XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:41

Azərbaycana dəmir və fol turşusu tərkibli 54 min qutu həb ianə edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 min qutu həb ianə edilib.

Bu barədə AZƏRTAC-a dövlət agentliyindən bildirilib.

Məlumata görə, UNİCEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda “İpək Yolu” gömrük terminalında təhvil-təslimi keçirilib.

Tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.

“Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların  iki nəfərdən  birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən  beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur”, - deyə UNİCEF-in nümayəndəsi T.Cəmilova bildirib.

Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev ianəyə görə qurumun rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNİCEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq:

“Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədilə bu preparatlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir”, - deyə agentliyin şöbə müdiri R.Abdullayev bildirib.

Qeyd edək ki, Azərbaycanda  antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

 

 

AZƏRTAC

Read 47 times