətlər gətirmiş, neçə-neçə dinc əhali amansızlıqla qətlə yetirilmiş, daşnaklar öz çirkin planlarını reallaşdırmışlar. 1948-1953-cü illərdə İrəvan şəhərindəki azərbaycanlıların əksəriyyəti əzəli yurdlarından “könüllülük” prinsipi adı altında zorla köçürülmüş, 1988-ci ildə isə erməni vəhşəti nəticəsində İrəvandakı soydaşlarımız öz əzəli torpaqlarını məcburən tərk etmişlər. 1988-ci ilə qədər Ermənistandakı rayonların 16-da azərbaycanlılar qismən əksəriyyəti təşkil etmiş, qismən də yığcam yaşamışdır. Ümumiyyətlə, son deportasiyada 300 minə yaxın azərbaycanlı Ermənistan adlanan ərazidən zorla qovulmuş, erməni daşnakları Göyçə, Sünik, Zəngəzur mahallarına, İrəvana və digər azərbaycanlılar yaşayan ərazilərə sahib çıxmışlar.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında Azərbaycan Respublikasının Prezidenti fərman imzalamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev imzaladığı fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlanan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli sürətdə qeyd edildi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.

Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Belə ki, Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndində bəzi küçələrdə erməni dilində 8x9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

Ümummilli lider Heydər Əliyev ilk dəfə hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Yuxarıda qeyd edildiyi kimi, Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində gizli fəaliyyətin qarşısı ulu öndərimiz tərəfindən qətiyyətlə alınırdı. Belə ki, Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.

Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi.

1988-ci ildə ermənilər uydurma Qarabağ məsələsini ortaya ataraq Qərbi Azərbaycandakı həmvətənlərimizə qarşı terrora, vandalizm hərəkətlərinə başladılar, “Qızıl Moskva” isə başda ermənipərəst Qorbaçov olmaqla bu ədalətsizliyə göz yumdu. Qısa bir vaxtda ermənilər Qərbi Azərbaycanda yaşayan 300 minə yaxın azərbaycanlı öz ata-baba torpaqlarından qovulub çıxarıldı. Neçə-neçə azərbaycanlı erməni vəhşiliyinin qurbanı oldu...

Zaman-zaman ermənilərin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın başına gətirdikləri müsibətdən çox danışmaq olar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşər: “Tarixi Azərbaycan torpağı olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905-1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğındır, 1920-ci il Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Azərbaycan ərazisi 30 ilə yaxın müddətdə işğal altında idi. 1990-cı ilin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğala məruz qalmasına səbəb olmuşdu. Əlbəttə, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz əzəli torpaqlarından didərgin salındı.

B una görə də ötən illər ərzində Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə və onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində hərtərəfli möhkəmlənirdi, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində özünə dəstək qazanır, həm ölkə daxilində iqtisadiyyatı inkişaf etdirir, həm də ordunu gücləndirmək məqsədilə böyük işlər görürdü.

Bütün bunların nəticəsində Azərbaycan, mənfur düşmənlərin 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti təxribatlarının qarşısını almaq məqsədi ilə həyata keçirdiyi əks-hücum əmaliyyatları zamanı ardıcıl zəfərlər əldə edərək Vətən müharibəsində parlaq qələbə qazanmaqla Ermənistanı məğlub etdi, bununla da işğala son qoyuldu və ədalət bərpa edildi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu amalla vuruşurdu ki, bu işğala son qoyulsun, ədalət Zəfər çalsın və sonda öz müqəddəs məqsədlərinə çatdılar.

Prezidentimiz, qüdrətli sərkərdə, müdrik siyasi rəhbər, Ali Baş Komandan cənab İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun qətiyyəti və xalqımızın mübarizliyi sayəsində qazandığımız möhtəşəm qələbə böyükdən kiçiyə hər birimizi qürurlandırdı.

İftixar dolu 44 gün ərzində ölkəmizdə tamamilə yeni, fərqli bir sosial-psixoloji vəziyyət yaranmışdı. Prezidentin xalqa hər müraciəti, ya xarici kütləvi informasiya vasitələrinə müsahibəsi xoş həyəcanla izlənilirdi. Ali Baş Komandanın hər bir qələbə müjdəsi ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən xəbər verir, eyni zamanda, bütün xalqı inamlı qələbə ruhuna kökləyirdi. Prezident İlham Əliyev xüsusilə vurğulayırdı: “44 gündə ordumuz ancaq irəli getdi, mövqelərindən heç bir metr də geri çəkilmədi, halbuki müharibədə belə hallar olur. Bu, Azərbaycan əsgərinin hünər və mətanətinin bariz göstəricisi idi”.

Q azandığımız şanlı qələbədən sonra Azərbaycanın qarşısında işğal altında olduğu müddətdə düşmənin vandalizminə məruz qalmış tarixi ərazilərimizi yenidən abadlaşdırmaq vəzifəsi durur.

Buna görə də bu il düşmən tapdağından təmizlənmiş ərazilərimizin iqtisadi və sosial cəhətdən inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas məqsədi olaraq müəyyən edilmişdir. Azad olunmuş torpaqlarda infrastrukturun inşası, nəqliyyat-kommunikasiya və eləcə də su, enerji və qaz təchizatının yenidən qurulması işləri də bu məqsədlər sırasındadır. Artıq, ilkin olaraq Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi, şəhərin su və elektrik enerjisi ilə təchiz olunması kimi layihələr uğurla icra olunur. Azərbaycanın cənubda olan 132 km-lik dövlət sərhədi tam bərpa edilib, yeni sərhəd-mühafizə infrasturkturu yaradılıb. Zəngilan - Qubadlı istiqamətində Azərbaycan dövlət sərhədi bərpa olunub. Suqovuşana yeni avtomobil yolu çəkilib, elektrik stansiyasının yenidən qurulması istiqamətində işlər aparılır. 2021-ci ilin sonuna qədər Füzuli rayonunda yeni hava limanının işə düşməsi, Kəlbəcər və Laçın rayonlarında isə hava limanının inşası nəzərdə tutulub. Yevlax - Bərdə - Xankəndi dəmiryolu xəttinin bərpası, Horadiz - Ağbənd dəmir yolu xəttinin tikilməsi və eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək dəmiryolu xəttini yenidən qurulması və yeni avtomobil yolunun çəkilməsi ilə Qarabağ bölgəsi iri nəqliyyat mərkəzinə çeviriləcəkdir. Bu, ilk növbədə regionda yerləşən ölkələr üçün yükdaşımalar zamanı iqtisadi cəhətdən olduqca sərfəli bir şərait yaradacaqdır. Azad olunmuş rayonlarda turizm və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsi də nəzərdə tutulub. Hətta Ağdam rayonunun minalardan təmizlənmiş 700 hektar ərazisində taxıl əkini də artıq başlanılıb. Qarabağda erməni işğalı nəticəsəində dağıdılmış tarixi və dini abidələrimizin bərpa olunması da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək vacib işlərdən biridir. 2021-ci ildə Qarabağda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində vəsait də ayrılmışdır. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ Dirçəliş Fondu” da yaradılmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İCESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə çıxışında demişdir: “...Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəb tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində İCESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, İCESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsinidə əməkdaşlığımızı gücləndirə bilər...”.

Göründüyü kimi, doğma Azərbaycanımız müdrik liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə surətlə inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımız da digər bölgələrimiz kimi gülüstana çevirilir, bütün bunlar isə ölkəmizin daha da qüdrətlənəcəyindən və xalqın rifahının hərtərəfli yaxşılaşacağından, bir sözlə, xoşbəxt gələcəyimizdən xəbər verir.

 

Fuad MƏMMƏDOV,

Azərbaycan Respublikası

Hərbi prokurorunun müavini,

ədliyyə polkovniki, hüquq üzrə magistr.

Read 49 times