XƏBƏR LENTİ

Cümə axşamı, 01 Aprel 2021 06:51

Əczaxanaların fəaliyyətinə xüsusi diqqət

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, son vaxtlar Azərbaycanda da dövlət səviyyəsində səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. İstər dövlət tibb müəssisələri, istərsə də özəl sahələrdə dünya təcrübəsinə yiyələnmiş onlarla, yüzlərlə tibb mütəxəssisi çalışır, insanları sağlam həyata qaytarmaq üçün bütün imkanlarını sərf edir. Şübhə yoxdur ki, həkim nə qədər təcrübəli olsa belə, dəva-dərmansız xəstəni sağalda, onun sağlamlığını bərpa edə bilməz. Həkimlərin məsləhəti ilə xəstələr apteklərə üz tutur. Bəs görəsən şəhərdə addımbaşı rast gəldiyimiz apteklər dəva-dərmanları ilə xəstələrin ehtiyacını ödəyə bilirmi? Son vaxtlarda saxta dərman satışı ilə bağlı arada gəzən söz-söhbətlər demək olar ki, səngiyib. Bununla bağlı Azərbaycan Dövlət Tibb Universitetinin yaxınlığında fəaliyyət göstərən “Jasmin” aptekində olduq. Aptekin müdiri, təcrübəli əczaçı Qalib Məmmədovun bu məsələlərə aydınlıq gətirməsini xahiş etdik. O dedi:

—Mənim başçılıq etdiyim “Jasmin” apteki 11 ildir ki, fəaliyyət göstərir. 7 nəfər işçimiz var. Onların hər biri öz işinin mütəxəssisidir. Alıcılara mədəni və nümunəvi xidmət göstərməyin sirrini yaxşı bilirlər. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim xidmətdən indiyə kimi bir nəfər belə narazı qalmayıb. Özüm də 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmişəm. Çox şükürlər olsun ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, əczaçılıq sahəsində də xeyli uğurlu irəliləyişlərə nail olub. Ölkəmizdə apteklərin sayı kifayət qədərdir. Dərmana olan tələbatda problem yoxdur. Ölkəmizə yüksək keyfiyyətli dərman preparatları gətirilir. Rusiya, Türkiyə, Hindistan, İran və qərb ölkələrindən gətirilən dərmanların keyfiyyəti “Analitik Ekspertiza Mərkəzi”nin laboratoriyasında yoxlanılıb sertifikatlaşdırıldıqdan sonra satışa buraxılmasına icazə verilir. Son vaxtlar bizim respublikamızda da dərman istehsalına başlanıb. Həkimlərlə də söhbət etmişəm, əhali arasında oluruq, yeni istehsaldan da hələlik narazı qalan eşitməmişəm. Səhiyyə naziri Oqtay Şirəliyev fəaliyyətə başladığı ilk dövrlərdən dərman təchizatı və satışı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Son vaxtlar səhiyyədə demək olar ki, neqativ hallara son qoyulub. Dövlətin sifarişi ilə xarici ölkələrdə bizim ölkə üçün istehsal olunan dərmanların annotasiyaları - tanıtım göstəriciləri Azərbaycan dilində verilir ki, bu da xəstənin dərmandan istifadəsində heç bir problem yaratmır. Aptekimizdə dərmanların saxlanma qaydalarına düzgün əməl olunur. Əczaçılarımız bizə müraciət edən xəstələrin ehtiyacını lazımi səviyyədə ödəməyə çalışır.

Məhəmməd VƏLİYEV,

“Respublika”.

Read 96 times