XƏBƏR LENTİ

Şənbə, 17 Aprel 2021 09:01

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və dərman preparatlarının  qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddələrin, 718 ədəd güclü təsir edən maddələrin və 14841 ədəd dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Aprel ayının 12-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycan Respublikasına rəsmi qaydada gələn Azərbaycan Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi “MAN” markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14841 ədəd aksiz markası olmayan dərman preparatları aşkar olunaraq götürülmüşdür.

Aprel ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır.

Ağcabədi rayon sakini 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram “tiryək”, 2716 qram “marixuana”, 500 ədəd “gabaprel” və 218 ədəd “mydrax” güclü təsir edən maddələrin) bənzər maddələr aşkar olunaraq götürülmüşdür. 

Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ağcabədi rayon sakini 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılmışdır.

Faktlar üzrə cinayət işi başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read 359 times