XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:43

Ombudsman Səbinə Əliyeva səfir Erkan Özoralla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə ƏliyevaTürkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Ombudsman görüşdə Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə mütəmadi inkişafda olan sıx əlaqələrin məmnunluq doğurduğunu qeyd edib. S. Əliyeva Vətən müharibəsi dövründə Türkiyənin dövlət və xalq səviyyəsində ölkəmizə dəstək nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb. Ombudsman həmin dövrdə Türkiyə səfirliyinin işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı mübarizənin, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə etdiyi hücumların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib.

S.Əliyeva Türkiyə Ombudsman İnstitutu ilə səmərəli əməkdaşlıq, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun 44 günlük müharibənin gedişində və müharibədən sonra Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, insan hüquqlarının pozulması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətinə  diqqət çəkib. Görüşdə Ombudsman eyni zamanda Türkiyə Baş Ombudsmanının dəvəti ilə bu yaxınlarda Türkiyəyə etdiyi səfər zamanı ölkənin yüksək rütbəli dövlət rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlər barəsində də danışıb.

Öz növbəsində səfir Erkan Özoral fəaliyyət dövründə  səmərəli əməkdaşlığa görə Ombudsmana təşəkkürünü bildirib. O, iki ölkə arasında müxtəlif sahələr, o cümlədən insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın inkişafının mühüm önəm kəsb etdiyini vurğulayıb. E.Özoral Azərbaycanda səfir olduğu müddətdə qardaş xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdən, Vətən müharibəsinin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnməsinə şahidlik etməkdən qürur duyduğunu qeyd edib.

 

Zümrüd ABDULLAYEVA,

“Respublika”.

Read 47 times