XƏBƏR LENTİ

Cümə, 16 Aprel 2021 10:37

Ağdam: Ət və süd istehsalı artıb

İkinci Qarabağ müharibəsində parlaq qələbənin qazanılması hər birimizdə qürur hissi yaradıb, insanların əhval-ruhiyyəsi yüksəlib, zəhmət adamları bolluq yaratmaq üçün torpaqdan ikiəlli yapışıb, sözün əsl mənasında, hər kəs Vətənə layiqli töhfə verməyə səy göstərir.

Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair “Dövlət Proqramı”nda ət, süd istehsalının və özünütəminetmə səviyyəsinin artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemdən, örüş və otlaqlardan səmərəli istifadə edilməsi əsas hədəf kimi qarşıya qoyulub. Bu istiqamətdə Ağdam rayonunda da səmərəli iş aparılır.

Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq davamlı şəkildə inkişaf edir. Ötən illərdə olduğu kimi cari ilin birinci rübündə də mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon statistika idarəsindən aldığımız məlumata görə, təsərrüfatlarda 44 min 996 baş iribuynuzlu heyvan, 102150 baş qoyun-keçi olub. Bu ilin birinci rübündə 1108,2 ton ət, 9737,8 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,9 faiz, süd istehsalı 3 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün süni mayalanma uğurla həyata keçirilir. 2021-ci ilin üç ayında 1299 baş inək və düyə süni yolla mayalandırılıb, 732 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Heyvandarlıq məhsullarının artırılması və idxaldan asılılığın azaldılması üçün fermerlər dövlət qayğısını dərin razılıqla qarşılayırlar və yüksək keyfiyyətli məhsul istehsal edirlər.

Salman ALIOĞLU,

“Respublika”.

Read 48 times