XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:40

Görülən işlər müzakirə olunub

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət artıq 7314 şəxsə 13333 istiqamət üzrə sosial ödəniş təyinatları aparılıb və proses artıq yekunlaşır. Bu barədə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə əlillərinin müraciətlərinin araşdırılması və hüquqlarının operativ təminatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupun iclasında bildirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, təyinatlarla bağlı zəruri sənədlər əməkdaşlar tərəfindən müvafiq qurumlardan alınmaqla həmin ailələrin sosial təminat hüquqları reallaşdırılıb. Ötən ilin dekabr ayından isə şəhid ailəsi üzvləri üçün Prezident təqaüdlərinin proaktiv təyinatına başlanıb. Müharibədə xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi prosesi də davam edir. Artıq 283 qaziyə əlillik dərəcəsi təyin olunub, sosial ödənişlərin təyinatı işləri də aparılır.

Qazilərə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilməsi, onların reabilitasiya vasitələri, yüksək texnologiyalı protezlərlə, mühərrikli təkərli araba ilə təminatı, şəhid ailələri və hərbi xidmət zamanı yaralanmış hərbçilərlə, onların ailə üzvləri ilə aparılan psixokorreksiya işləri qeyd edilib. Bu işlərin 9 min şəxsi əhatə etdiyi, şəhid ailəsi üzvləri və qazilərin, eləcə də ailə üzvlərinin aktiv məşğulluq proqramlarına cəlb olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Onlardan 4140 nəfərin özünüməşğulluq proqramına cəlb edildiyi, 750-yə yaxın şəxsin münasib işlərlə, o cümlədən haqqı ödənilən işlərlə təmin edildiyi bildirilib. Aparılan işlərin nəticələri, qarşıda duran vəzifələr müzakirə olunub.

 

M.MUSTAFAYEV,

“Respublika”.

Read 56 times