XƏBƏR LENTİ

Cümə, 27 Yanvar 2017 06:34

Cocuq Mərcanlı öz sakinlərini gözləyir...

AZƏRTAC-ın müxbiri Cocuq Mərcanlı kəndinə gedərək, 23 ildir burada yaşayan Həziyevlər ailəsinin həyat şəraiti ilə tanış olub

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib.

AZƏRTAC-ın müxbiri Cocuq Mərcanlı kəndinə gedib, 23 ildir burada yaşayan yeganə ailənin həyat şəraiti ilə tanış olub. Düşmənlə üz-üzə, onun gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan Həziyevlər ailəsinin qeyrəti, dəyanəti, Vətən, yurd sevgisi hər kəsə nümunə ola biləcək çox ibrətli bir hekayədir.

 

“Ordumuza güvənərək burada yaşayırıq”

Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Həziyevlər ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıdıb. Ailənin başçısı Oqtay Həziyev deyir: “Kəndimiz işğaldan azad olunan vaxtdan ordumuza güvənərək burada yaşayırıq. İlk vaxtlar çətinliklərimiz çox olub. Lakin heç vaxt kənddən çıxmaq barədə düşünməmişik. Çünki bura bizim doğma torpağımızdır. Əkin-biçinlə, heyvandarlıqla məşğul olaraq təsərrüfatımızı böyütmüşük. Mal-qara, toyuq-cücə saxlayırıq, arıçılıqla məşğuluq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün “Aqrolizinq” ASC tərəfindən texnikalar da verilib”.

 

 

Aprel döyüşləri hərb tariximizin şanlı səhifəsidir

Horadiz əməliyyatından 22 il sonra, ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşü isə Həziyevlər ailəsində böyük ruh yüksəkliyi yaratdı... Bu qələbə nəticəsində cocuq mərcanlılılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qura bilərlər. Artıq həmin ərazilərdə əsaslı yenidənqurma işlərinə start verilib.

 

Oqtay Həziyev kənd sakinlərini doğma yurda qayıtmağa çağırır

Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamını alqışlayan O.Həziyev kənd sakinlərinə müraciət edərək, onları doğma yurda qayıtmağa çağırıb.

Oqtay Həziyevin oğlu Ülvinin 22 yaşı var. Deyir ki, Cocuq Mərcanlıda doğulub-böyüyüb. Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı da evlərini tərk etməyiblər. Ordumuza, Ali Baş Komandana arxalanaraq, doğma kəndlərində yaşayırlar. Ən böyük istəyi isə əhalinin, həmyaşıdlarının kəndə qayıtmasıdır.

 

 

ANAMA Cocuq Mərcanlını minalardan təmizləyir

Artıq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanılıb. ANAMA-nın Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, kəndin 360 min kvadratmetr ərazisində kəşfiyyat işləri tamamlanıb. 30 min kvadratmetrdən çox ərazi təmizlənib. Əməliyyatlar tam gücü ilə aparılır və tezliklə bu torpaqlar yeni yaşayış məkanlarının salınması üçün hazır vəziyyətə gətiriləcək.

 

Prezidentin Sərəncamının Xuraman xanımda doğurduğu sevinc hissi

2016-cı ilin aprel döyüşləri Böyük Qayıdışa bir işarə idi. Cocuq Mərcanlının təhlükəsizliyi təmin olunduqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev kənd sakinlərini sevindirən daha bir qərara imza atdı. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 2017-ci il 24 yanvar tarixli Sərəncam nəinki bu kəndin və cəbrayıllıların, bütün Azərbaycan xalqının ürəyindən xəbər verdi.

Ailənin digər üzvü Xuraman xanım kəndlərinin bərpa olunması ilə bağlı Sərəncamın doğurduğu sevinc hissini belə ifadə edib: “Sevinirik ki, kəndimiz abadlaşacaq, sakinlər yurd-yuvalarına qayıdacaqlar. Gözəl günlər olacaq. Bundan artıq nə istəyə bilərik...”.

İlk mərhələdə

 

Cocuq Mərcanlıya 50 ailə köçürüləcək

Artıq Cocuq Mərcanlının sakinləri doğma kəndə qayıtmağa tələsirlər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, işğaldan əvvəl  kənddə 400 ailə yaşayıb. Cocuq Mərcanlıya köçmək üçün indiyədək Komitəyə 190 ailə müraciət edib. Prezidentin Sərəncamı ilə bərpa işlərinə 4 milyon manat vəsait ayrılıb. Kənddə 50 ev və bir məktəb binası tikiləcək. Hazırda layihə hazırlanır. İlkin olaraq kəndə 50 ailə köçürüləcək və təbii ki, proses sonra da davam edəcək.

İşğal altındakı digər torpaqlarımız da Cocuq Mərcanlı kimi öz sakinlərinin həsrətindədir. Ordumuzun aprel zəfəri, dövlətimizin başçısının Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağı günün ilk müjdəçiləridir.

Cocuq Mərcanlı öz sakinlərini qarşılamağa hazırlaşır.

 

AZƏRTAC

Read 166 times