XƏBƏR LENTİ

Cümə, 01 Noyabr 2019 09:21

Yerli özünüidarəetmə və demokratik dövlət quruculuğu

Yerli özünüidarə institutunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər səlahiyyətli, müstəqil yerli özünüidarəetmə orqanlarını demokratiyanın inkişaf şərti və eyni zamanda dövlətin idarə edilməsində vətəndaşların iştirak hüququnun təmin edilməsinin əsas göstəricisi kimi yüksək qiymətləndirib.
Məhz dahi öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilərək onların işinin təşkili, səlahiyyətləri, qərarların qəbul edilmə qaydası, o cümlədən bələdiyyələrin müstəqilliyinin təminatı məsələləri öz əksini tapıb.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində rəhbərliyi təmin edən Rəhman Məmmədovun redaksiyamızın müxbirinə müsahibəsi.


– Bu il Azərbaycan Respublikasında bələdiyyələrin yaradılmasının 20 ili tamam olur. Ölkədə bələdiyyə institutunun formalaşması və inkişafı barədə qısa məlumat verməyinizi xahiş edirəm.
– Ötən illər ərzində Azərbaycanda yerli özünüidarəetmə orqanları özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynayıblar.
Müsahibəmiz “Konstitusiya Günü” ərəfəsinə təsadüf etdiyindən haşiyə çıxaraq qeyd etmək istərdim ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiya dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı, eləcə də yerli özünüidarəetmə ilə bağlı mühüm məsələləri tənzimləyir.
Konstitusiyanın qəbulundan sonra ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarəetmə ilə bağlı zəruri hüquqi baza formalaşdırılıb, bələdiyyə seçkilərinin qaydalarını, bələdiyyələrin, bələdiyyə üzvlərinin və qulluqçularının statusunu və fəaliyyət prinsiplərini, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm məsələləri tənzimləyən qanunvericilik aktları qəbul edilib. Bunların sırasında 1997-ci il 2 iyul tarixli “Bələdiyyələrin statusu haqqında”, 1999-cu il 15 oktyabr tarixli “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, 1999-cu il 30 noyabr tarixli “Bələdiyyə qulluğu haqqında”, 1999-cu il 07 dekabr tarixli “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu qanunların tətbiq edilməsi barədə qəbul edilən Prezident fərmanlarını göstərmək olar.
Ölkəmizdə ilk dəfə 1999-cu il dekabrında keçirilən bələdiyyə seçkilərində 20454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlayıb. Bələdiyyə institutunun önəmini yüksək qiymətləndirən ulu öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslardan istifadə səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılması məqsədilə ötən dövr ərzində iki dəfə bələdiyyələrin birləşməsi həyata keçirilib. 2009 və 2014-cü illərdə həyata keçirilən birləşmə nəticəsində bələdiyyələrin sayı azalaraq 1607-yə enib.
Əminliklə deyə bilərik ki, ötən 20 ilə yaxın müddət ərzində yerli özünüidarəetmənin inkişafı, təkmilləşməsi məsələləri daim dövlət rəhbərliyinin diqqət mərkəzində olub.
Təməli ulu öndər tərəfindən qoyulmuş hərtərəfli inkişaf strategiyasını uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində çox geniş, ardıcıl islahatlar həyata keçirilir, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ən mütərəqqi ideyalar, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunur, göstərilən elektron xidmətlərin dairəsi günbəgün genişlənir. Ölkədə qeyri-neft sektorunun sürətli inkişafı, iqtisadiyyatda onun xüsusi çəkisinin əsaslı şəkildə artırılması, infrastrukturun müasirləşdirilməsi sahəsində böyük layihələr reallaşdırılır.
Eyni zamanda istər milli-mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr əhalinin rifahının artırılmasında, sosial məsələlərin həllində xüsusi rol oynayır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq cəmiyyətimizdə qadınların fəallığı kifayət qədər artıb, onlar bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək ciddi nailiyyətlər əldə ediblər. Yerli özünüidaretmə sahəsində bu aktivlik əhəmiyyətli dərəcədə hiss olunur. Ötən illər ərzində keçirilən hər bələdiyyə seçkisində seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında artım müşahidə edilib. Sonuncu dəfə 2014-cü ildə keçirilən seçkilərdə 1599 bələdiyyə üzrə 14.963 bələdiyyə üzvü (9727 kişi, 5236 qadın) seçilmişdir. 30 partiya nümayəndəsinin iştirak etdiyi seçkidə seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin sayı xeyli artaraq qadınların sayı 5.236 nəfər (34.9 faiz), gənclərin sayı isə 5.450 nəfər (36.42 faiz) olub.
Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm Dövlət proqramlarında icra orqanları ilə bərabər, bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır.
Yerli özünüidarəetmənin çox geniş, əsaslı qanunvericilik bazası yaradılıb, toplanan təcrübə, müasir tələblər nəzərə alınaraq bu sahəni tənzimləyən qanunvericilik aktları vaxtaşırı təhlil edilərək daha da təkmilləşdirilib.
Hazırda Ermənistan tərəfindən işğal edilmiş yaşayış ərazilərimiz istisna olmaqla, ölkəmizdə bütün yaşayış məntəqələrində əhalinin yerli özünüidarə hüquqlarının həyata keçirilməsi təmin edilir.
– Bələdiyyələrin səlahiyyətləri əsas etibarilə hansı məsələləri əhatə edir?
– Bu sualı cavablandırmaq üçün ilk növbədə biz yerli özünüidarəetmə anİayışının mahiyyətinə toxunmalıyıq. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Sadə dildə desək, yerli özünüidarəetmə yerli əhəmiyyətli məsələlərin yerli sakinlərin özləri tərəfindən idarə edilməsi hüququ deməkdir. Əhali bu hüququ birbaşa (yerli rəy sorğusu, referendum, ümumi yığıncaqlar keçirməklə) və öz nümayəndələri vasitəsi ilə - yəni seçki yolu ilə nümayəndələrini müəyyənləşdirib bu nümayəndələrdən ibarət idarəetmə orqanları vasitəsilə həyata keçirirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə əsasən bələdiyyələrin əsas səlahiyyətləri sırasında qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə yerli əhəmiyyətli iqtisadi, sosial, mədəni, ekoloji və s. məsələlərin həlli, bu istiqamətdə proqramların hazırlanıb icra edilməsi kimi məsələlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər.
– Bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsində, onların fəaliyyətinin təkmilləşdirilməsində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nə kimi rolu vardır?
– Bələdiyyələr müstəqil qurumdur. Öz səlahiyyətlərinə aid məsələləri müstəqil, sərbəst həll edirlər, onların fəaliyyətinə müdaxilə qanunla qadağandır. Lakin bu, bələdiyyələri yerli özünüidarəetməni qanunçuluq əsasında həyata keçirilmək öhdəliyindən azad etmir. Bu baxımdan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələrin işinin qanunauyğunluğunun təmin edilməsi məqsədilə bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarət həyata keçirilir və bu vəzifə Ədliyyə Nazirliyinə həvalə edilib. Eyni zamanda, “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda müəyyən edilmiş prinsiplərə uyğun olaraq onların fəaliyyətinə inzibati nəzarətin təşkili ilə bağlı 2003-cü il 13 may tarixdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ədliyyə Nazirliyi də bu qanuna uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hər il Milli Məclisə məruzə təqdim edir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və səmərəliliyinin artırılması, onlara metodiki köməyin gücləndirilməsi, o cümlədən hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri Ədliyyə Nazirliyi üçün prioritet olmaqla daim diqqət mərkəzində saxlanılır.
Seçkilər nəticəsində müxtəlif dünyagörüşlü, hazırlıq səviyyəsi və təcrübəsi fərqli insanlar bələdiyyə üzvü seçilirlər. Onların qanunvericiliyin tələblərinə əməl etmələri üçün ilk növbədə qüvvədə olan qanunvericilik aktları, onlara edilən dəyişikliklər barədə məlumatlandırılması, eləcə də qanunvericilik aktlarının tətbiqində, işin təşkilinin digər məsələlərində köməklik göstərilməsi zərurəti vardır.
Məhz bu səbəbdən Ədliyyə Nazirliyinin Əsasnaməsində inzibati nəzarətlə yanaşı, bələdiyyələrin işinin təşkilinə kömək və onlara metodoloji yardım göstərmək vəzifəsi də nəzərdə tutulub. Bu fəaliyyətin hüquqi əsaslarını daha da gücləndirmək məqsədilə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edilməsi və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi ilə bağlı 2019-cu ilin 9 iyul tarixdə yeni maddə əlavə edilmişdir.
ümumiyyətlə, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş sahəsində fəaliyyəti iki əsas istiqaməti əhatə edir:
- Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi;
- Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi.
Hər iki istiqamət üzrə paralel olaraq ardıcıl iş aparılır.
– Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində Ədliyyə Nazirliyi tərəfindən görülən işlər barədə bir qədər ətraflı məlumat verərdiniz.
– İlk öncə qeyd etməliyəm ki, bələdiyyə üzvlərinin, qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə Bələdiyyələrlə İş Mərkəzi tərəfindən regional ədliyyə idarələri, Ədliyyə Akademiyası ilə birlikdə hər təqvim ili ərzində davamlı seminar, kurs və təlimlər keçirilir. Xüsusən aidiyyəti qanunvericilik aktlarına edilən son dəyişikliklər, qəbul edilən yeni hüquqi aktlar, onların tələbləri, həmçinin toplanmış təcrübə və aparılan təhlillər nəticəsində işin təşkilində nöqsanlara yol verilən sahələrə dair mövzulara üstünlük verilir.
Xüsusilə vurğulamaq istərdim ki, dövlət başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 6.8.1-ci bəndində yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin Ədliyyə Akademiyasında kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi ilə bağlı tapşırıq müəyyən olunub. Həmin tapşırığa, eləcə də Ədliyyə Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq tədbirlər davam etdirilir.
Cari ilin 9 ayı ərzində bələdiyyələrə hüquqi və metodoloji yardım göstərilməsi istiqamətində bir çox aktual mövzularda 180 maarifçilik tədbiri (tədris kursu, təlim, seminar) keçirilmişdir ki, bu tədbirlərə 7355 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində bələdiyyə üzvləri və qulluqçuları üçün Gəncə-Qazax iqtisadi rayonunda Şəmkir və Gəncə Regional Ədliyyə idarələri ilə birgə “Bələdiyyələrdə şəffaflıq və hesabatlılıq”, “Layihələrin hazırlanması və idarə olunması”, “Bələdiyyələrdə ictimai və özəl əməkdaşlıq imkanları”, “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” mövzularında təlimlər keçirilib.
Eyni zamanda, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi məqsədilə 25 metodik vəsait və tövsiyə hazırlanıb.
Həmin vəsaitlərdən “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu”, eləcə də “Yerli büdcənin tərtibi” vəsaiti və “Metodik sənədlər toplusu” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə yardımı ilə kitabça formasında çap edilib.
Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodoloji kömək göstərilməsində mühüm vasitələrdən biri də onların ayrı-ayrı qanunvericilik aktlarının tələbləri, konkret normaların tətbiqi ilə bağlı sorğularının tərəfimizdən cavablandırılmasıdır.
Bələdiyyələrin fəaliyyətinin təşkilinin ayrı-ayrı sahələri üzrə vəziyyətin öyrənilib ümumiləşdirilməsi, nəticələrinə uyğun müvafiq köməkliyin göstərilməsi istiqamətində Mərkəz tərəfindən regional ədliyyə idarələri ilə birlikdə ardıcıl iş aparılır.
Cari ildə Bakı bələdiyyələri üzrə Mərkəzin, regionda fəaliyyət göstərən bələdiyyələr üzrə isə regional ədliyyə idarələrinin əməkdaşları 190-a yaxın bələdiyyədə olaraq kargüzarlıq işinin, sənədlərin arxivləşdirilməsi və arxivə təhvil verilməsi, vətəndaşların qəbulunun təşkili vəziyyətini yaxından öyrənmiş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasına bilavasitə yerində əməli və metodik köməkliklər göstəriblər. Bu zaman həm də bələdiyyənin icra aparatının bələdiyyənin maliyyə imkanlarına, onun iş həcminə uyğun səmərəli formalaşdırılması məsələlərinə də diqqət göstərilərək müvafiq tövsiyələr verilib. Bu istiqamətdə işlər davam etdirilir.
Qanunvericilik pul tələblərinin icrası ilə bağlı bələdiyyələrə geniş səlahiyyət verib. Belə ki, bələdiyyələr pul tələbləri ilə bağlı məhkəmədə iddia qaldırmadan inzibati akt qəbul edə bilərlər. “İnzibati icraat haqqında” Qanunun 82.1-ci və 87-ci maddələrinin tələbinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən təmin edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
Bu sahədə bələdiyyələrin maarifləndirilməsi istiqamətində Mərkəz tərəfindən “Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası barədə” tövsiyə, eləcə də icra sənədinin tərtib olunması, borcluya göndərilməli olan bildirişin və müvafiq icra şöbəsinə ediləcək müraciət məktubunun nümunələri hazırlanaraq bələdiyyələrə göndərilib. Müsbət haldır ki, bələdiyyələrdə bu istiqamətdə aparılan işlərdə fəallıq yaranaraq real nəticələr əldə olunmaqdadır.
Vergi və ödənişlərin yerli büdcələrə yığılması sahəsində bələdiyyələrin təsir imkanlarının artırılması, ümumiyyətlə, bu sahədə mexanizmin daha da təkmilləşdirilməsi zərurəti ilə əlaqədar bələdiyyələrə bəyannamə, hesabat təqdim etməyən subyektlərin dövriyyəsinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri tənzimləyən qanunvericilik aktları tərəfimizdən təhlil edilmiş və qanunvericilikdə zəruri dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanaraq müvafiq rəy bildirilməsi üçün Vergilər Nazirliyinə göndərilib.
Hazırda tərəfimizdən bələdiyyə müəssisələrinin yaradılması istiqamətində bələdiyyələrlə maarifləndirici və təşviqedici işlər aparılır. Görülən işlərin nəticəsində bu sahədə bələdiyyələrin fəallığı müəyyən dərəcədə artmış, cari ildə 20-dən çox yeni bələdiyyə müəssisəsi təsis edilmişdir. Onların bir hissəsi artıq fəaliyyət göstərir, digər qismi isə fəaliyyətə başlaması üçün zəruri hazırlıq işlərini davam etdirir.
Bələdiyyələrin təsis etdikləri hüquqi şəxsləri ilə münasibətlərini qanunvericiliyin tələblərinə uyğun düzgün qurmaları da vacib məsələdir. Məhz bu məsələlər də tərəfimizdən öyrənilir, bələdiyyələrə müvafiq kömək edilir, tövsiyələr verilir.
Bildiyiniz kimi, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi məsələləri bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilmişdir. Bu işlərin qanunauyğun və vaxtında yerinə yetirilməsinə metodik kömək məqsədilə bələdiyyələrə müvafiq tövsiyələr verilmiş və “Yaddaş kitabçası” hazırlanaraq bütün bələdiyyələrə çatdırılmışdır. Bələdiyyələrə verilən yeni səlahiyyətlərdən düzgün, qanunauyğun istifadə olunması sahəsində onlara müvafiq kömək göstərilməsi məsələləri diqqət mərkəzində saxlanılır.
– Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyət istiqamətlərindən biri olan bələdiyyələrə inzibati nəzarət sahəsində hansı tədbirlər həyata keçirilir?
– Bələdiyyələrin fəaliyyətinin və qəbul etdikləri aktların ölkə Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğunluğunun yoxlanılması məqsədilə inzibati nəzarətin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş bələdiyyə aktlarının bir surəti qəbul edildikdən 15 gün ərzində inzibati nəzarət orqanına göndərilir. 2019-cu ilin 9 ayı ərzində Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən 56985 bələdiyyə aktına baxılıb, onlardan 1749 akt qanunsuz hesab edildiyindən dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilib. Həmin təkliflərdən 1461-i təmin edilib, digərləri isə baxılmaqdadır.
Bələdiyyələr tərəfindən 204,88 hektar torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 3971,82 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar inzibati nəzarəti həyata keçirən orqanın təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib. Bütövlükdə, 4226,7 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. İnzibati nəzarət icraatı qaydasında aparılan araşdırmalar zamanı bir sıra bələdiyyələrdə daha ciddi hüquq pozuntuları aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
– Bu gün yerli özünüidarəetmə sahəsində mövcud aktual problemlərin həlli və bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin daha da artırılması üçün hansı tədbirlər həyata keçirilir?
– Sual çox geniş cavab tələb edir. Bir müsahibədə əhatə etmək çətindir.
Əvvəla qeyd edim ki, hazırda Azərbaycanda səmərəli yerli özünüidarəetmənin həyata keçirilməsi üçün bələdiyyələrin kifayət qədər geniş səlahiyyətləri vardır. Ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyəti xeyli təkmilləşib.
Açıq hökumətin təşviqi, insan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə üzrə milli fəaliyyət planlarında, xüsusilə Azərbaycanın gələcək inkişafının strateji hədəflərini təsbit edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması məsələləri prioritet kimi müəyyən olunub. Bir çox Dövlət proqramlarında bələdiyyələrin inkişafını təmin edən, onların yerli əhali qarşısında məsuliyyətini artıran mühüm tədbirlər müəyyən edilib. Bələdiyyələr də öz növbəsində fəallıqlarını artırmalı, təşəbbüskar, yaradıcı olmalı, vəzifələrinin icrasına daha ciddi yanaşmalı və yerli özünüidarəetməni qanunçuluq prinsipi əsasında həyata keçirməlidirlər. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin vacib şərtlərindən biri yerli əhalinin, seçicilərin etimadını qazanmasıdır ki, bu məqsədlə onlar fəaliyyətlərində tam şəffaflığı və aşkarlığı təmin etməli, seçicilərə vaxtaşırı hesabat verməli, vətəndaşların müraciətlərinə həssas və diqqətli yanaşmalı, eyni zamanda yerli büdcə vəsaitlərinin ilk növbədə həlli daha vacib olan məsələlərin icrasına yönəldilməsinə xüsusi diqqət göstərməlidirlər. Əhalinin yerli özünüidarəetmə orqanlarına etimadının artırılması yerli vergi və rüsumların yığılması zamanı qarşıya çıxan problemlərin və digər vacib məsələlərin həlli istiqamətində də mühüm şərtdir. Məlumdur ki, yerli özünüidarəetmə prinsiplərinin reallaşdırılması, bələdiyyələrin fəaliyyətinin səmərəli və qanunauyğun qurulması yerli büdcə ilə birbaşa bağlıdır. Hər bir bələdiyyə qarşısında dayanan vəzifələri yalnız öz büdcəsinin imkanları həddində həyata keçirə bilər. Ona görə də yerli büdcə layihəsi ətraflı təhlil, dəqiq məlumat və hesablamalar əsasında hazırlanmalıdır. Bu məsələyə çox məsuliyyətlə yanaşılmalı, qanunvericiliklə müəyyənləşdirilmiş bütün gəlir mənbələri real səviyyədə nəzərə alınmalıdır. Təcrübə göstərir ki, bəzən yerli büdcə layihəsinin hazırlanmasına lazımi səviyyədə peşəkar və məsuliyyətli yanaşma olmur, bələdiyyənin debitor və kreditor borcları, eləcə də gəlir mənbələri üzrə (məsələn, ərazisində olan mədən vergisi obyekti, sanatoriya, kurort, mehmanxana ödənişi obyektləri üzrə) büdcəyə ödənilməli vəsaitlər nəzərə alınmır və ya real həcmdə nəzərə alınmır.
Yerli büdcə vəsaitinin xərclənməsi zamanı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa ciddi əməl edilməli, büdcənin mədaxil hissəsinin icra vəziyyətindən asılı olmayaraq əməkhaqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər kimi xərclərə sekvestr tətbiq olunmasına yol verilmədiyi nəzərə alınmalıdır. Lakin təcrübədə bələdiyyənin əməkhaqqı, sosial müdafiə ayırmaları üzrə borcu olduğu halda digər istiqamətlərə vəsait ayrılması hallarına rast gəlinir. Bələdiyyələrin xeyli hissəsinin sosial müdafiə ayırmaları üzrə borclarının yaranmasının əsas səbəblərindən biri də budur. Bəzi bələdiyyələrdə isə onların büdcə vəsaitinin 60-70 faizi idarəetmə xərclərinə sərf olunur ki, qalan maliyyə vəsaiti isə yerli özünüidarəetmənin qarşısında duran əsas vəzifələrinin icrasına kifayət etmir.
Fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə yerli özünüidarəetmə orqanlarının qarşısında duran digər vacib məsələ bələdiyyə əmlakından daha səmərəli istifadə olunmasıdır. Bu sahədə ən çox xarakterik pozuntulardan biri bələdiyyə torpaqlarının zəbti ilə bağlıdır. Yeri gəlmişkən qeyd edim ki, torpaq zəbti qanunla qadağan edildiyi və bu əmələ görə məsuliyyət nəzərdə tutulmasına baxmayaraq, bir çox hallarda insanlar zəbtlərində olan torpaq sahələrinə münasibətdə özlərini imtiyazlı hesab edirlər. Yəni torpaq sahələrinin uzun müddət onların sənədsiz faktiki istifadələrində olmasını həmin torpaq sahələrinə münasibətdə onlara üstünlük hüququ verdiyini düşünürlər.
Bələdiyyə tərəfindən zəbt hallarına qarşı təsirli tədbirlər görülməsi, ən başlıcası isə izahat işi aparılması zəruridir. Əhali arasında yaranmış digər yanlış fikir ondan ibarətdir ki, bələdiyyə öz ehtiyat fondunun torpağını mütləq onlara icarəyə verməlidir. Əvvəla məlumdur ki, bələdiyyə torpaqları yalnız hərrac və ya müsabiqə vasitəsilə icarəyə verilə bilər. Digər tərəfdən, bələdiyyələr öz torpaqlarından özləri bələdiyyə müəssisələri yaratmaqla istifadə edə bilərlər.
Həmçinin, bələdiyyələr öz torpaqlarını kiçik hissələrlə icarəyə verməkdənsə, iri, nümunəvi təsərrüfatlar yaradılması məqsədilə icarəyə verməyə üstünlük verməli, təyinatına uyğun, səmərəli istifadəyə ciddi nəzarət etməlidirlər. İcarə haqlarının vaxtında yerli büdcəyə ödənilməsi ciddi nəzarətdə saxlanılmalı, əks halda qanunamüvafiq tədbirlər görülməlidir.
Bələdiyyələrin əhalinin məşğulluğunun təmin olunması, sahibkarlığın dəstəklənməsi istiqamətində öz fəallıqlarını və təşəbbüskarlıqlarını artırmaları zəruridir. Qanunvericilikdə bələdiyyələrə təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yaratmaq hüququ verilmiş, onların fəaliyyətinin daha səmərəli həyata keçirilməsi üçün müəyyən güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, qanunvericilikdə bələdiyyə torpaqlarının heç bir haqq ödənilmədən yalnız bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxslərin istifadəsinə ayrılmasına yol verilir. Bələdiyyələr məhz bu səlahiyyətlərdən istifadə edərək müxtəlif sahibkarlıq subyektləri yaratmaqla yeni iş yerlərinin açılmasına, yerli əhalinin sosial rifahının daha da yüksəldilməsinə nail ola, eləcə də yerli büdcə üçün əlavə dayanıqlı gəlir mənbələrinin yaranmasına şərait yarada bilərlər. Göstərilənlərlə yanaşı, bələdiyyələr yerlərdə yerli adət-ənənələrin təbliği və təşviqi, onların qorunub saxlanılması, ərazinin təbii müalicəvi ehtiyatlarından və s. imkanlardan turizmin inkişafı məqsədilə istifadə olunması sahələrində fəallığı artırmalı, təşəbbüskarlıq göstərməlidirlər. Bir sözlə, bələdiyyələrin qarşısında duran vəzifələr həddən artıq çoxdur.
– Məlumdur ki, hazırda bələdiyyələrin qarşılaşdığı ən ciddi problemlərdən biri dövlət sosial sığorta ödəmələri üzrə borclarla bağlıdır. Bu problemin həlli istiqamətində hansı işlər görülür?
– Təəssüf ki, bu borclar bələdiyyələrin işlərini düzgün qurmaması, büdcə vəsaitlərindən səmərəli istifadə etməməsi, icra aparatını öz imkanlarına uyğun təşkil etməmələrinin nəticəsində yaranıb.
Ölkəmizdə aparılan sosialyönümlü islahatlar çərçivəsində dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi 2018-ci il 6 mart tarixli “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıyan qanunun tətbiqi nəticəsində borcların və maliyyə sanksiyalarının bir hissəsinin silinməsi bu sahədə mövcud problemin həllində müsbət addım olmaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər, eləcə də bələdiyyələr üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.
Bu istiqamətdə əlavə tədbirlərin görülməsi üçün Mərkəz tərəfindən Vergilər Nazirliyinə sorğu edilərək respublika üzrə bələdiyyələrin vergi, sosial sığorta və işsizlik sığortası üzrə borcları barədə məlumatlar əldə olunub. Həmin məlumatlar regional ədliyyə idarələrinə göndərilərək dövlət büdcəsindən yerli büdcə üçün ayrılmış dotasiyanın ilk növbədə bu borcların ödənilməsinə yönləndirilməsi ilə bağlı bələdiyyələrlə iş aparılması tövsiyə edilib. Habelə qeyd edilən məsələ ilə bağlı Bakı şəhəri üzrə vergi, sosial sığorta və işsizlik sığortası üzrə borcları olan aidiyyəti bələdiyyələrin sədrləri ilə Bələdiyyələrlə İş Mərkəzinin inzibati binasında müşavirə keçirilib və problemin həlli istiqamətində geniş fikir mübadiləsi aparılaraq bir sıra tövsiyələr verilib. Aparılan işlərin nəticəsində son aylarda 800 min manata yaxın borcun ödənilməsi təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir.
– Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, bələdiyyələrin xarici və yerli qeyri-hökumət təşkilatları ilə əlaqələri barədə məlumat verməyinizi xahiş edirəm.
– Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr xarici həmkarlarının təcrübəsindən səmərəli istifadə edirlər. Qeyd edim ki, ölkə qanunvericiliyi bələdiyyələrə beynəlxalq əməkdaşlıq sahəsində geniş imkanlar verir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1-ci maddəsinə əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər. 2019-cu il 9 iyul tarixdə həmin maddəyə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatlar ilə təcrübə mübadiləsinin təşkil edilməsi ilə bağlı dəyişiklik olunub.
Təqdirəlayiq haldır ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələrinin Regional və Yerli Hakimiyyətlər Nümayəndələrinin Konfransı və digər nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar münasibətlər qurulub. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvləri, milli assosiasiyaların sədrləri, bələdiyyə sədr və üzvlərindən ibarət nümayəndə heyətləri həmin təşkilatların müxtəlif xarakterli tədbirlərində, o cümlədən plenar sessiyalarda və müvafiq komitələrin iclaslarında iştirak edir, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə təmaslar yaradaraq təcrübə mübadiləsi aparır, ölkəmizi layiqincə təmsil edirlər.
Bələdiyyələrimizin, həmçinin Türk Dünyası Bələdiyyələr Birliyi ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif dövrlərdə təcrübə səfərləri təşkil edilib, qarşılıqlı əməkdaşlıq sazişləri imzalanıb. Göstərilənlərlə yanaşı, Azərbaycan bələdiyyələrinin Rusiya, Gürcüstan, Almaniya, Avstriya, Latviya, Litva, Estoniya kimi ölkələrin yerli özünüidarəetmə orqanları və onların yaratdıqları milli ittifaq və birlikləri ilə də sıx əməkdaşlıq əlaqələri qurulub, qarşılıqlı səfərlər təşkil edilir, təcrübə mübadiləsi həyata keçirilir. Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin xarici əlaqələrinin genişlənməsinə, xarici və yerli qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmalarına, sağlam niyyətli təşkilatların layihələrində fəal iştirak etmələrinə çalışır. Mərkəz uzun müddətdir ki, Almaniya, Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlığı həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində bələdiyyə assosiasiyalarının sədrlərinin, bələdiyyə sədrlərinin Almaniyaya səfərləri təşkil olunmuş bələdiyyə idarəçiliyi, bələdiyyələrin iş təcrübəsi ilə yaxından tanışlıq təmin edilib.
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Merlər iqtisadi inkişaf naminə” layihəsinə qoşulmaq istiqamətində bələdiyyələrimizin passivliyinin aradan qaldırılması məqsədilə onlara müvafiq tövsiyələr verilir. Son dövrdə aparılan təbliğat və maarifləndirici tədbirlər nəticəsində bu layihəyə qoşulan bələdiyyələrimizin sayı 5-ə çatıb. Bu istiqamətdə işlər davam etdirilir.
Bələdiyyələrimizin ölkəmizin vətəndaş cəmiyyəti qurumları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində də iş aparılır. Mərkəzdə bir qrup qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yerli özünüidarəetmənin aktual məsələləri ilə bağlı görüş keçirilib, həm bilavasitə Mərkəzlə, həm də bələdiyyələrlə, bələdiyyə assosiasiyaları ilə fəal əməkdaşlığa dəvət ediliblər.
Bizim şəhər, qəsəbə və kənd bələdiyyələrin milli assosiasiyaları ilə də sıx əlaqələrimiz var. Bu assosiasiyaların bələdiyyələri təmsil etmək, xarakterik nöqsanların, problemlərin ümumiləşdirilməsi və yerli özünüidarəetmə ilə bağlı digər məsələlərdə rolu vacibdir. Bələdiyyələrlə İş Mərkəzi assosiasiyalarla daha fəal qarşılıqlı əməkdaşlığın, assosiasiyaların öz fəaliyyətlərini daha da genişləndirməsinin tərəfdarıdır və assosiasiya sədrləri ilə keçirilən görüşlərdə bu mövqe onların diqqətinə çatdırılıb.
– Qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Bu seçkilərdən gözləntiləriniz?
– Bəli, təxminən iki aydan sonra ölkəmizdə növbəti - beşinci bələdiyyə seçkiləri keçiriləcək. Hər seçkidən sonra yeni tərkib bələdiyyə üzvləri sırasında ali təhsilli, təcrübəli şəxslərin, qadınların, gənclərin sayı artıb. Bu seçkinin nəticələrində də bu ənənənin davam edəcəyinə, bələdiyyə idarəçiliyində daha savadlı və təcrübəli, yerli sakinlər arasında daha çox hörmətə və etimada malik, təşəbbüskar və işgüzar şəxslərin sayının artacağına əminəm. Əminəm ki, seçkilər mütəşəkkil keçəcək, vətəndaşlarımız səsvermədə aktiv iştirak edəcəklər.
20 il ərzində bələdiyyələrimiz böyük formalaşma və inkişaf yolu keçiblər. Ölkəmizin hərtərəfli, sürətli inkişafı şəraitində onların fəaliyyəti daha da təkmilləşməli, yerli özünüidarəetmənin inkişafı üçün yaradılmış imkanlardan bəhrələnərək öz fəallıqlarını, təşəbbüskarlıqlarını artırmalıdırlar.
Fəaliyyəti ilə seçilən, abadlıq işlərində, xeyriyyəçilik və s. sahələrdə fəal olan bələdiyyələrimiz var. Onların fəaliyyətinin işıqlandırılmasına, müsbət təcrübələrinin digər bələdiyyələr arasında yayılmasına diqqət daha da artırılmalıdır. Bələdiyyə seçkisi öncəsi xüsusilə vacibdir ki, vətəndaşlarımız ayrı-ayrı bələdiyyələrin müsbət mənada fərqlənən fəaliyyətləri barədə ətraflı məlumat alsınlar. Bu istiqamətdə tərəfimizdən bələdiyyələrin assosiasiyalarını da cəlb etməklə müvafiq tədbirlər görülməkdədir. Bir sözlə, Mərkəzin qarşısında xeyli vəzifələr var və həmin vəzifələrin icrası istiqamətində ardıcıl işlər aparılır. Bələdiyyələrlə İş Mərkəzi müvafiq qanunvericilik aktlarını, Əsasnaməsini, Ədliyyə Nazirliyinin Kollegiya qərarlarını rəhbər tutaraq Nazirliyin digər qurumları, o cümlədən regional ədliyyə idarələri, Ədliyyə Akademiyası və digər aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə öz fəaliyyətini davam etdirir.

Müsahibəni apardı:
İlham PƏNAHOV,
“Respublika”.

Read 133 times