XƏBƏR LENTİ

Şənbə, 23 Noyabr 2019 10:15

AZƏRBAYCAN İQTİSADİYYATINDA MELİORASİYA VƏ SU TƏSƏRRÜFATININ ROLU

Müsahibimiz Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər doktoru, professor Ağamir Həşimovdur

– Ağamir müəllim, ölkə iqtisadiyyatının inkişafında meliorasiya və su təsərrüfatının rolu nədən ibarətdir?
– Meliorasiya və su təsərrüfatının ölkə iqtisadiyyatında və ümumilikdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun əhəmiyyətini ümummilli lider Heydər Əliyevin “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən daha səmərəli istifadə etməliyik” müdrik kəlamı ilə cavablandırmaq istəyirəm. Sahənin vacibliyi və ona dövlətin verdiyi qiyməti təsəvvür etmək üçün meliorasiya və su təsərrüfatının inkişaf mərhələlərinə qısaca nəzər salmaq, fikrimizcə, maraqlı olardı.
Qədim dövrlərdə meliorasiya və su təsərrüfatı sahəsində texnika və texnologiyaların zəif inkişafı ilə əlaqədar suvarma kanalları və hidrotexniki qurğular ağır əl əməyi hesabına tikilib istifadə olunmuşdur. V-VI əsrlərdə Mil düzündə inşa edilmiş suvarma kanalının izləri, VI-VII əsrlərdə çəkilmiş Gavur-arx, Hacı Hüseynağa, Daşçay-arx kanalları hələ də qalmaqdadır. Mühəndis tipli irriqasiya sistemləri və qurğuların tikintisi XIX əsrin ikinci yarısından başlamışdır. 1860-cı illərdə Qarayazı düzündə mühəndis tipli suvarma şəbəkəsi inşa edilmiş və suvarma aparılmışdır. 1872-ci ildə Naxçıvanda Arazdöyən suvarma şəbəkəsi tikilib istifadəyə verilmişdir. 1899-1900-cü illərdə Muğan düzündə tədqiqatlar aparılmış və uzunluğu 5,25 km olan Sarıcalar kanalı tikilmişdir.
XIX əsrin sonlarında çar hökuməti toxuculuq sənayesinə marağı artdığından pambıqçılığı inkişaf etdirməyə səy göstərir və Muğan, Mil və Şirvan düzlərində suvarma tədbirlərini həyata keçirməyə başlayır. 1901-1917-ci illərdə Gür-gür-Qobu kanalı, indiki Sabir adına suvarma şəbəkəsi, Aşağı Muğan, Yuxarı Muğan, Orta Muğan magistral kanalları tikilir.
1920-1940-cı illəri əhatə edən mərhələ su təsərrüfatını idarə etmək üçün xüsusi idarələrin təşkili, sıradan çıxmış kanal və qurğuların bərpası, suvarma sistemlərinin yenidən qurulması, suvarılan ərazilərin genişləndirilməsi və qurğuların etibarlılığının yüksəldilməsi ilə xarakterizə olunur. Bu illərdə Sabir adına kanal yenidən quruldu, uzunluğu 72 km olan Sağ və Sol sahil kanalları tikilib istifadəyə verildi. Suvarılan torpaq sahələri 618 min hektara çatdırıldı. 1925-1931-ci illərdə Köhnə Xan qızı kanalı işə salındı, Naxçıvanda kəhriz təsərrüfatı qaydaya salındı, Qarabağ və Gəncə-Qazax zonalarında torpaqların suvarılmasına başlandı.
İkinci Dünya müharibəsindən sonrakı dövrü əhatə edən mərhələ meliorasiya və su təsərrüfatında yaranmış geriliyin aradan qaldırılması, yarımçıq qalmış obyektlərin tikintisi, idarəetmə, tikinti və istismar qurum və idarələrinin təşkili, bataqlıqların qurudulması, suvarılan torpaqların sahəsinin genişləndirilməsi, suya olan tələbatın ödənilməsi, mövcud suvarma sistemlərinin yenidən qurulması ilə səciyyələnir. 1946-1952-ci illərdə su təsərrüfatında tikintiyə 105,6 milyon manat vəsait xərcləndi və 41,7 min hektar sahədə mövcud suvarma sistemləri yenidən quruldu, 75,3 min hektar yeni torpaqlar istifadəyə verildi.
1945-1965-ci illərdə meliorasiya və su təsərrüfatı sahəsində Mingəçevir su anbarı, Muğan-Salyan magistral kollektoru, Baş Muğan kanalı, Bəhrəmtəpə hidroqovşağı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Baş Şirvan kollektoru, Samur çayında sugötürücü, Samur-Dəvəçi kanalının 2-ci hissəsi, Ceyranbatan su anbarı tikilib istifadəyə verildi. 50 min hektar bataqlaşmanın qarşısını almaq məqsədilə Şirvan zonası çaylarının sel sularının Kür çayına axıdılması həyata keçirildi. 249 subartezian quyusu qazıldı, Lənkəran düzündə 13,2 min hektar sahəsi olan Morso bataqlığı quruduldu, Qazax, Tovuz, Şəmkir və Naxçıvanda suvarma üçün nasos stansiyaları tikildi. 253 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 342 min hektar qış otlaqlarına su çıxarıldı. Artıq 1965-ci ildə suvarılan torpaqların ümumi sahəsi 970 min hektara çatdırılmışdır.
ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi birinci dövrdə (1969-1982-ci illər) ölkənin meliorasiya və su təsərrüfatında, o cümlədən iqtisadiyyatın bütün sahələrində intensiv inkişaf mərhələsi başladı. Araz çayı üzərində su anbarı su elektrik stansiyası ilə birlikdə, Sərsəng, Yuxarı Xanbulançay, Arpaçay, Sirab, Ağstafaçay, Aşağı Köndələnçay, Zaqolovoçay və s. su anbarları Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və yeni Xan qızı kanalları, üçpilləli Qaraçuq, ikipilləli Arpaçay və Yazı düzü nasos stansiyaları, Naxçıvan və Abşeron suvarma sistemləri, Caqar-Cibir magistral kanalı, Dağlıq Qarabağda suvarma sistemlərinin yenidən qurulması, Tovuz üçpilləli nasos stansiyası, Baş Şirvan kollektorunun yenidən qurulması, Lənkəran və Astara rayonlarında suvarma sistemləri və digər obyektlər tikilib istifadəyə verildi. 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı istifadəsinə cəlb edildi, 400 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 825 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 460 min hektar sahədə hamarlama və 150 min hektarda əsaslı yuma işləri aparıldı. Təkcə 1971-1975-ci illərdə 50 min hektar sahədə örtülü drenaj sistemi inşa edilmiş, dəmir-beton novlardan ibarət 500 km-ə yaxın kanallar, 3 min km-ə yaxın boru kəməri çəkilmişdir. 1970-ci ildən sənaye-istehsalat bazaları yaradılmağa başlandı. Qısa müddətdə Sabirabad rayonunda dəmir-beton zavodu, təmir zavodu, Əli Bayramlı şəhərində Saxçı drenaj boru zavodu, Səyyar-mexaniki dəstələrin dayaq məntəqələri, kərpic zavodları, Bərdə, Şəmkir, Ağdaş və Xaçmaz rayonlarında, Bəhrəmtəpə qəsəbəsində, Naxçıvanda və digər bölgələrdə qum-çınqıl zavodları və karxanalar tikilib istismara verildi.
1983-1993-cü illər meliorasiya və su təsərrüfatının tənəzzül dövrü və sahənin böhranlı vəziyyəti ilə xarakterizə olunur. 1986-cı ildən başlayan yenidənqurma siyasəti, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, daxili çəkişmələr, vəsait çatışmazlığı sahəni tam iflasa uğratmışdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi ikinci dövrdə meliorasiya və su təsərrüfatının yeni inkişaf mərhələsi başladı. Bu sahəyə dövlət qayğısı yenidən bərpa olundu və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Əvvəlcə “2003-2010-cu illər üzrə meliorasiya və su təsərrüfatının İnkişaf Konsepsiyası və İnvestisiya Proqramı” hazırlandı.
Konsepsiya və Proqramda 6 su anbarının və 235 km uzunluğunda kanalların tikilməsi, Bərdə, Tərtər, Şəmkir, Ağstafa, Qazax və Qəbələ rayonlarında kollektor-drenaj şəbəkəsi tikməklə qrunt sularının səviyyəsinin endirilməsi, daşqın və sel təhlükəsi yaradan çaylarda uzunluğu 38,4 min metr olan bəndlərin tikilməsi nəzərdə tutulmuşdu.
Bu işləri görmək üçün Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və digər investorlar tərəfindən kredit xətləri açıldı. Tikintisi yarımçıq qalmış 150 obyektdən ən mühüm 11 obyekt seçildi. Son dərəcədə vacib olan 3 obyektin - Baş Mil-Muğan Kollektoru, Vayxır su anbarı tikintisinin və Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının birinci növbədə maliyyələşdirilməsi qərara alındı.
Azərbaycanın müstəqillik əldə etdiyi qısa müddətdə uzunluğu 185,8 km, sərfi saniyədə 107 kubmetr olan Baş Mil-Muğan Kollektoru, Vayxır su anbarı, Xanarx kanalı, Şəmkir maşın kanalı, İkipilləli Ceyrançöl, İkipilləli Sədərək və Xındırıstan nasos stansiyaları tikilib istifadəyə verildi. Bu dövrdə dağ və dağətəyi çaylarda 10 min metrdən artıq sahilbərkitmə işləri görülmüş, Şəki rayonunda Cəyirliarx kanalı bərpa edilmiş və su ilə təminat üçün hövzə tikilmişdir. Samur çayı üzərindəki Baş su qəbuledici qurğu və Bəhrəmtəpə hidroqovşağı bərpa və əsaslı təmir edilmiş, Tərtər rayonunda içməli su təchizatı sistemi bərpa edilmişdir. Bərdə, Tərtər, Şəmkir və digər rayonlarda qrunt sularının səviyyəsinin aşağı salınması üzrə tədbirlər həyata keçirilmiş, respublikanın rayonlarında təsərrüfatdaxili irriqasiya və meliorasiya işləri sahmana salınmışdır.
Bu inkişaf ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilməyə başlandı.
Azərbaycan dövlətini qorumaq, onun davamlı inkişafını təmin etmək, əhalinin sosial-iqtisadi və rifah halını yüksəltmək üçün bir sıra mühüm qərarlar qəbul edilmiş, Dövlət proqramları hazırlanıb icraya yönəldilmişdi. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramları və digər proqram sənədlərindən irəli gələn tələblər aqrar sektor qarşısında bir sıra təxirəsalınmaz vəzifələr və tapşırıqlar qoydu. Meliorasiya və su təsərrüfatını inkişaf etdirmək məqsədilə Tədbirlər Planında su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və səmərəli istifadə olunması, meliorasiya və irriqasiya sistemlərinin iş rejimlərinin yaxşılaşdırılması və potensialının gücləndirilməsi, suvarma və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərinin davam etdirilməsi qərara alındı.
Qısa müddət ərzində əsrin nəhəng və unikal su tikintilərindən Taxtakörpü su anbarı və onun üzərində 25 meqavat gücündə olan elektrik stansiyası, Şəmkir su anbarı və onun üzərində ildə 560 milyon kilovat elektrik enerjisi istehsal edən elektrik stansiyası, 54248 hektar əkin sahəsinin su təminatını yaxşılaşdıracaq və 17147 hektar yeni torpaq sahələrini suvarma suyu ilə təmin edəcək Şəmkir sağ və sol sahil kanalları, Füzuli rayonunda və Naxçıvan Muxtar Respublikasında hər birinin gücü 25 meqavat olan su elektrik stansiyaları su anbarları ilə birlikdə tikilib istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “son illərdə bir neçə gözəl layihələr icra edilmiş və böyük infrastruktur layihələrin icrası davam etdirilir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlandı. Strateji Yol Xəritəsində 2016-2020-ci illər ərzində və perspektivdə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sektorun dayanıqlı inkişafına nail olmaq, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal və emal etmək və digər məqsədlər üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulmuşdur.
– Siz öncə ümummilli lider Heydər Əliyevin meliorasiya və su təsərrüfatı obyektləri haqqında dediyi tövsiyəni sitat gətirdiniz. Bu barədə bir az geniş məlumat verməyinizi xahiş edirəm.
– Meliorasiya və su təsərrüfatı təyinatına, əhatə dairəsinə və miqyasına görə ölkəmizdə iqtisadiyyatın aparıcı və nəhəng sahələrindən biridir. Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatını və sənayeni su ilə davamlı təmin etmək, şəhər və yaşayış məntəqələrini, əraziləri və əkin sahələrini sel, daşqın və suların digər zərərli təsirindən qorumaq, şorlaşmış və şorakətləşmiş torpaqların münbitliyini bərpa etmək və yaxşılaşdırmaq, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etmək; ətraf mühiti mühafizə etmək və ekoloji tarazlığı qorumaq; balıqçılığı və turizmi inkişaf etdirmək, ölkənin energetika bazasını möhkəmləndirmək məqsədilə geniş tikinti və istismar işləri aparılır. Meliorasiya və su təsərrüfatı kompleksinə 140 mindən artıq müxtəlif təyinatlı hidrotexniki qurğu, tutumu 22,5 milyard kubmetr olan 170 su anbarı, ümumi uzunluğu 51,84 min km olan irriqasiya sistemi, uzunluğu 41,182 min km olan kollektor-drenaj şəbəkəsi; ümumi gücü 605 min kVt-dan çox olan 1021 nasos stansiyası, 8713 subartezian quyusu, ümumi uzunluğu 2930 km olan boru kəməri; ümumi uzunluğu 2079 km olan sahilqoruyucu qurğular; ümumi uzunluğu 9292 km olan mühafizə bəndləri, 1989 sənaye və mülki bina, 138 kiçik su tutarlı, 9036 müşahidə quyusu, 2636 km yol; 503 km rabitə xətti, kanallar üzərində 5785 qurğu; 45510 suayırıcı qurğu, 12014 körpü və keçid, 3852 suölçən qurğu, otlaqları və heyvandarlıq sahələrini su ilə təmin etmək üçün yüzlərlə qurğu və su təchizatı sistemləri daxildir. Qeyd edilən nəhəng mühəndis qurğuları, sistem və şəbəkələr aqressiv mühitdə işləməklə bərabər ölkənin bütün ərazilərini əhatə etmişdir. Olduqca mürəkkəb konstruksiyalara malik olan bu sistem və qurğuların layihələndirilməsi, tikintisi və istismarı ixtisaslaşmış və sahəni yaxşı bilən mütəxəssislər tərəfindən həyata keçirilir. Xüsusilə sahənin hərtərəfli inkişafında ölkə Prezidentinin diqqət və qayğısını hər zaman vurğulayan və peşəkarlıqla bu işlərə rəhbərlik, təşkilatçılıq edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də əməyi böyükdür.
– Söhbət zamanı qeyd etdiniz ki, Azərbaycanın torpaq və su ehtiyatları məhduddur. Ölkəmizin torpaq-su ehtiyatları və onların müasir vəziyyəti haqqında açıqlama verməyiniz yerinə düşərdi.
– Əhalinin təhlükəsizliyinin başlıca təminatı su və torpaq ehtiyatları və onlardan səmərəli istifadə edilməsidir. Qəbul edilmiş beynəlxalq normalara görə əhalini ərzaqla tam təmin etmək üçün bir nəfər sakinə 0,3-0,5 hektar yararlı əkin sahəsi, 7,4 min kubmetr və ya ən azı 1,7 min kubmetr şirin su düşməlidir. Lakin Azərbaycanda bir nəfərə düşən yararlı əkin sahəsi 0,15-0,20 hektar, təqribən 1 min kubmetr şirin su düşür ki, bu da kritik hesab edilən həddən 2-7 dəfə azdır.
Azərbaycan Respublikası qədim əkinçilik mədəniyyətinə malik olub, olduqca mürəkkəb coğrafi, təbii-iqlim şəraitində yerləşir. Ölkənin ümumi torpaq fondu 86.6 milyon hektar təşkil edir. Ərazinin 60 faizi dağlıq, 40 faizi dağətəyi və düzənliklərdən ibarətdir. Ölkə ərazisinin 2721,1 min hektarı dağlıq, 1040,3 min hektarı meşəlik, 142,5 min hektarını isə su hövzələri təşkil etdiyindən ümumi torpaq fondunun 45,1 faizi və yaxud 3905,7 min hektarı kənd təsərrüfatı dövriyyəsində istifadə oluna bilmir. Torpaq fondunun yalnız 4759 min hektarı kənd təsərrüfatı məhsulları istehsal etmək üçün yararlı hesab olunur. Lakin onun 2915,4 min hektarı daimi bitkilər, otlaqlar və biçənəklər altında yerləşir. Hazırda kənd təsərrüfatında əkin altında istifadə olunan torpaq sahəsi 1843 min hektar təşkil edir və onun 1438,8 min hektarı suvarılır. Suvarılan torpaqların 126 min hektarı Dağlıq Qarabağda mənfur Ermənistanın işğalı altındadır.
Su kompleks məqsədlər, o cümlədən su təchizatı, suvarma, energetika, sənaye, balıqçılıq, nəqliyyat, su idmanı, turizm, sağlamlıq, kurort və istirahət, ovçuluq, meşə təsərrüfatı, hərbi və digər strateji məqsədlər üçün istifadə olunur. Azərbaycanda şirin su ehtiyatları çaylarda, göllərdə və yeraltı su hövzələrində cəmlənmişdir. Ölkədə çay sularının ehtiyatı orta sulu illərdə 32,3 milyard kubmetrə çatır və onun 22 milyard kubmetri və ya 70 faizi qonşu ölkələrin ərazisindən daxil olur. Göl sularının ümumi ehtiyatı olduqca az olub 314 min kubmetr təşkil edir. Su hövzələrinin mühafizəsi, ekoloji tarazlığın, biomüxtəlifliyin qorunması məqsədilə qəbul edilmiş beynəlxalq normalara görə çay sularının müəyyən hissəsi, təqribən 30 faizi geri qaytarılmadan istifadə edilə bilər. Hətta şiddətli quraqlıq illərdə çaylardan ümumən su götürməyə icazə verilmir. Azərbaycan çaylarının su ehtiyatları quraqlıq illərdə məcburi axın həcmindən az olur.
Yeraltı su hövzələrində şirin və zəif minerallaşmış suların istismar ehtiyatları da çox deyildir. Hesablamalara görə, yeraltı suların proqnoz ehtiyatları 7,49 milyard kubmetr təşkil edir. Bu ehtiyatlardan yalnız 4,64 mliyard kubmetri Dövlət Ehtiyatlar Komissiyası tərəfindən təsdiq edilmişdir.
Suvarılan torpaq sahələrini 3,2 milyon hektar qədər artırmaq mümkündür və bu zaman suvarma suyuna olan tələbat 25,6 milyard kubmetr təşkil edir. Əhalinin sayının artması, qlobal iqlim dəyişmələri və iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi suya olan tələbatı daha da artırır. Bu zaman suya olan tələbat 38,6 milyard kubmetrə çatır. Göründüyü kimi, mövcud su ehtiyatları artan tələbatı ödəmir. Ona görə də əlavə su mənbələrindən, məsələn, dəniz, kollektor-drenaj və təmizlənmiş çirkab sularından təkrar istifadə məsələsi aktuallaşır.
– Meliorasiya nədir və onun fəaliyyət dairəsinə nə kimi məsələlər daxildir? Məncə, bu sual çoxları üçün maraqlıdır.
– Meliorasiya sözü latın dilində “yaxşılaşdırma” mənasını ifadə edir. Lakin geniş mənada müxtəlif texnika və texnologiyaların köməyi ilə torpağın yararlı hala salınmasından və məhsuldarlığının artırılmasından, ətraf mühitin mühafizəsindən və ekoloji tarazlığın qorunmasından, səhralaşma ilə mübarizə aparmaqdan və digər təbiət məsələlərinin həll edilməsindən ibarətdir. Ona görə də meliorasiya bir çox sahələri əhatə edir. Meliorasiyanın fəaliyyət dairəsinə suvarma, izafi nəmlənmiş humid zonalarda qurutma, arid zonalarda qrunt sularının səviyyəsinin tənzimlənməsi, qurutma-nəmləndirmə sistemlərinin yaradılması, aqromeşə salma, torpaqların daş və qaya parçalarından təmizlənməsi (mədəni-texniki işlər), torpaqların dərin qatlarının yumşaldılması, irriqasiya, su və külək eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların strukturunun yaxşılaşdırılması, təkrar şorlaşma və şorakətləşmə ilə mübarizənin aparılması, zərərsiz kimyəvi maddələrlə torpaqların məhsuldarlığının bərpası və qorunması, mədəni otlaqların yaradılması, otlaqların su təminatı və mühafizəsi, qum torpaqların bərkidilməsi və məhsulvermə qabiliyyətinin artırılması, mütərəqqi suvarma rejimlərinin, texnika və texnologiyalarının yaradılması və tətbiqi, dağ yamaclarında sürüşmənin qarşısının alınması, torpaqda nəmlik ehtiyatının yaradılması və digər məsələlər daxildir.
Meliorasiyanın fəaliyyət dairəsinə, həmçinin hidrotexniki tədbirlər deyilən işlər də aiddir. Bu işlərə kənd təsərrüfatını suvarma və qismən əhalini içməli-məişət suyu ilə təmin etmək məqsədilə su anbarlarının, irriqasiya sistemlərinin və onların üzərində hidrotexniki qurğuların, sel və daşqınlara qarşı mühafizə qurğularının, kollektor-drenaj şəbəkəsinin yaradılması, layihələndirilməsi, tikintisi və istismarı kimi məsələlər də daxildir.
– Suvarılan torpaq sahələrinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının artırılması ilə bağlı sizcə hansı meliorasiya tədbirləri həyata keçirilməlidir?
– Dünyada torpaqla bağlı bir çox peşələr mövcuddur ki, onlar da öz müxtəlifliyi ilə səciyyələnirlər. Vətənə olan təmiz, ülvi məhəbbətimiz bizi üzərində gəzdiyimiz, verdiyi hər cür nemətlərlə qidalandığımız torpağa bağlayaraq, torpaq anlayışını müqəddəsləşdirir, qəlbimizdə ülvi hisslər oyadır. Məhz buna görə də, insanlar torpağa olan ülvi duyğularını “ana torpaq”, “bizi dolandıran torpaq” şəklində ifadə etməklə, onun doğma, əziz, müqəddəs və qorunan olduğunu göstərmək istəyirlər.
Biz-meliorasiya və su təsərrüfatı işçiləri kənd təsərrüfatını mürəkkəb torpaq-iqlim şəraitlərində inkişaf etdiririk. Ölkəmizdə elə bir torpaq yoxdur ki, məhsuldarlığını kökündən yaxşılaşdırmaq üçün onlarda kompleks meliorasiya tədbirlərinin aparılması lazım olmasın. Kənd təsərrüfatı təyinatlı əkin sahələrinin bir çox hissəsi sistematik olaraq təkrarlanan kəskin quraqlıq şəraitlərində yerləşirlər. Belə ki, ölkə ərazisində iqlimin bəzi göstəriciləri, o cümlədən günəşli günlərin sayı əkinçiliyin inkişafı üçün əlverişli olsa da, əksər bölgələrdə yağıntının miqdarının buxarlanmadan az olması, bitkilərin su təminatı baxımından torpaqda nəmlik çatışmazlığına gətirib çıxarır, dəmyə əkinçiliyin inkişafını çətinləşdirir və suvarma əkinçiliyinin tətbiqini tələb edir. Məlum olduğu kimi, düşən yağıntıların torpağın nəmlik ehtiyatı baxımından optimal miqdarı 700 mm-dən çox qəbul edilmişdir. Ölkə ərazisinə il ərzində düşən yağıntının miqdarı əsas əkinçilik zonalarından olan Kür-Araz ovalığında və Samur-Dəvəçi massivinin şimal-şərq, şərq və cənub-şərq hissələrində və Abşeronda 200-400 mm, digər düzənlik ərazilərində 400-600 mm, Böyük Qafqazın cənub yamaclarında 600-1000 mm, Lənkəran ovalığında 400-1600 mm, dağlıq hissələrdə 1600 mm-dən böyükdür.
Hesab olunur ki, bitkilərin inkişafı üçün lazım olan məhsuldar nəmlik yağıntıların 60-70 %-ni təşkil edir, qalan hissə isə torpaq səthindən buxarlanır və ya axıb gedir. Bununla yanaşı, quraqlığın artması, güclü küləklər, yağıntıların az olması və digər səbəblər bitkilərin istifadə edə biləcəyi nəmliyin azalmasına gətirib çıxarır. Məlumdur ki, əgər yağışdan və ya suvarmadan sonra torpaqda “nəmliyi saxlamaq” kimi adlanan yumşaltma və malalama işləri aparılmasa, onda düşən yağıntıların hamısı qısa müddətdə buxarlana bilər. 10 mm miqdarında yağan yağıntılar hesaba alınmır, çünki onlar davamlı nəmlik ehtiyatını yarada bilmirlər, yalnız torpağın üst səthini nəmləndirirlər.
Bir halda ki, meliorasiya - böyük torpaq massivlərinin məhsuldarlığının daha uzunmüddətli, etibarlı və dayanıqlı artırılmasıdır, onda bu sahə nəinki hazırkı dövrdə, həm də gələcəkdə ölkə iqtisadiyyatına olan qayğını ifadə edir. Meliorativ obyektlər və onlara bağlı olan suvarılan torpaqlar uzunömürlü olduğundan, ildən-ilə, əsrdən-əsrə toplanılaraq, ölkənin meliorativ fondunu yaradırlar. Meliorasiya olunmuş torpaqların irimiqyaslı fondunu nə 5 il, nə də 10 il müddətinə yaratmaq mümkün deyil, onu yaratmaq üçün onilliklərlə gərgin əmək sərf etmək lazımdır.
Mövcud əkin sahələrində məhsuldarlığın nisbətən az olma səbəbləri, daha doğru desək - müəyyən təsərrüfatsızlığın səbəbləri məlumdur. Belə oxşar təsərrüfatlarda bəzən aqrotexnikanın bir çox tələblərinin pozulması aşkar olunur. Bu təsərrüfatlar elmi-texniki tərəqqinin tövsiyələri ilə razılaşmırlar, burada yağışyağdırma maşınlarının, o cümlədən mütərəqqi texnologiyaların çatışmazlığından suvarma rejimlərinə, suvarmaların tam növbələnməsinə riayət edilmir, mineral və üzvi gübrələrdən az istifadə olunur. Suvarılan və yuyulmuş torpaqların bir hissəsi qeyri-qənaətbəxş meliorativ vəziyyətə düşmüş, əkin dövriyyəsi altında olan torpaqların isə bir hissəsi baxımsız vəziyyətdədir.
Belə təsərrüfatlarda, bir qayda olaraq suvarılan və yuyulmuş torpaqlarda əkinçiliyin xüsusiyyətlərinin öyrənilməsi istiqamətində kadrların bilik səviyyəsinin artırılması məqsədilə onların maarifləndirilməsi, öyrədilməsi, yetişdirilməsi üzrə təkmilləşdirilməsi işləri tələb olunan səviyyədə aparılmır.
Bir çoxları səhvən elə hesab edirlər ki, əgər torpaq mənimsənilirsə və burada mühəndisi qurğular quraşdırılıbsa, meliorativ tədbirlər aparılıbsa, onda torpaq istifadəçiləri tərəfindən əlavə xərc və əmək sərf edilmədən bu torpaqlardan yüksək məhsul əldə etmək olar. Halbuki xam torpaqdan fərqli olaraq mənimsənilmiş hər hektar torpaq əsrlərlə əlavə vəsait, əmək, yeni biliklər, bacarıq, təcrübə və bu sahə də əkinçiliyə yeni yanaşma tələb edir.
Meliorasiya məhsuldarlığın bünövrəsi sayılır. Tarix göstərir ki, bəzi hidromeliorativ sistemlərinin istismarı, eyni şəraitlərdə xam torpaqlardan əldə edilməsi əlçatmaz olan kənd təsərrüfatı bitkilərinin yüksək məhsulunun alınmasının davamlı təməlidir və belə təməl üzərində məhsuldarlığın digər amillərinin - gübrələrin, mexanikləşdirmənin, toxum növlərinin və aqrotexniki üsulların effektivliyi daha yaxşı nəticələr əldə etməyə imkan verir.
– Meliorasiya və Su Təsərrüfatının elmi təminatına dair fikirlərinizi eşitmək istəyir və qarşıda duran problemlərindən bir qədər ətraflı danışmağınızı xahiş edirik.
– Hazırda meliorasiya və su təsərrüfatı ölkə iqtisadiyyatının mürəkkəb problemlərini həll edə biləcək yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu sahənin gələcək inkişafı elmi-texniki fəaliyyətin səmərələşdirilməsi ilə sıx əlaqəlidir. Bu da özlüyündə sahəni yeni tədqiqatların nəticələri və layihələri ilə daha dolğun təmin etməyə, elmi-texniki tərəqqinin sürətləndirilməsinə və nəticədə elmi-texniki potensiala yönəldilən kapital qoyuluşunun geri qaytarılma imkanın artmasına şərait yaradır.
Elmi-tədqiqatların əsas istiqamətləri resursqoruyucu və tullantısız texnologiyaların işlənib hazırlanmasına, suvarma texnikasının və yüksək istehsallı torpaqqazan texnikanın yaradılmasına, aerokosmik metodların və lazer texnikasının istifadə olunmasına, avtomatlaşdırma və teleidarəetmə sistemlərinin işlənib hazırlanmasına, polimer materialların geniş istifadəsinə yönəldilməlidir.
Sahə elminin qarşısında duran məsələlər ölkə iqtisadiyyatının meliorasiyanın və su təsərrüfatının fəaliyyətinin nəticələrinə olan tələbatla təyin olunur. Ölkəmizin torpaq fondunun zonal xüsusiyyətləri (əkin torpaqlarının demək olar ki, yarısında məhsulun dayanıqsız olması, şorlaşmış və şorakətləşmiş torpaqların yayılması və s.) regional sistemlərin yaradılmasını tələb edir və tədqiqatçı kollektivin qarşısında duran problemləri təyin edir. Məsələn, ölkədə sistemlərin su təminatını çayların və yerüstü axınlarının düzgün nizamlanması, su itkilərinin qarşısının alınması hesabına artırmaq lazımdır.
Son illərdə Xəzəryanı düzənlikdə meliorativ tikintilərin aparılması bu ərazidə öz mürəkkəbliyi ilə səciyyələnən torpaqların, şoranların, yüksək minerallıqlı qrunt sularının olması ilə çətinləşir. Burada drenaj axımının ərazidən kənarlaşdırılması üzrə daha az vəsait tələb edən tədbirlərin işlənib hazırlamasına ehtiyac yaranmışdır.
Suvarılan torpaqların məhsuldarlığının artırılması, onların meliorativ vəziyyətinin yaxşılaşdırılması - elmdən torpaqların şorlaşmasına qarşı yeni mübarizə metodlarının, meliorasiya sistemlərinin istismarı prosesində torpaq-qrunt qatının vəziyyətinə operativ nəzarət üsullarının və vasitələrinin hazırlanmasını tələb edir.
Sahənin ümumi inkişafının perspektiv istiqamətlərindən danışarkən, sudan itkisiz istifadənin, suvarma normalarının azaldılmasını təmin edən meliorasiyanın yeni (o cümlədən ənənəvi olmayan) metodlarının axtarışına və hazırlanmasına xüsusi diqqət vermək, həmçinin aerozol, damcılarla suvarma və yağışyağdırma üsullarını təkmilləşdirərək inkişaf etdirmək lazımdır. Bununla yanaşı, yeni konstruksiyaların, materialların, avadanlıqların hazırlanması, meliorasiya olunmuş torpaqlarda zərərli maddələri xaric edən və bitkiləri mühafizə edən özüparçalanan və zəif təsirli kimyəvi vasitələrin yaradılması, təbii sərvətlərin səmərəli istifadəsinə və mühafizəsinə dair digər tədbirlərin aparılması ilə əlaqədar bir sıra məsələlərin həll olunması vacibdir.
Elmi tədqiqatların və axtarışların mümkün istiqamətləri haqqında yuxarıda qeyd olunan bütün fikir və düşüncələr mükəmməl meliorativ sistemlərin yaradılması məsələsində müxtəlif elmi ixtisaslar üzrə mütəxəssislərin birgə fəaliyyətinin vacib olduğunu göstərir.
Torpaqların meliorasiyasının effektivliyinin artırılmasının vacib şərtlərindən biri - elmi-tədqiqatların istehsalata geniş tətbiqi və elmi-texniki tərəqqinin sürətləndirilməsidir. Elmi-texniki tərəqqinin əsas istiqamətləri avtomatlaşdırılmış genişgötürümlü yağışyağdıran maşınların tətbiqi, suvarma sistemlərində suyun paylanmasının avtomatlaşdırılması və telemexanikləşdirilməsi, lazer texnikasının və xəndəksiz örtülü drenajın tətbiqi, polimerlərin geniş tətbiqi, quruducu-nəmləndirici sistemlərin və yeni suvarma üsullarının - damcılarla suvarmanın, sinxron-impuls, xırda dispersli (aerozol) suvarmaların inkişafıdır.
Meliorasiyanın effektivliyinin artmasının, əmək istehsalının yüksəldilməsinin, su və torpaq ehtiyatlarının səmərəli istifadə olunmasının əsas amilləri elmi-texniki tərəqqinin sürətləndirilməsindən və mütərəqqi təcrübələrin tətbiq edilməsindən ibarətdir. Buna görə də sahənin bütün bölmələrinin - axtarış və layihələndirmədən başlayaraq, kənd təsərrüfatı bitkilərinin suvarılmasına qədər fəaliyyətinin kökündən intensivləşdirilməsi zəruridir.
Azərbaycanın su və torpaq ehtiyatları məhduddur. Əgər biz təsərrüfatçılıq fəaliyyətini qənaətcilliklə aparmış olsaq, bu sərvətlər praktiki olaraq bitməz-tükənməz olar. Torpağın ehtiyatının qorunub saxlanılması tədbirlərində xalqın rifahının artırılması, Vətənimizin iqtisadi qüdrətinin möhkəmləndirilməsində ölkə Prezidenti möhtərəm İlham Əliyevin bütün tapşırıqlarını yerinə yetirməyə hər zaman hazır olan Azərbaycan melioratorlarının böyük əməyi, kifayət qədər güc, bilik, təcrübə və bacarığı vardır.

Müsahibəni apardı:
Nəriman CAVADOV,
“Respublika”.

Read 113 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497977

Currently are 89 guests and no members online