XƏBƏR LENTİ

Şənbə, 04 Fevral 2017 11:46

Alla Kordoves: Azərbaycanda turistləri, xüsusən Rusiyadan olan turistləri sevirlər

Statistika və sorğular təsdiq edir ki, getdikcə daha çox rusiyalı turist Şərq nağılını xatırladan mehriban və komfortlu bir diyara - Azərbaycana maraq göstərir. Nə üçün qastronomik turlar bu qədər populyardır? Şahdağ kurortunda özün üçün nə kəşf edə bilərsən? Nə üçün rusiyalılar Bakını Avropanın digər şəhərlərindən üstün tuturlar?

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada ilk turizm operatoru olan “Tour a vent” şirkətinin icraçı direktoru Alla Kordoves Dmitri Savelyevin başçılıq etdiyi Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun mətbuat xidmətinə bu və bir çox digər məsələlərdən danışıb.

 

-Siz Azərbaycanı turizm istiqaməti kimi Rusiyada təbliğ etməyə birinci başlamısınız. İşləriniz nə dərəcədə uğurlu oldu?
-Biz cəmi bir il əvvəl işə başladıq, amma deyə bilərəm ki, çox şeyə nail olduq. Çünki Azərbaycanı məhz gözəl istirahət guşəsi kimi tanıtmaq üzərində çox intensiv işlədik. Təqdimatlar keçirdik, imkanlardan, otellərdən, infrastrukturdan danışdıq, bir neçə press-tur təşkil etdik, ölkəni, onun bölgələrini jurnalistlərə göstərdik, Azərbaycanda görə biləcəkləri maraqlı nə varsa, hamısı barədə məlumat verdik. Apreldə Kazan və Ulyanovsk ilə yol şouları keçirildi. Artıq bir il keçəndən sonra turizm istiqaməti kimi Azərbaycan barədə həm rusiyalı turistlər, həm də turizm şirkətləri daha məlumatlıdırlar.
-Bir neçə il əvvəl deyilirdi ki, Azərbaycanın turizm infrastrukturunda dəbdəbəli otellər var, amma ekonom-klass üçün istirahət yerləri azdır. Bəs indi bu sahədə vəziyyət necədir?
-Belə bir fikir formalaşmışdı ki, Azərbaycan çox bahalı ölkədir. Əslində, belə deyildir. Yüksək dərəcəli, dörd-beş ulduzlu otellərin həqiqətən də üstünlük təşkil etməsinə baxmayaraq, onların qiyməti tamamilə münasibdir. Bundan əlavə, otel zəncirlərinin genişlənməsi, ekonom-otellərin və hostellərin tikintisi istiqamətində işlək proqram həyata keçirilir. Dövlət bu işi çox fəal dəstəkləyir.
-Hansı turlar rusiyalı turistlər arasında daha populyardır? İstirahət günü turlarına nə dərəcədə tələbat var?
-İstirahət günü turları ən populyar məhsuldur. Axı heç tanımadığı bir ölkəyə uzun müddətə getməyə hər kəs cürət etməz. İnsanlar baxmalı, tanış olmalı, onlarda müəyyən ilkin təəssürat yaranmalıdır. Sonra turistlər geri qayıdır və özlərinə uyğun nə isə seçirlər. Axı Azərbaycanın əsas üstünlüklərindən biri budur ki, bu ölkədə mövsümilik yoxdur. Bura həm yayda, həm də qışda gəlmək olar. Çimərlik istirahəti həvəskarları üçün gözəl çimərlikləri olan otellər var. Xizəkdə sürüşmək istəyirsinizsə, buyurun gəlin. Ekskursiya proqramları lazımdırsa, onlar çox genişdir. Ümumiyyətlə, Azərbaycanda baxmalı-görməli yerlər çoxdur və hər kəs özü üçün maraqlı nə isə tapa bilər.
-Proqramınızda qastronomik turlar da var?
-Ah bu Azərbaycan mətbəxi! İnsanlar adi tura gedir və beş kiloqram kökəlirlər. Axı özünü saxlamaq olmur! Odur ki, qastronomik turlar həqiqətən çox populyardır: hər bir bölgənin mətbəxini öyrənmək maraqlıdır, çünki Azərbaycanın az qala hər bir şəhərinin mətbəxi özünəməxsus özəlliyi ilə şöhrət qazanıb. Şəkini götürsək, burada çox dadlı şirniyyat və piti bişirilir. Bakı mətbəxinin öz ləzzəti var. Hə, bir də şərab turları var. Odur ki, istənilən zövqə və cibə uyğun nə isə seçmək olar. İnsanlar da seçir və razı qalırlar.
-Azərbaycanda ekoloji turizmə nə dərəcədə tələbat var?
-Bu da çox səmərəli istiqamətdir. Azərbaycan özünün təbiət parkları ilə şöhrət qazanıb. Özü də onu 9 iqlim qurşağının bərqərar olduğu ölkə adlandırırlar. Tutaq ki, Bakıdan Gəncəyə gedirsən və yolboyu təbiətin, bitkilər aləminin və havanın necə dəyişdiyini müşahidə edirsən. Faktiki olaraq, hər 100 kilometrdən bir yeni iqlim qurşağına düşürsən. Əlbəttə, belə turizmə tələbat var, çünki inanılmaz hisslər keçirirsən.
-Şahdağa turlar nə dərəcədə müvəffəqiyyətlə satılır?
-Biz bu işə yenicə başlayanda müştərilərimizdən heç biri hətta uzaqdan-uzağa təsəvvürünə gətirmirdi ki, Azərbaycanda dağ-xizək kurortu var. Bu fakt çoxları üçün ən böyük kəşf oldu. Axı bu necə ola bilər? Əslində, Azərbaycanda ideal iqlim və dağlar var. Şahdağ isə dağ xizəkçiləri üçün çox münasib yerdir. Orada mürəkkəb trasların bütün növləri mövcuddur. Layihədə kurortun genişləndirilməsi və rekreasiya zonalarının inkişafı da nəzərdə tutulub ki, burada xizək və snoubordlarla sürüşməklə bərabər, başqa imkanlar da açılsın. Tikililərdən tutmuş aksesuarlara qədər texniki baxımdan hər şey yüksək səviyyədədir. Bu il Şahdağ son dərəcə populyardır.
-Marşrutları genişləndirmək planlaşdırılırmı?
-Zənnimcə, indi əlimizdə olanları fəal satmaq lazımdır. Azərbaycan turizmini hələ çox adam nə görüb, nə də kefini çıxarıb. Buna baxmayaraq, biz imkanları genişləndirməyi, daha çox göstərməyi də planlaşdırırıq. Özü də göstərməli yerlər çoxdur. Məsələn, Göygöl. Dağların qoynunda yerləşən bu səfalı təbiət guşəsi inanılmaz dərəcədə gözəldir. Ekoloji marşrutları genişləndirməyə həqiqətən ehtiyac var.
-Azərbaycanı məhz rusiyalı turistlər üçün çox cəlbedici və komfortlu ölkə adlandırmaq olarmı?
-Əlbəttə, uzağa uçmursan, viza lazım deyil, dil əngəli yoxdur. Bütün Şərqdə olduğu kimi, Azərbaycanda da turistlərə böyük hörmətlə yanaşırlar. Nəhayət, azərbaycanlılar qardaş xalqdır. Bu ölkədə Rusiyanı sevirlər. Azərbaycan qonaqpərvərliyi isə sovet dövründən hamıya məlumdur.

AZƏRTAC

 

 

 

Read 124 times