XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:50

Türkdilli dövlətlərin media sahəsində əməkdaşlığını daha da genişləndirmək əsas məqsəddir

Məlum olduğu kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilmişdir. Bunun ardınca isə aprelin 10-da sözügedən Şuranın informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanəliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və  Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslər iştirak etmişlər.

 

Hələ toplantıdan əvvəl keçirilən bir sıra maraqlı görüşlər gündəmdə yer almışdır. Belə ki, aprelin 9-da Azərbaycanın xarici işlər naziri  Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşmüşdür. Elə həmin gün Türk Şurası informasiya və media üzrə məsul nazirlərin və yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası olmuşdur. TDƏŞ-nin baş katibinin müavini Qismət Gözəlov çıxışında demişdir ki, bu toplantı Qarabağ Zəfərindən sonra nazirlər səviyyəsində Bakıda keçirilən ilk tədbirdir. Ortaq tarixi və mədəni irsimizin dünyada tanıdılmasında medianın xüsusi önəmi olduğunu vurğulayan natiq demişdir ki, hədəf qarşıdakı illərdə media sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdir ki, 44 günlük Zəfər savaşında Türk Şurası Azərbaycana öz dəstəyini açıq şəkildə göstərdi. İnformasiya və kommunikasiya sahəsində də Azərbaycan ilə Türk Şurası arasında sıx münasibət var. Media sahəsində əməkdaşlığın inkişafı üçün əsaslar müəyyən olunub. Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qruplar yaradılıb. Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu.

Natiq çıxışında Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrinin dağıdılması həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini vurğulamış və bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyətinin xüsusi önəm daşıdığını bildirmişdir. Prezidentin köməkçisi ölkəmizdə “Media haqqında” yeni qanunun və türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlandığı barədə məlumat vermiş, o cümlədən türkdilli ölkələr arasında informasiya təminatının yaradılmasından danışmışdır. Yeri gəlmişkən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Türkiyənin, digər  türkdilli dövlətlərin Azərbaycanın yanında olduqlarını, ölkəmizə siyasi və mənəvi dəstək verdiklərini xüsusi vurğulayaraq demişdir: “Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra  Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk”.

Aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı da türkdilli dövlətlərin bundan sonra da  Azərbaycanla həmrəylik nümayiş etdirəcəklərinin bariz nümunəsi oldu. Toplantıda Şuranın Baş katibi Bağdad Amreyev media  sahəsində əməkdaşlığın Türk Şurasında ən önəmli mövzulardan biri olduğunu, təşkilata üzv dövlətlər arasında  media sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirdi. “Çox şadıq ki, Azərbaycan torpaqlarını işğaldan azad etdi.  Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, deyən Baş katib əlavə edib ki, türkdilli dövlətlərin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaqlar.

Bu il Türk Şurasının ilk Zirvə görüşünün keçirilməsindən 12 il ötdüyünü (xatırladaq ki, ilk Zirvə görüşü 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində keçirilmişdir) və bu müddətdə Türk Şurasının artıq dünyada önəmli bir platformaya çevrildiyini deyən Türkiyə Prezidenti Administrasiyasınınn Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun qeyd edib ki, bugünkü dünya 12 il əvvəlki deyil. Türkiyəyə qarşı təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim türk dünyası olaraq birlikdə olmağımız zəruridir və bu, qardaşlığımızın tələbidir.

Türkiyə Prezidenti Administrasiyasının idarə sədri 44 günlük Vətən müharibəsində ölkəsinin Azərbaycanın yanında olduğunu, eyni zamanda media sahəsində də əlindən gələni əsirgəmədiyini bildirdi. “Türkiyə ilə Azərbaycan arasında yaradılmış media platforması bir örnək təşkil edir. Biz türkdilli dövlətlər bu platformanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı  birgə mübarizə aparmalıyıq”-deyə F.Altun Türk dünyasının əsas problemlərindən birinin dezinformasiyalarla mübarizə olduğunu və bu bəlaya qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və  Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov çıxışlarında türkdilli dövlətlər arasında əlaqələrin gücləndirilməsinin, o cümlədən media sahəsində əməkdaşlığın genişləndirilməsi zəruriliyindən danışıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bəzi məsələlər barədə də məlumat verib: “Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da  sistemləşdirilməsinin tərəfdarıyıq. Bugünədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”.

Aprelin 11-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksəkvəzifəli rəsmiləri Ermənistanın müharibə cinayətləri ilə tanış olmaq üçün əvvəlcə yerlə-yeksan edilmiş Ağdamda, daha sonra Gəncə şəhərində səfərdə olmuşlar.

Ortaq mədəni və mənəvi dəyərlərə malik olan türk dövlətləri dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını qorumaları üçün daha sıx birlik və əməkdaşlıq nümayiş etdirməlidirlər. Dünya təcrübəsi göstərir ki, media bütün məsələlərdə ən təsirli silahlardan biri kimi böyük təsir qüvvəsinə  malikdir. Son illərin hadisələri göstərir ki, Türk Şurasına üzv dövlətlərə qarşı təxribat xarakterli dezinformasiyalardan, təhdidlərdən istifadə olunur. Bu baxımdan Türk Şurası üzv dövlətlərin media sahəsində sıx əməkdaşlığı böyük önəm daşıyır. Məhz aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısı bütün üzv ölkələr üçün böyük əhəmiyyət kəsb edən aktual bir mövzu kimi yadda qaldı.

 

Ramiz YUSİFLİ,

“Respublika”.

Read 47 times