XƏBƏR LENTİ

Çərşənbə, 15 Fevral 2017 06:27

Milli Məclisin növbəti plenar iclasında altı məsələyə baxılıb

Fevralın 14-də Milli Məclisin spikeri Oqtay Əsədovun sədrliyi ilə yaz sessiyasının növbəti plenar iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, 6 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar beynəlxalq aləmdə cərəyan edən siyasi hadisələrə, günün aktual məsələlərinə dair rəy və təkliflərini bildirdilər.

Plenar iclasda öncə “Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında” məsələyə baxıldı. Parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq deputat Jalə Əliyeva əmək və sosial siyasət komitəsinin üzvü seçildi.

Sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. 2016-cı il üzrə hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd etdi ki, ötən il digər qurumlar kimi, bələdiyyələr də ölkəmizdə geniş vüsət alan quruculuq işlərində, sosial, iqtisadi və ekoloji layihələrin reallaşmasında, regional inkişaf proqramlarının həyata keçirilməsində yaxından iştirak ediblər. Dövlət başçısının fərman və sərəncamları ilə təsdiq edilmiş bir sıra sənədlər, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun qəbulu bələdiyyələrin iqtisadi potensialından səmərəli istifadə olunmasına şərait yaradıb, Bakı şəhərində ərazi planlaşdırılması və torpaqlardan istifadənin səmərəli təşkili işində bələdiyyələrin təkmilləşməsinə təkan verib, bələdiyyələrdə etik davranışın yaxşılaşdırılmasında, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının yüksəldilməsində əhəmiyyətli rol oynayıb. Ölkə həyatının ən önəmli siyasi hadisəsi olan 26 sentyabr tarixli referendumda Konstitusiyanın 146-cı maddəsinə edilmiş əlavə yerli özünüidarəetmədə qanunçuluğun təmin olunmasına xidmət edib.

Deputatlara məlumat verildi ki, 2016-cı ildə Azərbaycan Ədliyyə Nazirliyində 62 min 228 bələdiyyə aktı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2 min 257 bələdiyyə aktı ekspertizadan keçirilib.

Ötən il bələdiyyə mülkiyyətinə qaytarılan torpaqların həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Belə ki, il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 8 min 359  hektara yaxın torpaq sahəsi geri qaytarılıb ki, bunun da 7 min 816 hektarı qanunsuz icarəyə, 205 hektarı isə qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlar olub.

İnzibati nəzarət icraatı qaydasında fəaliyyəti araşdırılan 27 bələdiyyədən 18-də ciddi qanun pozuntuları aşkar edilib, hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanlarına göndərilib. İstintaq orqanları tərəfindən 12 fakt üzrə cinayət işi başlanılıb, 1 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb. İnzibati araşdırma materialları əsasən torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlı olub.

Ədliyyə Nazirliyi maarifləndirmə işini diqqət mərkəzində saxlayıb. İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, yerli özünüidarəetmədə şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair qanundan irəli gələn vəzifələr, vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili və digər mövzular üzrə  maarifləndirici tədbirlər keçirilib. Bütövlükdə, ölkə üzrə 190 seminar, 19 təlim və 25 kurs təşkil edilib. Həmin tədbirlərə 12 minədək bələdiyyə üzvü və qulluqçusu cəlb olunub. Maarifçilik tədbirlərində bələdiyyələrin milli assosiasiyaları da fəal iştirak ediblər.

Bildirildi ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb, Ədliyyə Nazirliyinin yerlərdə keçirdiyi səyyar qəbullar və virtual videoqəbullar müsbət nəticələr verib.

Çıxışının yekununda Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasında Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayaraq qanunvericiliklə bağlı bəzi təkliflərini də parlamentin diqqətinə çatdırdı.

Sonra iclasda regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə illik məruzəyə dair fikirlərini açıqladı. Müzakirə zamanı deputatlar Fazil Mustafa, Elmira Axundova, Əli Məsimli, Siyavuş Novruzov, Fərəc Quliyev, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Çingiz Qənizadə, Kamran Bayramov, Fəzail İbrahimli və Adil Əliyev illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2016-cı ildə gördüyü işləri müsbət dəyərləndirdilər. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflərini nəzərə çatdırdılar.

Sonra ədliyyə nazirinin müavini səslənmiş fikirlərə münasibət bildirdi, deputatların təkliflərinin gələcək fəaliyyətdə nəzərə alınacağını qeyd etdi, sualları cavablandırdı.

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul edildi.

Fasilədən sonra aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentə məlumat verdi ki, ölkədə sahibkarlığın inkişafı ilə əlaqədar meşə  fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik edilir, həmin torpaqların icarəçiyə verilmə müddəti bir ildən 49 ilədək artırılır.

Deputatlar bu dəyişikliyi məqsədəuyğun saydılar.

Növbəti qanun layihəsini təqdim edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirdi ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında tətbiq olunan hazırkı cərimələr kifayət etmir. Bunu nəzərə alaraq qanunvericilikdə dəyişiklik aparılması və həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədəuyğun sayılıb.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 596-cı maddəsinə təklif olunan bu dəyişikliyə razılıq verdi.

İclasda Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ikinci oxunuşda müzakirəyə çıxarılmış “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsini təqdim etdi. Birinci oxunuşdan sonra layihənin təkmilləşdirilmiş variantı barədə ətraflı məlumat verdi.

Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirəyə başlandı. Deputatlar Fazil Mustafa, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Əflatun Amaşov, Elmira Axundova, Xanhüseyn Kazımlı, Azay Quliyev, Siyavuş Novruzov rəy və təkliflərini bildirdilər. Sənədin mükəmməl hazırlandığı qeyd olundu. Birinci vitse-spiker deputatları narahat edən məqamlara aydınlıq gətirdikdən sonra 5 fəsil, 27 maddədən ibarət qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi. “Hərbi vəziyyət haqqında” qanun layihəsi üçüncü oxunuşda da səsə qoyularaq qəbul edildi.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda plenar iclasın müzakirəsinə təqdim olunmuş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini ətraflı şərh etdi. Bildirdi ki, 5 fəsil, 25 maddədən ibarət olan bu qanun layihəsi birinci oxunuşdan sonra deputatların rəy və təklifləri nəzərə alınaraq əsaslı surətdə təkmilləşdirilib.

Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirələr başlandı. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar Məlahət İbrahimqızı, Fazil Mustafa, İlham Əliyev, Azay Quliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov sənədə münasibət bildirdilər, təkliflər irəli sürüldü.

İş günü başa çatdığından qərara alındı ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi növbəti iclasda davam etdirilsin.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

AZƏRTAC

 

 

 

Read 53 times