XƏBƏR LENTİ

Cümə, 12 Fevral 2021 05:18

“Elm və İnnovativ Texnologiyalar” jurnalının məqsədi beynəlxalq səviyyədə uğurlar qazanmaqla Azərbaycanın elmi nüfuzunu gücləndirməkdir...

“Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi jurnalın Baş redaktoru, professor Teymur Əhmədovla müsahibə
– Hörmətli Teymur müəllim, ilk növbədə, “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi jurnalın baş redaktoru kimi jurnal haqqında məlumat verməyinizi xahiş edirik.
– “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalı ildə 4 dəfə dərc olunan, ictimaiyyət üçün açıq olan resenziyalı, elmin kompleks problemləri, humanitar və ictimai-siyasi, tətbiqi, təbiət sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Jurnal 19 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi - №4122-dir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2018-ci il 04 iyul, №-11-R tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnal Azərbaycan, rus, ingilis və türk dillərində elmi məqalələri dərc edir. Elmi nəşrin Redaksiya heyəti yerli və dünyada tanınmış alimlər, xarici mütəxəssislərdən formalaşmışdır.
– Jurnalın əsas missiyası nədən ibarətdir?
– Əsas məqsədimiz elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.
– Jurnalınızın fərqli quruluşu, yeniliklər barədə nə deyə bilərsiniz, hansı rubrikaları əhatə edir?
– Jurnalda indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnalda hakimli rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir. Jurnalda elmin kompleks problemləri, humanitar və ictimai-siyasi, tətbiqi, təbiət sahələri üzrə elmi məqalələri, kitab rəyləri, dünyada tanınmış elm adamlarından alınmış elmi müsahibələr yer alır. Eyni zamanda jurnalda maarifləndirmə istiqamətində hazırlanan “Dahi alimləri tanıyaq” adlı bir bölmə də vardır ki, Azərbaycanın və dünyanın tanınmış alimləri haqqında məqalələr yer alır.
– “Elm və İnnovativ Texnologiyalar” jurnalı digər elmi jurnallardan nə ilə fərqlənir?
– Jurnalın ən önəmli fərqliliklərindən biri beynəlxalq əməkdaşlığının geniş olmasıdır. Belə ki, Türkiyə, Rusiya, Makedoniya, Polşa, Çin, İtaliya, İspaniya, Yunanıstan, Rumıniya, İndoneziya, Filippin və sair kimi ölkələrdə fəaliyyət göstərən bir sıra elmi jurnallarla əməkdaşlıq memorandumu imzalayıbdır. Davamlı olaraq, xaricdə təşkil edilən beynəlxalq konfrans materialları bizim jurnalda dərc edilir. Bununla yanaşı, hər ildə ən azı bir dəfə maraqlı elmi mövzularla bağlı xüsusi buraxılış elan edilir.
“Elm və İnnovativ Texnologiyalar” jurnalı 2021-ci il üçün “Daha yaxşı bir həyat üçün Dayanıqlı İnkişaf Məqsədləri: Təhsilin, Xarici Əlaqələrin və Biznes İdarəçiliyinin töhfələri” (“Sustainable Development for a Better world: Contributions of Education, Foreign Affairs, Business and Management”) adlı xüsusi nömrəsini beynəlxalq ictimaiyyətə təqdim etdi. Qeyd edək ki, bu xüsusi nömrə, redaktorları Çin Xalq Respublikasının Nanjinq İnformasiya və Texnologiyalar Universitetinin alimi Dr.Mudassar Sarfraz və Çin Xalq Respublikasının Hunan Humanitar və Texnoloji Elmlər Universitetinin alimi Dr.Muhammad Mohsin tərəfindən idarə ediləcəkdir. Xüsusi nömrə üçün elmi məqalələrin hazırlanmasında 20-dən çox mövzu təklif edilmişdir. Hazırda Çin, İndoneziya, Makedoniya, Argentina, Polşa, Türkiyə, Malayziya, Pakistan, Avstraliya, Əlcəzair, Nigeriya, İtaliya və digər ölkələrdən məqalələr daxil olmuş və elmi rəy prosesi üçün mütəxəssislərə göndərilmişdir. Məqalə qəbulu 1 iyun 2021-ci il tarixinə qədər davam edəcəkdir.
Eyni zamanda 21 noyabr 2020-ci il tarixində Makedoniyanin Tetova Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil edilən Beynəlxalq Multidissiplinar elmi konfransın məqalələri “Elm və İnnovativ Texnologiyalar” jurnalının xüsusi nömrəsi kimi hazırlanır.
“Elm və İnnovativ Texnologiyalar” jurnalı açıq-girişli jurnaldır. İlk növbədə onu qeyd etmək istərdim ki, jurnalda yüksək səviyyədə arxivləşdirmə siyasəti həyata keçirilir. Belə ki, jurnal öz fəaliyyətini dayandırsa belə, çap olunan məqalələr nəzarətdə saxlanılaraq, arxiv saytı kimi qalacaqdır.
İlk öncə qeyd etdiyim kimi, jurnal Azərbaycan, rus, türk və ingilis dilində məqalələri qəbul edir. Azərbaycanda yeganə jurnaldır ki, jurnalın saytı bu dillərdən başqa, Çin dilində də fəaliyyət göstərir.
“Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin etik qaydalara əməl etmələri xüsusi tələb olunur. Buna görə də bütün işçi heyəti “Nəşriyyat Etikası Komitəsi”nin tələblərinə əsasən müəyyən edilmiş bütün jurnal qaydalarına riayət edir.
– Bilirik ki, “Elm və İnnovativ Texnologiyalar” jurnalı geniş beynəlxalq əməkdaşlığa sahibdir. Bu istiqamətdə nəşrin son nailiyyətləri haqqında məlumat verə bilərsinizmi?
– Elmi jurnal beynəlxalq aləmdə kifayət qədər geniş oxucu kütləsinə sahibdir və 30-dan çox beynəlxalq elmi bazaların siyahısına, dünyada tanınmış universitetlərin kitabxanalarının resurslar sisteminə daxil edilmişdir. 2021-ci ildə “Elm və İnnovativ Texnologiyalar” jurnalı “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başladı. “EBSCO” elmi məlumat bazası dünyada aparıcı mövqeyə malikdir və “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi jurnalın bu əməkdaşlığı sayəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasında inkişafını genişləndirəcəkdir.
Çin Xalq Respublikasının Nanjinq əyalətinin bir sıra universitetləri tərəfindən əməkdaşlıq edilməsi ilə bağlı təkliflər almışıq və hazırda bu istiqamətdə müzakirələr davam edir və təklifləri dəyərləndiririk. Qısa müddətdə bununla bağlı məlumatları oxucularımızın nəzərinə çatdıracağıq.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında olan bir jurnal olaraq, 2021-ci ildə yeni iki sahəyə - Fəlsəfə/Sosiologiya və Pedaqogika elmi sahələrinin siyahısına da daxil edildi. Jurnalın Ali Attestasiya Şurasında qeydiyyatda olması ilə də yerli tədqiqatçılarımızın elmi tədqiqatlarının beynəlxalq auditoriyaya çatdırmasında, xarici alimlər arasında elmi ünsiyyətlərinin genişləndirməsində böyük rol oynayacaqdır.
– Hörmətli Baş redaktor, “Elm və İnnovativ Texnologiyalar” jurnalı haqqında hər kəsi maraqlandıran sualları cavablandırdığınız üçün təşəkkür edirik.
– Təşəkkür edirəm, çox sağ olun.

Xatırladaq ki, jurnal haqqında əlavə məlumat üçün bu ünvana daxil ola bilərsiniz: http://www.ejsr.org/Az_index.aspx

Müsahibəni apardı:
H.TOPQAYA.

Read 264 times

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər885752

Currently are 54 guests and no members online