XƏBƏR LENTİ

Cümə, 17 Fevral 2017 09:10

Əli Əhmədov: Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendum” dünya birliyi tərəfindən tanınmayacaq

Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qanunsuz “referendum” dünya birliyi tərəfindən tanınmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi qeyri-qanuni “referendum”a münasibət bildirərkən deyib.

Baş nazirin müavini bildirib ki, istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. Problemin bu günə qədər həll olunmaması bu yanaşmanı dəyişməyib.

Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bir qarış torpağımız belə Azərbaycan ərazisindən ayrıla bilməz. O ki qaldı, ermənilərin “referendum” keçirməsinə, bunun bütövlükdə problemin həllinə, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar bu “referendum”u tanımayacaq. “Referendum” və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri ilə bağlı mövqeyinə hər hansı təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizamlanması ilə bağlı aparılan işlərin müəyyən qədər çətinliyə salınması məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər.

AZƏRTAC

 

 

 

Read 45 times