XƏBƏR LENTİ

Çərşənbə, 18 Yanvar 2017 04:50

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüş

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi. “Procter and Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.   

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Prezident İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.      

Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulandı.

Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Doris Löythardın görüşü

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 17-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardın görüşü olub.

İsveçrə Prezidenti Doris Löythard Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən xanım Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğuladı, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirdi.

Xanım Doris Löythardın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı ölkəmizdə görülən işlərdən danışdı. Prezident İlham Əliyev ölkəmizin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın mühüm nəqliyyat tranzit mərkəzinə çevrildiyini bildirdi.

Görüşdə ölkələrimiz arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulandı, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin BP şirkətinin baş icraçı direktoru ilə görüşü

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlandı. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Prezident İlham Əliyev Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb.

Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Lüksemburq ilə Azərbaycan arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu deyən Ksavyer Bettel ölkəsində İKT, kosmik sənaye, bank və maliyyə sahələrinin inkişaf etdiyini, bu sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını dedi.

Prezident İlham Əliyev Azərbaycanın müxtəlif sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda da İKT-nin inkişafına xüsusi diqqət ayrıldığını, hökumətin bu sahəyə böyük investisiyalar yatırdığını bildirdi. Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.

Söhbət zamanı qarşılıqlı investisiya, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edildi. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulandı, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı.

 

 

“LafargeHolcim” şirkətlər qrupu Azərbaycan ilə əlaqələr qurmağa hazırdır

Bu fikir Prezident İlham Əliyevin Davosda “LafargeHolcim”in rəhbəri ilə görüşündə vurğulanıb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.      

Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı. 

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

 

 

 

Read 62 times