XƏBƏR LENTİ

Şənbə, 17 Aprel 2021 09:02

Aparılan uğurlu siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və Vətən müharibəsində qələbəmizə stimul verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti, irəli sürdüyü ideyalar, təşəbbüslər dünyanın hazırkı mənzərəsində bəşəriyyətə töhfələr verir. Ölkə başçısının təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji, nəqliyyat layihələri də təkcə bölgədə deyil, həm də qlobal miqyasda əməkdaşlığa böyük töhfədir. Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-İran enerji dəhlizlərinin, həmçinin, Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizinin mövcudluğu bunun növbəti bariz nümunəsidir.

 

Dövlətimizin həyata keçirdiyi mükəmməl diplomatiya sayəsində digər məsələlərlə bərabər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də əksər beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləmişlər. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasını özündə əks etdirən çox önəmli qətnamələr qəbul etmişlər.

Qeyd olunanlara baxmayaraq, Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin 7 rayonunu işğal altında saxlamaqda davam edirdi. Cənubi Qafqazda maraqları olan xarici qüvvələr regionda konfliktləri sona çatdırmaq əvəzinə öz maraqlarına uyğun fəaliyyət göstərirdilər. Onların məqsədi Azərbaycana ədaləti bərpa etməyə imkan verməməklə Ermənistanın işğalının nəticələrini əbədiləşdirmək idi. Vəziyyətin köklü dəyişməsi üçün geosiyasi xətt qırılmalı idi. Bunun baş verməməsi üçün həmin supergüclər demək olar ki, əllərindən gələn hər şeyi edirdilər.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdi.

Müzəffər Azərbaycan Ordusunun 44 günlük əks-hücum əməliyyatları nəticəsində əldə etdiyi tarixi zəfər xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da artırdı və rəşadətli ordumuz qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi və 8 noyabrda Şuşa şəhərini azad etdi. Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi Zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı idi. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.

Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad oldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. “Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli variantı yoxdur”-deyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri və supergüclər prosesləri heyranlıq içində izləməli oldular. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi-diplomatik, informasiya və hərbi sferalardakı qətiyyətli addımları təcavüzkarı çıxılmaz vəziyyətə saldığı kimi, dünyanın böyük güclərini geri çəkilməyə məcbur etdi.

Azərbaycanın ciddi təkidi ilə bəyanata salınan müddəa imkan verəcək ki, Naxçıvan uzun illərdən bəri düşdüyü blokadadan azad olunsun. Belə ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bununla da 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcəklər. Bununla yanaşı, Naxçıvanla əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq. Qısa müddət ərzində Azərbaycan işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.

Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır. Keçmiş rejim Nikol Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsi ilə barışa bilmir və onun hakimiyyətdən getməsi üçün əlindən gələn bütün təxribatları edir. 

Prezident İlham Əliyev demişdir: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binalarını, məktəbləri, xəstəxanaları, ictimai binaları, tarixi abidələri, qəbirləri və məscidlərimizin 99 faizini dağıtmış, bərbad hala salmışlar. Düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək. Düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər”.

Dövlət başçısının dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Təsadüfi deyil ki, regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”adlı beynəlxalq konfransda iştirak etmişdir.

Xarici ölkələrin İnformasiya portallarında Azərbaycan, rus, ingilis və gürcü dillərində dövlət başçımızın çıxışından sitatlar nəticəsində hazırlanan materiallarda 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda inkişafın təmin edilməsi üçün sabitliyə ehtiyac olduğu, qonşularımızın regional inkişafla bağlı Azərbaycanın baxışlarını paylaşdığı, həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupunun Cənubi Qafqazda dinc həyatın nizamlanması üzrə təkliflərini təqdim etməsini gözlədiyi, Ermənistanın “ İsgəndər-M” raketindən istifadə etməsinin hərbi cinayət olduğu barədə fikirlər öz əksini tapıb.

Beynəlxalq konfrans nümayəndələrin Ağdama və Qarabağın azad olmuş rayonlarından birinə səfər edəndən sonra keçirilmişdir. Ermənistandakı rejim xarici nümayəndələrin onların törətdikləri viranəlikləri və azərbaycanlılara qarşı nifrətlərini görməsini istəmirdi. Çünki bu dağıntılar və xarabalıqlar birinci Qarabağ müharibəsindən sonra törədilib. Onlar bunu Azərbaycan irsini, həmçinin bu əraziləri bizim yaddaşlarımızdan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər. Ermənilər nəhəng istehkamlar, müdafiə xətləri tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib.

Ölkə başçısı demişdir: “Ermənistan Azərbaycana qarşı hansısa bir düşmənçilik xarakterli əməliyyat planlaşdırsa və bunu görəriksə-biz indi Ermənistanda və hər yerdə bizə lazım olanları görürük, əgər Azərbaycan xalqına və ya ərazi bütövlüyümüzə qarşı bir faiz risk təhlükəsinin olduğunu görəriksə, biz özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Lakin bizi buna təhrik etmədikləri halda, biz heç vaxt gələcəkdə hər hansı bir düşmənçilik xarakterli əməliyyatlara başlamayacağıq”.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək və  onun ətrafında daha sıx birləşəcəkdir.

Kamil İSMAYILOV,

“Respublika”.

Read 52 times